Gənc əsgərlər Vətənə sədaqət andı içdilər - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Gənc əsgərlər Vətənə sədaqət andı içdilər - FOTOLAR

Müdafiə Nazirliyinin Ağcabədi rayonunda yerləşən N hərbi hissəsində gənc əsgərlər Vətənə sədaqət andı içiblər.

Publika.az xəbər verir ki, valideynlərin iştirakı ilə keçirilən mərasimin əvvəlində meydana təntənəli marşın sədaları altında hərbi hissənin Döyüş Bayrağı gətirilib. Dövlət himnimiz oxunub, gənc əsgərlər Vətənə sədaqət andı içiblər.

Çıxış edənlər Vətənə, dövlətə sədaqət andı içərək torpaqlarımızı şərəflə qorumaq məsuliyyətini öz üzərlərinə götürən gənc əsgərlərə xidmətlərində uğurlar arzulayıb, silah və texnikanın sirlərini dərindən öyrənərək döyüş qabiliyyətlərini daim artırmalarını, işğal altındakı torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda döyüşə hər an hazır olmalarını tövsiyə ediblər.

Ölkəmizdə bütün sahələrdə olduğu kimi, ordu quruculuğunda da qazanılan uğurlardan danışan natiqlər bildiriblər ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son vaxtlar silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi, döyüş və mənəvi-psixoloji hazırlığın gücləndirilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb.

Zabit Namiq Cavadov çıxışında bildirib ki, Azərbaycan əsgəri torpaqlarımızın keşiyində ayıq-sayıq dayanaraq, öz müqəddəs missiyasını şərəflə yerinə yetirir. Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı hər an azad etməyə hazırdır.

Sonda əsgərlər valideynləri ilə görüşüb, hərbi hissədə yaradılan şəraitlə tanışlıq olub.

Fevralın 14-də Müdafiə Nazirliyinin Sumqayıtda yerləşən N hərbi hissəsində də gənc əsgərlər Vətənə sədaqət andı içiblər.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə hərbi hissənin həyətındə ucaldılan ümummilli lider Heydər Əliyevin büstü önünə tər çiçəklər düzüblər. Sonra Ulu Öndərin və vətənimizin azadlığı və suverenliyi uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dövlət himni ifa olunduqdan sonra müdafiə naziri, general-polkovnik Zakir Həsənovun hərbi hissənin şəxsi heyətinə təbrik məktubu oxunub. Hərbi hissənin döyüş bayrağı meydana gətirilib və gənc əsgərlərin təntənəli hərbi keçid və andiçməsi olub.

Mərasimdə çıxış edən hərbi hissənin komandiri Qurban Qurbanov, korpus komandirinin müavini, polkovnik İlqar Lətifov, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Faiq Kərimov, ictimaiyyət nümayəndələri və valideynlər gənc əsgərlərə nümunəvi, nizam-intizamla xidmət etməyi, silah və texnikanın sirlərini dərindən öyrənərək döyüş qabiliyyətlərini artırmağı tövsiyə ediblər. Gənc əsgərləri işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda döyüşə hər an hazır olmağa və hərb işinə mükəmməl yiyələnməyə çağırıblar.

Gənc əsgərlər adından çıxış edən Elşad Fətəliyev onlara göstərilən etimadı layiqincə doğruldacaqlarını, hərbi biliklərə səylə yiyələnəcəklərini, xalqa sədaqətlə xidmət edəcəkərini, Vətənə xidmətdən qürur duyduqlarını bildirib.

Mərasimdə kəşfiyyatçı əsgərlərin nümunəvi çıxışları maraqla izlənilib. Tədbirdə Sumqayıt şəhər 6 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında vətənpərvərlik ruhunda şeirlər səsləndirilib.

Hərbi hissənin komandiri andiçmə mərasiminin başa çatması barədə raport verdikdən sonra iştirakçılara konsert proqramı təqdim olunub, valideynlər övladları ilə görüşüblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm