Nida.az
Sərdar Cəlaloğlu: “Gözləməyin, 12-ci imam gəlməyəcək” – ÜZ-ÜZƏ
O, müxalifət cəbhəsində təmsil olunur, lakin bir çox hallarda onu hədəf seçənlərin böyük əksəriyyəti də elə müxalifətçilərdir. Bəzən onu iqtidara işləməkdə, bəzən müxalifəti parçalamaqda, bəzən də qeyri-real fikirlər səsləndirməkdə ittiham edirlər. O isə belə düşünmür, doğru bildiyindən geri çəkilənə bənzəmir və nə qədər acı olsa da, həqiqəti deməkdə israr edir. Bizimlə söhbətində də elmdən tutmuş, siyasətə qədər bir çox məqamlara toxundu. Publika.az-ın "Üz-üzə" layihəsinin növbəti qonağı daim qalmaqallı fikirləri ilə seçilən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğludur.
- Necəsiniz, Sərdar bəy, işləriniz necədir?
- Belə də, gedir yavaş-yavaş. Siyasi işlərlə yanaşı, elmi
işlərim də davam edir. Hazırda Qurani-Kərimin elmi-fəlsəfi izahını
yazıram. Bu, təqribən, 10 cildlik kitab olacaq. Bu kitabın böyük
hissəsini artıq yazmışam.
- Bir neçə il öncə demişdiniz ki, yeni elmi əsər
yazırsınız. Axırı necə oldu?
- O, "Kondisiologiya" elmi idi. Onu yazıb başa
çatdırmışam. Məhz bu elmin prinsiplərini indi Qurani-Kərimə də
tətbiq etmişəm. Bu əsər isə Qurani-Kərimin indiyədək İslam
alimlərinin dərk edə bilmədiyi yeni səviyyədə dərk edilməsi üçün
nəzərdə tutulur. Yəni, Qurani-Kərimin dərin mənada dərk edilməsi
üçündür.
- Yəni batini mənasını?
- Sizin dilinizlə desək, elədir.
"Molla Nəsrəddinin lətifələrində min illər öncə Qərbin
sonralar kəşf etdiyi elmlər açıq şəkildə izah
olunur"
- Bəs sizin dilinizlə necədir?
- Qurani-Kərimin dərinliklərində böyük elm yatır və bunu üzdən
oxumaqla dərk etmək mümkün deyil. Bilirsiniz, bir neçə məntiq üsulu
mövcuddur ki, bunlardan biri də paralel məntiqdir. Paralel məntiq
odur ki, mən bir fikir söyləyərəm, ancaq bunu hər kəs ayrı cür başa
düşər. Halbuki bu cümlə eynidir. Əgər bir cümlə iki fərqli məna
verirsə, buna paralel məntiq deyilir. Adətən, paralel məntiqdən
lətifələrdə istifadə olunur. Misal üçün, bir fransız Molla
Nəsrəddinin kəndinə gəlib deyir ki, istəyirəm mən Azərbaycan
alimlərinin savadını yoxlayım. Kənd camaatı fransız alimin
qarşısına Molla Nəsrəddini çıxarır. Molla isə fransız dilini
bilmədiyini söyləyir. Mollaya deyirlər ki, narahat olma, işarə ilə
bir-birinizi başa salacaqsınız. Fransız alim yerə bir dairə çəkib,
Mollanın üzünə diqqətlə baxır. Molla Nəsrəddin isə həmin dairənin
tən ortasından iki xətt çəkir. Fransız alim bunu görüb tərcüməçiyə
deyir ki, Molla çox savadlı alimdir. Deyir niyə? Fransız alim isə
deyir ki, mən Mollaya dedim ki, dairənin mərkəzini necə təyin etmək
olar? O da dərhal dedi ki, həmin mərkəzdən keçən iki xəttin
kəsişdiyi nöqtə diametrin mərkəzidir. Fransız alim gedəndən sonra
kənd camaatı Mollaya sual edir ki, ay Molla, sən bu fransızın
dilindən necə anladın? Molla da qayıdıb deyir ki, bunu bilməyə nə
var, fransız mənə çörək şəkli çəkib dedi ki, əgər sənin bir çörəyin
olsa, mənə nə qədər verərsən? Mən də dedim ki, biz evdə 4 nəfərik,
adama bir parça güclə düşür. Baxın, paralel məntiq də məhz budur?
Burada iki məntiqi cavabın biri gülməli, digəri isə
düşündürücüdür.
Digər bir misal deyim. Bir gün Molla ət alıb evə gətirir. Arvadına
deyir ki, bişirsin. Arvad da həmin əti bişirib öz rəfiqələri ilə
yeyir. Səhəri günü kişi evə gələndə ət istəyir, arvadı isə deyir
ki, əti pişik yeyib. Molla dərhal pişiyi tərəziyə qoyub çəkir.
Görür ki, pişiyin çəkisi dəyişməyib. İlk baxışdan bu, gülməli
görünsə də, burada Lomonosovun irəli sürdüyü "maddənin itməməsi və
saxlanması" qanununun çox sadə şəkildə ifadə olunmasıdır. Yəni,
burada Molla deyir ki, enerjinin saxlanması və itməməsi qanununa
görə, əgər ət pişiyə keçibsə, o zaman pişiyin çəkisi niyə
çoxalmayıb? İlk baxışda biz buna gülürük. Ancaq dərindən düşünəndə
görürsən ki, bu bir elmdir. Fikir verin, Molla Nəsrəddinin adı ilə
bağlı iki lətifə söylədim, birində həndəsə, digərində isə fizika
elmi əks olunub. Molla Nəsrəddinin biologiya, astronomiya və digər
elmlərlə bağlı lətifələri mövcuddur. Təsəvvür edin ki, Molla
Nəsrəddinin lətifələrində min illər öncə Qərbin sonralar kəşf
etdiyi elmlər açıq şəkildə izah olunur.
- Siz o vaxtı demişdiniz ki, "Kondisiologiya" elmi ilə
bağlı yazdığınız kitabı Roma papasına da təqdim edəcəksiniz...
- O vaxt mən bununla bağlı əlaqə saxladım. Bilirsiniz,
dinlə elmin uzlaşmadığı əsas nöqtə odur ki, söz necə maddəyə
çevrilə bilir. Mən bunun nəzəriyyəsini hazırlamışam və Azərbaycan
Müəllif Hüquqları Agentliyindən sertifikatını da almışam. Bu
nəzəriyyəmdə kosmik dəyişmələrdən bəhs edilir. Misal üçün,
indiyədək biz vulkanların, zəlzələlərin səbəbini Yer kürəsində
axtarmışıq. Sən demə, planetimizdə zəlzələ və vulkanların baş
verməsinin səbəbləri heç də Yer kürəsi ilə əlaqəli deyil. Misal
üçün, dənizin qabarması nə ilə əlaqədardır? Ayla əlaqədardır. Ay
yaxınlaşanda dənizdə çəkilmə, uzaqlaşanda isə qabarma baş verir.
Əgər dənizin qabarması və çəkilməsi hadisəsi təsdiq edirsə ki, bu
ayla əlaqədardır, deməli, digər bu kimi proseslər də var və onların
da qətiyyən Yer kürəsinə aidiyyəti yoxdur. Bütün bunlarla bağlı
nəzəriyyə hazırlamışam. Bu nəzəriyyədə izah olunur ki, Yer
kürəsində vulkanların, zəlzələlərin baş verməsi, asteroidlərin,
meteoritlərin yaranması, Günəşdə partlayışlar, "Bermud üçbucağı"nda
baş verən hadisələr, qeyri-texniki səbəblərdən baş verən
aviaqəzalar və s. kosmik obyektlərin qəzaya uğraması ilə bağlıdır.
ABŞ-ın NASA agentliyi neçə illərdir ki, kosmosa göndərdiyi bəzi
obyektlərinin qəfildən qeyri-texniki səbəblərdən yoxa çıxmasının
səbəblərini hələ də izah edə bilmir. Misal üçün, təyyarədə qəfildən
bütün cihazlar idarəolunmaz vəziyyətə düşür. Niyə bu baş verir? Bu
gün bunu izah edən heç bir məlumat yoxdur. Ancaq mən öz
nəzəriyyəmdə bütün bunların hamısının izahını vermişəm və
Azərbaycan Müəllif Hüquqları Agentliyindən bunun sertifikatını da
almışam.
Mən dilçiliklə də bağlı nəzəriyyə hazırlamışam. Bilirsiniz ki,
dilçilik müxtəlif sahələrə bölünür. Ancaq mənim hazırladığım
nəzəriyyə səsdən tutmuş hərflərə qədər, bütün dilçilik vahidlərini
izah edir. Ümumiyyətlə, nəzəriyyə bu cür universal olduğu təqdirdə
nəzəriyyəyə çevrilir. Yoxsa ki, kimsə bir nəzəriyyə hazırlayır.
Həmin nəzəriyyəni bir barmağa tətbiq edəndə doğru, digərinə tətbiq
edəndə yanlış olur. Bəs bunun harası nəzəriyyə oldu? Məcbur olub
digər barmaqlara da ayrıca nəzəriyyə hazırlayırsan. Eyni zamanda
dinozavrların ölümü və bitkilərin kiçilməsi ilə bağlı da yüz cür
nəzəriyyələr mövcuddur. Ancaq onların heç biri özünü doğrultmayıb.
Mənim verdiyim nəzəriyyə həm biologiyada, həm də fizikada baş verən
prosesləri eyni qaydada izah edir. Heç kəs üçün də bunu təkzib
etməyə yer qalmır.
Sərdar Cəlaloğlu "Bermud üçbucağı"nın sirrini
açır
- "Bermud üçbucağı" ilə bağlı sizin nəzəriyyəniz nədən ibarətdir?
Bilmək olarmı?
- "Bermud üçbucağı"nın səbəbi Yer planeti ilə bağlı deyil.
Mən öz nəzəriyyəmdə bütün bunların izahını vermişəm. Hələlik isə
tam açıqlamıram.
Mən metekinetik hərəkətlər nəzəriyyəsini hazırlamışam. Nədir bu
nəzəriyyə? Metekinetik nəzəriyyə odur ki, bir otaqda oturaraq,
digər otaqda nə isə yaradırsan. Misal üçün, bir otaqda oturub,
digər otaqda avtomobil hazırlayırsan. Bu, hərəkətin xüsusi bir
formasıdır və hər kəsin ağılına gəlməz. Bütün bunlar kinetik
hərəkət sayılır. Biri də var ki, mən öz hərəkətimi heç yerə
ötürmədən, oturduğum otaqda nə isə hazırlaya bilirəm. Bu, necə ola
bilər? Bizim bədənimizdə xərçəng xəstəliyi ilə bağlı metastaz
mövcuddur. Metastaz necə olur? Xərçəngin mədədə olmasına
baxmayaraq, bir də görürsən ki, insan beynində hüceyrə düzəldib.
Bəs bu, necə mümkün olur? Biz bunu axtarırıq, ancaq heç bir yolu
yoxdur. Bütün bunlar metekinetik hərəkət adlanır.
Yaxud da metomarfoza var. Misal üçün, kəpənək əvvəlcə tırtıl olur,
sonra barama düzəldərək onun içərisinə daxil olur, daha sonra isə
oradan qanadlı həşərat olaraq çıxır. Biz görürük ki, təbiətdə
kəpənək istisna olmaqla, heç bir canlı metomarfozaya məruz qalmır.
O zaman bu nə deməkdir? Bəs tırtıl necə qanadlanıb uçur? Axı bu,
tamamilə fərqli yaşam formalarıdır. Bütün bunları izah edən əlavə
nəzəriyyə hazırlamışam. Onu da deyim ki, hazırladığım bütün
nəzəriyyələrin mahiyyətini Qurani-Kərimdən götürmüşəm. Yəni,
Qurani-Kərimdə hikmətdir, mən də onu əqli elmə çevirmişəm. İnsanlar
Quranı çətin başa düşdükləri üçün, müqəddəs kitabda ayələrin nə
dediyini anlamırlar.
Türkiyədə də belə bir tendensiya mövcuddur ki, hər hansı alim bir
kəşfə imza atır, insanlar deyir ki, o alimin kəşfi Qurani-Kərimin
ayəsini təsdiq etdi. Halbuki, Qurani-Kərim özündən əvvəlki bütün
kitabları təsdiq edən kitabdır. Bu da o deməkdir ki, Qurani-Kərimi
təsdiq edən elm ola bilməz. Quran özü digər elmləri təsdiq
etməlidir. Misal üçün, Darvinin "Təkamül nəzəriyyəsi" Quranla da
təsdiq edilmir. Quranda deyilir ki, insan Allah tərəfindən
yaradılıb, amma Darvin deyir ki, insan meymundan əmələ gəlib.
Bundan əlavə, Ziqmund Freydin psixoanaliz elmi də Quranda təsdiq
edilməmişdi. Sonralar bu nəzəriyyə iflasa uğradı. Həmçinin, Mixail
Lomonosov deyirdi ki, enerji itmir və saxlanır. Ancaq Quranda
deyilir ki, qiyamət günü baş verən kimi hər şey məhv olacaq.
Lomonosovun nəzəriyyəsi də özünü doğrultmadı və iflasa uğradı.
Qurani-Kərim Darvini, Frendi və Lomonosovu təsdiq etmədiyi üçün
onların nəzəriyyəsi cəfəng idi. Ona görə də yaddan çıxdı getdi.
İslamda məzhəbliyi Aristotel və Platon
yaradıb?
- Maraqlıdır ki, bütün elmlərin əks olunduğu Qurani-Kərim Şərqdə
meydana çıxdı, amma bu gün bütün elmlər Qərbdə
doğulur.
- İslam yaranandan sonra müsəlmanlar 600 il dünyaya ağalıq ediblər
və bütün xristianlara nümunə olublar. Ancaq 19-cu əsrdən sonra
xristianlar inkişaf etməyə, müsəlmanlar isə geriyə getməyə
başladılar. Peyğəmbərdən sonra zərurət yarandı ki, İslamı yenidən
başa düşsünlər. O zaman da İslam alimləri Avropa fəlsəfəsinə
müraciət etdilər. Bu isə anti-yunan fəlsəfəsi idi. Anti-yunan
fəlsəfəsi çoxallahlıq dövründə meydana çıxmışdı. Bu isə o demək idi
ki, həmin dövrün fəlsəfəsi yalnız və yalnız təkallahlığı inkar
edirdi. İslamın bütün böyük alimləri Aristoteli, Platonu və Sokratı
oxuyublar. Bunların hamısı təkallahlığı inkar edən cəmiyyətin
dünyagörünüşünü formalaşdırırdılar. İndi bunlarla necə İslamı irəli
aparmaq olardı? Bu alimlər Aristoteli və Platonu Qurana tətbiq
edəndən sonra İslamda dini məzhəb və təriqətlər meydana çıxıb.
Gözləməyin, 12-ci imam gəlməyəcək
- Yəni təriqətlər müsəlman alimlərinin Qərb fəlsəfəsinə
müraciətindən sonra peyda oldu?
- Bütün dini məzhəblər və təriqətlər, sünnilik, şiəlik və digərləri
İslamın əleyhinədir. Bunların İslama heç bir bağlılığı yoxdur. Şiə,
sünni müsəlmandır, ancaq İslam deyil. Allah buyurur ki, mənim bir
yolum var, o da İslamdır. Bu yolum da mənim əmrlərimdən ibarətdir.
Təriqət və məzhəblər isə onların liderlərinin əmrlərindən ortaya
çıxıb. Misal üçün, şiəliyin başında İmam Cəfər, digərinin başında
isə Hənəfi dayanıb. Əgər biz doğrudan da Allahın yolu ilə
gediriksə, o zaman bizə niyə şiə deyirlər? Niyə deyirlər ki, siz
Əli tərəfdarısınız. Sən necə Əli tərəfdarı ola bilərsən? Sən
Allahın tərəfdarı olmalısan. Deməli, sən Həzrəti Əlini Allaha şərik
qoşursan. Hətta Hindistanda yaşayan şiələr var ki, onlar Əlini
Allah adlandırır. Hindistanda başqa şiə qrupları da var ki, onlar
da Əliyə Peyğəmbər deyirlər.
Türkiyədə Ələvilər var, onlar da deyirlər ki, Həzrəti Əli məsciddə
namaz qıldığı üçün öldürüldüyünə görə nə məscidə getmək, nə də
namaz qılmaq olmaz. Onların sayı 10 milyona yaxındır, ancaq heç
biri məscidə gedib namaz qılmırlar. Allah buyurur ki, gedib məscidə
namaz qılın, bunlar isə deyir ki, Həzrəti Əli xətrinə Allahın
əmrindən boyun qaçırın. Məgər bu İslamdır? Hələ təkcə bu deyil.
İndi 12-ci imamın qeyb olduğunu deyirlər. Bilirsiniz ki, qeyb olmaq
Allahın yanına getmək deməkdir. Allah da buyurur ki, mən bu dünyanı
ləğv etmədən axirət aləmi yaratmaram. Yəni, bir çox adamlar elə
bilir ki, axirətlə indiki dünya paralel olaraq mövcuddur. Quranda
isə yazılır ki, bu dünya götürüləndən sonra yerinə başqa aləm
gətiriləcək. Bu dünyada cənnətlə cəhənnəm iç-içədir. Ancaq o biri
aləmdə ayrı-ayrı olacaq və insanlar da ayrı-ayrı yerlərə
gedəcəklər. Yəni, indi qiyamət olmadığı üçün heç kəs axirətə gedə
bilməz. Bəs o zaman 12-ci imam necə qeybə çəkilib?
- Deyirsiniz ki, çoxlarının gözlədiyi 12-ci imam
gəlməyəcək, gözləməyə dəyməz?
- Qurani-Kərimdə də təsdiq olunmur ki, mən 12-ci imamı gətirdim.
Əgər belə bir şey olsaydı, o zaman Allah bir kəlmə də olsa, bu
barədə nə isə deyərdi. Bütün bunların hamısı İslamın geridə
qalmasının, islam daxili toqquşmaların, ziddiyyətlərin səbəbidir.
Quranda da yazılır ki, mənim dinimi və hümmətimi parçaladılar,
bir-birinə qarşı qoydular. Onların alimlərini və başçılarını mən
məhkəmə etməyəcəm, birbaşa cəhənnəmə göndərəcəm. Yəni, fərqi
yoxdur, kim təriqət və məzhəb ayrı-seçkiliyi yaradıbsa, onlar
məhkəməsiz cəhənnəmə gedəcəklər. Onların heç birinin İslama
aidiyyəti yoxdur.
Vasif Həsənli
Asif Nərimanlı
Fotolar: Rəşad
(Davamı var)
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...