Türkiyənin yeni baş naziri onlardan biri olacaq - Adlar
Bizi izləyin

Digər

Türkiyənin yeni baş naziri onlardan biri olacaq - Adlar

Türkiyənin yeni baş naziri onlardan biri olacaq - Adlar

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası bələdiyyə seçkilərinin qalibi oldu. Siyasi dəhlizlərdə edilən şərhlərə görə, bu nəticə Çankaya Köşkünə çıxmaq istəyən Türkiyə baş naziri Rəcəb Təyyib Ərdoğanın mövqeyini gücləndirib. Seçkilərlə bağlı xarici mətbuatda edilən təhlillər də ifadə olunur ki, seçkilərdə qazanılan qələbə Ərdoğanın Köşkə gedən yolunu tamamilə açıb.

Publika.Az – ın verdiyi xəbərə görə, Türkiyənin “Milliyet” qəzetinin yazarı Abdullah Karakuş “Köşk yolu açıq” başlıqlı yazıda bu məsələni şərh edib.

Ərdoğanın mesajı balkon çıxışında

Onun sözlərinə görə, prezidentliyə namizəd olub-olmayacağı barədə suallara cavab olaraq 30 Mart bələdiyyə seçkilərini gözləməyi məsləhət görən baş nazir Ərdoğanın seçkilərdə qazandığı uğurlu nəticə “prezidentliyə namizədi olacağı" və “növbədənkənar seçkilərə” gedəcəyi ilə bağlı fikirlərin ortaya çıxmasına səbəb olub.

“Ərdoğanın bundan sonrakı yol xəritəsi də Köşkü işarə edir. 17 Dekabr prosesi və camaatla döyüşünə baxmayaraq, bundan əvvəlki bələdiyyə seçkilərindəki qazandığı 38,4 faiz səsi 45,6 faizə yüksəldən Ərdoğanın Köşkə namizədi olacağı AKP-nin kulislerinde danışılır. Ərdoğanın prezidentliyə namizəd olacağı halda isə baş nazirin kim olacağı prezident Abdullah Gülün baş nazir olmağı qəbul edib-etməməsi ilə də böyük ölçüdə bağlı olacaq. Növbədənkənar seçkilərin də gündəmə gələ biləcəyi ifadə edilir”, - qəzet yazarı bildirir.

A.Karakuş hesab edir ki, baş nazirin 30 Mart axşamı etdiyi balkon çıxışında “Sabah bəlkə bizlər bu mövqedə olmayacağıq. Rəbbim bu günə qədər hansı əmanəti yüklədisə, canımız hesabına ona sahib çıxmağa, onu ucaltmağa çalışdıq. Bundan sonra da bu can bu bədəndə olduqca, həmin əmanətə sədaqətlə sahib çıxmağa çalışacağıq” sözləri Ərdoğanın Köşkə namizədi olacağı mesajını verdiyi barədə şərhlərin ortaya çıxmasına səbəb olub.

12 illik iqtidarı dövründə 3 parlament və 3 bələdiyyə seçkilərini qazanan Ərdoğan 30 Mart bələdiyyə seçkilərindən sonra prezidentliyə namizədliyini qiymətləndirəcəyinə dair mesajlar vermişdi. Baş nazirin yaxın ətrafı 45,6 faiz səsin böyük müvəffəqiyyət olduğunu ifadə edərək Ərdoğanın Köşkə namizədi olmasını gözlədiklərini dilə gətirir.

Ərdoğan olsa, Gül olmaz

“Milliyet” yazarı bildirir ki, AKP kulislerinde qısa müddət ərzində prezidentliyə namizəd məsələsini müzakirə etmək üçün prezident A.Gül ilə baş nazir Ərdoğanın bir araya gələcəyi barədə danışılır. “Son zamanlar bəzi qanunlar, o cümlədən internet tənzimlənməsi mövzusunda fikirləri üst-üstə düşməyən prezident və baş nazirin görüşündən çıxacaq nəticə AKP-nin yeni yol xəritəsini də müəyyənləşdirəcək”, - A.Karakuş yazır.

Deyilənə görə, baş nazir Ərdoğanın Köşkə namizədi olacağı halda diqqətlər Gülün davranışına yönələcək. Ərdoğanın prezidentliyə namizədliklə bağlı qərar verməzdən əvvəlcə ailəsi ilə bunu müzakirə edəcəyi, ailəsinin mövqeyinə görə, hərəkət edəcəyi bildirilir. İddialara görə, bundan əvvəlki prezident seçkisində Ərdoğanın namizəd olmasını məhz ailəsi istəməmişdi.

Kulislərdə Ərdoğanın avqust ayında keçiriləcək seçkidə prezidentliyə namizəd olacağı halda A.Gülün AKP-nin partiya rəhbərliyinə keçə biləcəyi barədə fikirlər dolaşır.

Bəzi iddialara görə, növbəti parlament seçkiləri 2015-ci ildə keçiriləcəyindən prezident seçkisindən sonrakı keçid müddətdə bir başqa ad baş nazir ola bilər. Ancaq növbədənkənar parlament seçkilərinin keçirilməsi də gündəmə gələ bilər. Bu halda isə Ərdoğanın Köşkə çıxa biləcəyi, A.Gülün isə keçid dövrünün yaranmasına imkan vermədən həm partiyanın, həm hökumətin başına keçə biləcəyi gözlənilir.

AKP daxilində müzakirə edilən bir başqa düstur isə də növbədənkənar parlament seçkilərinin prezident seçkisindən qısa bir müddət sonra keçirilməsidir.

Hansı adlar önə çıxır?

A.Gülün yenidən AKP rəhbəri və baş nazir olmaq istəməməsi ehtimalı da partiyada müzakirə edilir. Ərdoğan A.Gülün bu mövqeyinə baxmayaraq, Köşkə çıxmaqda qərarlı olacağı halda, AKP daxilində baş nazir postu üçün bir çox şəxsin adı çəkilir. A.Karakuş qeyd edir ki, ehtiyat şəxslər olaraq baş nazir köməkçiləri Ali Babacan və Bülent Arınç, xarici işlər naziri Əhməd Davutoğlu, sabiq nəqliyyat, kommunikasiya və dənizçilik naziri Binali Yıldırım, AKP sədrinin köməkçiləri Numan Kurtulmuş və Mehmet Ali Şahindir.

Ancaq siyasi dəhlizlərdə AKP-nin İzmirdə səslərini artıran Binalı İldırıma jest edilə biləcəyi də danışılır.

Yol xəritəsində camaat

Baş nazir seçkilərdən sonrakı dövrlə bağlı yeni yol xəritəsinin ipuclarını balkon çıxışında verdi.

“Ərdoğanın çıxışının şifrələrində Fəthullah Gülən və camaatını “bitirmək” mesajı çıxır. Əvvəlki balkon çıxışılarında daha birləşdirici mesajlar verən Ərdoğan bu dəfə fərqli bir davranış sərgilədi”, - A.Karakuş bildirir.

Ərdoğan həmin çıxışında “Şəhidlərin qanı ilə yoğrulan bu torpaqları biz Pensilvaniyaya, ya da buradakı xain uzantılarına əsla təslim etmərik. Qaçanlar qaçdı, sabahdan etibarən də qaçanlar ola bilər” söylədi. “Milliyyət” yazarının sözlərinə görə, Ərdoğanın müzakirə edilən bir başqa mesajı isə Suriya ilə döyüş vəziyyətində olmasını söyləməsidir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm