Nemət Pənahlı: “... o vaxta kimi özümü kişi saymayacam!”
Bizi izləyin

Müsahibə

Nemət Pənahlı: “... o vaxta kimi özümü kişi saymayacam!”

"Mənimlə süfrə arxasında oturmayan jurnalistə müsahibə verməyəcəm" deyən Meydan hərəkatının əsas simalarından olan Nemət Pənahlı bizim yemək yeməmək üçün uydurduğumuz min cür bəhanəmizə birdəfəlik son qoyur. Süfrə arxasında ümumi məsələlərdən danışır, evinin divarında asılan və dərhal nəzərlərimizi cəlb edən yağlı boya ilə çəkilmiş böyük portretinin tarixçəsini nəql edir. Kitabxanasındakı kitablar haqda müzakirə aparırıq, daha sonra yeni nəşrlərin çatışmazlıqları və bahalığından birgə şikayətlənirik. Şeirdən, ədəbiyyatdan danışırıq və "Üz-Üz"-ə layihəsi çərçivəsində aldığımız müsahibəyə də elə buradan başlayırıq.

Əvvəli: (http://publika.az/p/132501)

"Qonşusu ac yatarkən tox yatan adam bizdən deyil"

- Sizin yaşadığınız binada Əli Kərimli də yaşayır. O, necə qonşudur?
- Onu deyim ki, mən 15-16 yaşımdan dinin buyurduğu məsələlərə əməl edirəm. Həyatda dilimə Allahın haram buyurduğu nə isə, o cümlədən spirtli içki dəyməyib. Ən azı İslam əxlaqını yaşamış adamam. İslam əxlaqında isə deyilir ki, qonşusu ac yatarkən tox yatan adam bizdən deyil. Qonşu haqqı ən böyük haqlardan biridir. Hətta, qonşun erməni olsa belə, əgər o ac qala-qala sən tox yatıbsansa, sən doğru müsəlman deyilsən.
Təkcə söhbət Əli Kərimlidən getmir. Təbii ki, biz Əli Kərimli ilə mübarizə yoldaşı olmuşuq, bir-birimizə sayğı və hörmətimiz olub. Çox təəssüflər olsun ki, mənim istədiyim və görmək istədiyim qonşuluq bu gün yoxa çıxıb. Yəni, adamlar var ki, eyni blokda yaşayır, ancaq bir-birini görəndə tanımır, salam vermirlər.


– Əli Kərimli sizi azadlığa çıxmağınız münasibəti ilə təbrik etdi?
-
Təbii ki, təbrik etdi. Hətta gəlmişdi, xeyli oturub söhbət də etdik. Söhbət Əli bəylə mənim qonşuluğumdan getmir. Ancaq mən təsəvvür etdiyim qonşuluğu görə bilmirəm. Baş vermiş tarixi hadisəni misal çəkim. Sovet İttifaqı yeni qurulanda Qərbi Azərbaycanda iki qonşu olub. Bu qonşulardan biri həddindən artıq varlı, digəri isə kasıb olur. Varlı qonşu hiss edir ki, yeni yaranan sovet hökuməti gəlib bunun bütün var-dövlətini əlindən alacaq. Ona görə də yığdığı bütün var-dövləti, qızıl və sərvətini saxlamaq üçün verir kasıb qonşuya. Doğrudan da sovet hökuməti gələn kimi bunun var-dövləti müsadirə olunur, özü və ailəsi də Sibirə sürgün edilir. 1953-cü ildə Stalinin ölümündən sonra bəraət verilir və bu adam da sürgündən geri qayıdır. Ancaq qayıdıb evinə gələndə görür ki, Qərbi Azərbaycandan türkləri və kəndləri köçürüblər. Ər-arvad sürgündən qayıtdıqları üçün çox pis vəziyyətdə olurlar. Bunlar araşdırıb həmin kasıb qonşunu tapırlar. Görüşüb öpüşəndən sonra sürgündən qayıdan qonşu çəkinə-çəkinə ev yiyəsinə vəziyyətini başa salır. Deyir ki, çox kasıb vəziyyətdədir. Bəlkə ona vaxtilə verdiyi əmanətdən nə isə qalıbsa, kömək etsin. Ev yiyəsi də deyir ki, qalıbsa nədir, sən bizə əmanət verib getmisən. Əmanəti necə veribsənsə, hamısı əl dəymədən saxlanılır. Hətta, müharibə vaxtı uşaqlarım aclıqdan ölüb, ancaq sənin əmanət etdiyin bağlamaya əl dəyilməyib. Ev yiyəsi gətirib həmin bağlamanı olduğu kimi sahibinə təhvil verir.

İndi baxın, Azərbaycan türkünün sədaqəti bu olub. Qonşuluq, kəndçilik, insaniyyətlik belə olmalıdır.
Digər bir misal çəkim. Yəqin ki, hər birimiz "Axırıncı aşırım" filminə baxmışıq. Həmin filmdə "Kərbəlayi" obrazı var. Sovet hökuməti yarananda "Kərbəlayi" artıq görür ki, onlarla mübarizədə davam gətirə bilməyəcək. Odur ki, Türkiyəyə keçməyə məcbur qalır. Ancaq həmin vaxtı "Kərbəlayi"nin gəlini hamilə olduğu üçün özü ilə Türkiyəyə apara bilmir. "Kərbəlayi" məcbur olub qan düşməni olduğu adamın qapısını döyür. Qapını açan düşməni görür ki, "Kərbəlayi" gəlib. "Kərbəlayi" düşməninə deyir ki, mən Türkiyəyə gedəsi oldum. Çox düşündüm, götür-qoy etdim, mən burada qalan namusumu kimə etibar edim. Ancaq bu mahalda səndən ləyaqətli və etibarlı kişi tapmadım. Biz düşmən də olsaq, ancaq namusu əmanət edəcəyim səndən etibarlı adam tapa bilmədim. Ona görə sənin qapına gəldim. Qan düşməni olan şəxs "Kərbəlayi"yə deyir ki, get arxayın ol, gözün arxada qalmasın. Elə bil ki, öz evindədir. Bundan sonra "Kərbəlayi" Türkiyəyə gedir. İndi də onun qəbiri Türkiyənin Daşburun bölgəsindədir. O tarixi canlı görən şahidlər and içirdi ki, "Kərbalayi"nin əmanət etdiyi qadın doğuş vaxtı keçirəndə, onun qan düşməni mahalın bütün həkimlərini toplayıb və özü də Allaha yalvarıb ki, etibarıma xələl gətirilməsin, qadın və uşaq salamat olsun.
Uşaq dünyaya gələn zaman oğlan olur, kişi bunu görüb deyir ki, düşmənimin biri də artdı. Ancaq "əmanətləri" aparıb Türkiyədə "Kərbəlayi"yə sağ-salamat təhvil verir. Yəni, demək istədiyim odur ki, Azərbaycan türkü düşmənçiliyi də, dostluğu da kişi kimi edib. Biz bu millətin içərisindən çıxmışıq.

"Allah "KQB"-yə rəhmət etsin"

- Nemət bəy, meydan hərəkatı haqda danışaq. Bu gün Azərbaycanda bir sıra siyasi partiya sədrləri var ki, onların hər biri özlərini Milli Azadlıq Hərəkatının yaradıcısı kimi təqdim edir. Hətta, Etibar Məmmədov dəfələrlə bildirib ki, Milli Azadlıq Hərəkatını mən başlatmışam. Ancaq bu gün onların bir çoxu sizdən qat-qat yaxşı yaşayır, partiya qərargahları, mühafizəçiləri və sairə var...
- Bilirsiniz, biri var ki, bunu mən deyirəm, biri də var ki, bunu tarixi faktlar deyir. Bu gün 1000 il əvvəlin tarixi araşdırılır, ortalığa həqiqət qoyulur. Ancaq Milli Azadlıq Hərəkatının tarixi çox uzaq deyil. Azərbaycanda Milli Azadlıq Hərəkatı 1988-ci ildən başlanıb. Bu hadisələri rus "KQB"si göydən də, yerdən də video-lentə alıb, konkret faktlar var. Hətta, həmin vaxt meydanda kimsə aşağıdan söyüş söyürsə, o belə lentə alınıb.
Mənim 1988-ci ildə həbsimlə bağlı açılan cinayət işi var. 1988-ci ildə meydanda edilən çıxışlar həm audio, həm də video şəkilində əvvəldən axıradək yazılıb, çıxışların stenoqramı çıxarılıb. Ona görə də biri var mən deyirəm, biri də var ki, sənədlər deyir. İstənilən adam araşdırıb real həqiqətləri ortaya çıxara bilər.
Bir millətə ən böyük xəyanət, o millətin tarixini təhrif etməkdir. Yəni, manqurtlaşdırmaq, yaddaşını silmək, onun kimliyini ortadan qaldırmaqdır. Media mənə müraciət etsin. Məndə o dövrlə bağlı video sənədlər var, verim aparıb yayımlasın. Həmin sənədlərdə Etibar Məmmədovun, Əbülfəz Elçibəyin, mənim və digərlərinin də çıxışları mövcuddur. Allah "KQB"-yə rəhmət etsin, 1988-1991-ci illərdə nə etmişəmsə, hamısını olduğu kimi yazıb tarixə salıb. İndi bu sənədləri yaymaq media üçün elə böyük çətin iş deyil. Media bu sənədləri açıb, ortalığa faktları qoyduqdan sonra hər şey olduğu kimi üzə çıxacaq.

SSRİ dövründə "Lenin meydanı" adlanan yerin adını kim dəyişib "Azadlıq meydanı" adlandırıb? Bunu biz etmişik. O vaxtı ayın 23-dən 24-ə keçən gecə bəyan etmişəm ki, bundan sonra bu meydanın adı "Azadlıq meydanı", bizim apardığımız mübarizə isə azadlıq mübarizəsi olacaq. Kölə və qul xalqın ilk işi də qollarındakı qul zəncirini qırmaq olmalıdır. Müstəqil və azad olmayan xalqın demokratiyası ola bilməz.
Ən azı tarixi sənədlər var, araşdırıb baxa bilərsiniz. O zaman sərhəd hadisəsi ilə bağlı Azərbaycan Xalq Cəbhəsi rəsmi qərar verib, meydanda bu hadisə əleyhinə çıxış edilib. Ancaq bu gün deyirlər ki, guya Milli Həmrəylik Gününü də Əbülfəz Elçibəy edib. Halbuki, bəy özü bu günün əleyhinə rəsmi şəkildə çıxıb edib.
Azərbaycanda Milli Azadlıq Hərəkatı 1988-ci ildə başlanılıb, amma Xalq Cəbhəsi 1 il sonra yaranıb. İndi bunu gətirib Xalq Cəbhəsinin adı ilə bağlayırlar. Axı o dövrdə Xalq Cəbhəsi mövcud olmayıb. İndi "onu mən etmişəm, bunu mən etmişəm" deməklə deyil. Tarix var, açıb səhifələmək lazımdır. Hesab edirəm ki, burada nə Etibar Məmmədovu, nə də digərlərini günahlandırmaq olmaz. Bunun əsas günahı medianın üzərindədir. Çünki media tarixi həqiqətləri açıb ortaya çıxarıb, cəmiyyəti məlumatlandırsaydı, indi bu problemlər yaşanmazdı.

"Xalq Cəbhəsi bütün xalqı "agent" edərək, "KQB"nin arxivini açmadı"

- İndiyə qədər də "KQB" arxivinin açılması məsələsi gündəmə gətirilir. Nə üçün 90-cı illərdə bu arxiv açılmadı?

- Biz 1988-ci ildə məsələ qaldırdıq ki, bu millətə xəyanət edən adamların hamısı cəzalandırılacaq və milli xəyanətə yol vermiş şəxslərdən heç birinə bəraət verilə bilməz. Bunun üçün də "qara qutu" olan "KQB"-nin arxivi açılmalıdır. Ancaq Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gələn kimi "KQB"-nin arxivini gizlətdi və xalqa açmadı. Onlar daha çox məni ittiham edirdilər ki, guya mən hər kəsi "agent" elan edirəm, "xain" və "satqın" deyirəm və sairə. Ancaq mən konkret olaraq satqın və agent olan 15 adamın adını çəkmişdim. O vaxtı Əbülfəz Elçibəyə sual olundu ki, bəy bəs deyirdiniz ki, "KQB"-nin arxini açacaqsınız, nə üçün açmadınız? Əbülfəz Elçibəy isə belə cavab verdi: "Biz "KQB"nin arxivini açsaq, ölkədə vətəndaş müharibəsi çıxar, qan su yerinə axar. Çünki arxiv açılsa, ata görəcək oğlu agent imiş, oğul da görəcək ki, atası. Arvad görəcək ki, əri agentdir, ər də görəcək ki, arvadı satqındır" və sairə. Xalq Cəbhəsi bütün xalqı "agent" edərək, "KQB"nin arxivini açmadı. Bundan sonra mən ayağa qalxıb, Əbülfəz Elçibəyin sözünü kəsərək dedim ki, yaxşı, arxivləri açmayın, eybi yox. Əvəzində, Azərbaycan Xalq Cəbhəsinin İdarə Heyətinin 15 nəfərlik üzvünün arxivini açın, mənim arximi də açın. Dedim ki, Əbülfəz bəy get öz arxivini də aç. Həmin 15 nəfərin və "mən-mən" deyən və sizin "ziyalı" dediyiniz şəxslərin də arxivini açın, xalq kimin kim olduğunu görsün. Bunu deyən kimi, onların hamısı mat oldular.

Ümumiyyətlə, 1988-ci ildən başlayaraq Elçibəy və ətrafındakı cəbhəçilər bütün yollara əl atırdı ki, hər hansı nöqsan tapıb məni xalqın gözündən salsınlar.

"Bakının bütün əxlaqsızlarını yanıma gətirmişdilər ki..."

Elmdə düşünən adamların adətən əsas metodu mürəkkəb məsələləri sadələşdirib insanlara çatdırmaqdır. Ancaq o dövrdə sadə məsələləri qəsdən mürəkkəbləşdirirdilər ki, əhali, xalq həqiqəti başa düşməsin. Biz sovet imperiyasına qarşı mübarizə aparırdıq. Sovet imperiyası da bütün gücünü yönəltmişdi ki, bizi məhv etsin. Bizə qarşı mübarizə və şəryaxma kampaniyasının başında da sovet "KQB"si dayanırdı. Sovet imperiyası düşünürdü ki, Xalq Hərəkatını necə boğub məhv etsin, biz də bütün günü düşünürdük ki, sovet imperiyasını necə dağıda bilərik. Burada qeyri-adi və anlaşılmayan nə isə yoxdur. O dövrdə "KQB" mənim bütün nəslimi, kökümü araşdırdı. Mənim bir tərəfim Qərbi Azərbaycandan, digər tərəfim isə Naxçıvandandır. "KQB" mənim və qohumlarım haqqında heç bir nöqsan tapa bilmədi ki, desin "Nemət Pənahlının filan qohumu quldurdur" və sairə. Şəxsi həyatımla bağlı da nə isə tapa bilməzdi. Çünki həyatda dilimə spirtli içki dəyməyib. Yəni, elə bir iş görməmişəm ki, o üzə çıxanda mən utanım və sairə. Bakının bütün əxlaqsızlarını yanıma gətirmişdilər ki, adımı ləkələsinlər, ancaq bu planları da alınmadı. Məni şərləmək və ləkələmək üçün bütün üsullara əl atdılar, ancaq heç biri alınmadı. Mənim bir tərəfim Naxçıvan, bir tərəfim də Qərbi Azərbaycandan olduğu üçün axırda "KQB" dedi ki, Nemət Pənahlı Heydər Əliyevin adamıdır. Çünki o vaxtı sovet imperiyasının Heydər Əliyevi də görməyə gözü yox idi.

1988-ci ildə meydan hadisələri dağılandan sonra mən həbs edildim. O zaman SSRİ Dövlət Təhlükəsizlik Xidmətinin mühüm işlər üzrə baş müstəntiqi 250 nəfərlik heyətlə Moskvadan Bakıya gəlmişdi. Həmin heyət bütün üsullara və yollara əl atdı ki, məni qorxudub sıradan çıxarsınlar. O vaxtı mənim ən yüngül cəzam 25 il həbs və yaxud da güllələnmə idi. Mən dövlət çevrilişində ittiham olunurdum. Bunlar gördülər ki, məni qorxutmaqla nəyəsə nail ola bilməyəcəklər, axırda mənimlə "bazarlıq" etmək istədilər. Mənə dedilər ki, Azərbaycan xalqı səni eşidir, sən gəl bizimlə razılaş. O dövrdə mən 18 gün dayanmadan meydanı idarə edib, çıxış etmişəm. İndi sizə söylədiyim şeirlərdən yüzünü həmin meydanda oxumuşam.

"Həmin vaxtı 70 erməni təxribatçısını tutmuşduq"

İndi gedib insanlardan soruşun ki, Nemət Pənahlı 18 gün meydanda nə danışıb? Çoxları bilməyəcək. Ancaq mənim demədiyim sözləri cəmiyyətə ayrı formada çatdırırlar. Guya mən o vaxtı meydanda toplanan insanlara demişəm ki, oturmayan ermənidir. Əslində, mən bunu ayrı formada demişəm. Çünki o vaxtı "KQB" çalışırdı ki, iğtişaş yaradıb meydanı dağıtsın. Mən də ən gərgin situasiya yaranan zaman insanlara deyirdim ki, hər kəs otursun. Həmin vaxtı meydandakı insanlar arasında Qarabağdan, Qərbi Azərbaycandan evi dağıdılaraq qovulan, gözü qarşısında anası, bacısı zorlanan adamlar var idi. Bu adamlar ermənini öldürməyə məqam axtarırdılar. Bakıda isə o vaxtı minlərlə erməni var idi. "KQB" də həmin insanları təxribata çəkirdi ki, insident yaransın, meydan dağıdılsın. Mən isə kütləni bu cür idarə edirdim. İmkan vermirdim ki, meydanda olan insanlar təxribatla dağıdılsın. Mən ən təhlükəli məqamlarda görürdüm ki, artıq meydandakı insanları saxlamaq mümkün olmur, onları təxribata çəkirlər. Onda camaata deyirdim ki, oturun. Həmin vaxtı meydana yerləşdirilən 70 erməni təxribatçısını tutmuşduq. "KQB" agentləri istəmirdi ki, xalq Nemət Pənahlının sözlərinə qulaq asıb meydanlarda qalsın. Ən təhlükəli təxribatlar yaradılanda meydanda olan bütün kütlə xorla oxuyurdu ki, oturmayan ermənidir. Əgər kimsə oturmurdusa, camaat məcbur edib onu oturdurdu. Bütün xalq başa düşürdü ki, milli azadlıq hərəkatı nə qədər önəmlidir.

Sonradan "KQB" növbəti təxribata əl ataraq şayiə buraxdı ki, guya Nemət Pənahlı xalqı təhqir edir, xalqa erməni deyir və sairə. Əslində mən xalqa deyil, meydanda təxribat yaradan "KQB" agentlərinə erməni demişəm.

Mən 1988-ci ilin meydan hadisəsindən sonra gündəmə gəldim. Mən həbs ediləndən sonra məlum oldu ki, meydan hadisələri zamanı yataqxanadakı söhbətlərimi də "KQB" yazıbmış. O vaxtı "KQB" məni addım-addım izləyirdi. Yəni, 1988-ci ildən sonra mənim bütün çıxışlarım yazılıb, video və audio sənədlərdə də var.

"KQB" 18 yerdə mənim oxşarımı küçələrə göndərmişdi"

- İddia edirlər ki, guya 20 Yanvarda siz xalqı meydana gətirib özünüz gizlənmisiniz?

- 20 Yanvar hadisəsi ilə bağlı deyim ki, guya o zaman Əbülfəz Elçibəylə Etibar Məmmədov əhaliyə deyib ki, dağılın gedin, xalqı qıracaqlar və sairə. Mən isə guya demişəm ki, Əbülfəz Elçibəy xain və satqındır, meydandan getməyin, sizə silah verəcəm və sairə. Belə bir fakt olmayıb. Mən belə söz deməmişəm. Əgər desəydim, o zaman "KQB" bunu çoxdan çıxarıb məni həbs etmişdi. Bundan sonra isə görün "KQB" hansı üsula əl atır. Deməli, 1988-ci ildə Rusiya imperiyası bizim gözümüzü dəyənəklə qorxudurdu. Artıq 1990-cı ildə hərəkat böyüyərək o qədər möhtəşəm oldu ki, imperiya məcbur olub top-tüfəngə əl atdı. İmperiya 20 Yanvar hadisəsi zamanı planını əvvəlcədən ən incə detallarına kimi düşünmüşdü. Əvvəlcə televiziya partladıldı, anti-təbliğat quruldu və şər mexanizmi gecə-gündüz əleyhimizə iş apardı.

Eyni vaxtda şəhərin 18 yerində "KQB" mənim adımdan əli silahlı xüsusi dəstələr yaradıb, təxribat törədib. Hətta, mənim bir tanışım da təsadüfən onlardan birinə rast gəlib. Deyir ki, birinin saqqalına əl vurdum, qopdu, gördüm Nemət Pənahlı deyil, saxta idi. Sonra məni görüb qaçdılar. Məqsəd məni sıradan çıxarmaq idi. Plan belə idi ki, Bakıda qan töküləcək, günahı da mənim üzərimə yıxılacaq. Əvvəlcədən təbliğat da bu istiqamətdə aparılırdı. Sovet imperiyası hesab edirdi ki, qırğın olacaq, 10-15 adam tutub həbs edəcəklər, bu yolla millətin gözünü qorxudacaqlar və xalq da meydanlara çıxmayacaq. O zaman məni ən çox 20 Yanvar hadisəsinə görə belə ittiham edirdilər: əgər mən gəlib desəydim ki, qırğın olacaq, o zaman xalq küçələrə çıxmazdı və sairə. Ancaq heç kəs bunun sonunun necə olacağını düşünmürdü. Mən heç zaman xalqa deməmişəm ki, dağılın. Bu gün də öz mövqeyimdə qalıram ki, mən o vaxtı bu addımı doğru bilib atmışam.

20 Yanvar hadisəsindən öncə meydanda maksimum 250-300 min adam var idisə, qırğından sonra bu insanların sayı milyonu keçdi. Həmin günləri yaxşı xatırlayıram. Rus ordusu əhalini dağıtmağa girdi, yerdən, göydən alov yağdırırdı. Adamlar gözlər önündə şəhid olurdu, hər yer qan içində idi. Hətta, mən adamlara yalvarırdım, yenə də geri çəkilmirdilər. Hadisənin səhəri günü isə meydana milyonlarla insan töküldü. Fakt o idi ki, qırğın gedə-gedə heç kəs qaçmadı. 20 yanvar şəhidlərinin dəfn mərasimində ən azı 3-4 milyon insan var idi. Yəni "Azadlıq" meydanından Şəhidlər Xiyabanına qədər ərazi başdan-ayağa adamla dolmuşdu. Təsəvvür edin ki, rus qoşunları bir gecənin içərisində gəlib xalqı qırdı, geri çəkildi. Ancaq xalq geri çəkilmədi. Bizim qələbəmizdə o idi ki, xalq geri çəkilmədi. İnanın ki, 20 Yanvardan sonra əgər xalq geri çəkilsəydi, biz fəalları da tək-tək tutub öldürəcəkdilər, bununla da hadisəni ört-basdır edəcəkdilər.

"Xalq Cəbhəsi üzvləri arasında Qorbaçova işləyənlər çox idi"

Ancaq Azərbaycan Xalq Cəbhəsi 20 Yanvar hadisəsinin səhəri günü hadisədə iştirakçı olmasını boynundan atdı. Dedilər ki, bunu Nemət Pənahlı edib və sairə. Çünki onda 20 Yanvar hadisəsi tənqid edilirdi. Azərbaycan Xalq Cəbhəsi üzvləri arasında da Qorbaçova işləyənlər çox idi. Yadımdadır ki, o vaxtı Mixail Qorbaçov Moskvada bəyan etdi ki, biz Azərbaycanda milli azadlıq hərəkatını dağıdacağıq. Bunun üçün bizim orada iki cür qüvvələrimiz var. Biri öz adamlarımız, digərləri isə radikallar, millətçilərdir. Bundan az sonra 20 Yanvarda Azərbaycan qan içində boğuldu, fövqəladə vəziyyət yaradıldı, televiziya bloku partladıldı ki, informasiya blokadası yaransın. Ancaq tarixə diqqət etsək, aydın görərik ki, 20 Yanvar hadisələrindən sonra Milli Azadlıq Hərəkatından olan adamlardan kimlərsə həbsxanalara düşdü, kimlər isə deputat olaraq üzə çıxdı. İndi bu necə ola bilir? Misal üçün, 5 adam qrup yaradaraq gedib bir yerdə bankı yarırlar. Ancaq bank yarılandan sonra həmin adamlardan birini tutub edam edirlər, digərlərinə isə mükafat verilir. Məntiqlə də kimin satqın olması göz qabağında idi. Mən Milli Azadlıq Hərəkatında adından istifadə edərək sonradan deputat olan adamların 30-40 faizini tanımırdım. İndi bu adamlar necə deputat oldular? Mən dəfələrlə onların bir-bir adını çəkmişəm. İndi də ad çəkməkdən qətiyyən çəkinmirəm. Fakt odur ki, 1988-ci illərin sonlarında Azərbaycan Xalq Cəbhəsi ilə o zamankı hakimiyyət alver edirdi. Hətta, 20 Yanvar qırğınından qabaq razılıq əldə olunmuşdu ki, Əbdürrəhman Vəzirov Azərbaycan Xalq Cəbhəsindən 40 nəfərə deputat mandatı verəcək. Həmin namizədlər də Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsi ilə razılaşdırılmış şəkildə olmalı idi. Ancaq sonradan mən bunu bilən kimi Azərbaycan Xalq Cəbhəsi ilə razılaşmadım və bu hərəkətlərini milli xəyanət saydım.
Bütün bunları gəlib meydanda açıq şəkildə bəyan etdim. Bildirdim ki, bunu etmək milli xəyanətdir, satqınlıqdır. Kim deputat və satqın olmaq istəyirsə, onlar gedib anti-milli qüvvələrin ətrafında dayansın. Kim Vətən və azadlıq uğrunda meydanlara gəlibsə, mən onların yanındayam. O meydanlarda bir milyon adam var idisə, onların arasında cəmi 100 nəfər azadlıq aşiqi var idi.

"Həbsdə ola-ola deputat, sonra da prezident olacaqdım"

- Xalq Cəbhəsinə təklif olunanlar sizə də edilmişdi?

- Ən radikal mövqedə dayandığım üçün Əbdürrəhman Vəzirov məni də neytrallaşdırmağa çalışırdı. O vaxtı Əbdürrəhman Vəzirov mənə dedi ki, gəl biz deyəni elə, sənə də 20 nəfərlik deputat yeri verirəm. Dedilər ki, bütün xalq səni eşdir, gəl sən bizimlə razılaş, bizə də millətin inandığı bir adam lazımdır. Kommunist olmadığın üçün səni birinci katib qoya bilmərik, ancaq bizimlə razılaşsan səni həbsxanada olarkən deputat edəcəyik. Həmin vaxtı 360 dairənin hər birindən namizədliyimiz irəli sürülmüşdü. Bütün Azərbaycan xalqının da şüarı belə idi ki, biz ölərik, Neməti tək qoymarıq. Əgər mən razılaşsaydım, o zaman adım həbsxanada gedərkən, özümü həmin an təyyarə ilə Moskvaya aparacaqdılar, orada Qorbaçovla görüşəcəkdim, daha sonra mənə 6 ay kurs keçiləcəkdi. Adım isə həbsdə gedəcəkdi. Sonra deputat seçiləcəkdim, daha sonra da Ali Sovetə sədr, nəhayət prezident qoyulacaqdım.

Mənim isə onlara cavabım belə oldu. Dedim ki, sovet imperiyası mənim vətənimin, millətimin, dinimin və Allahımın düşmənidir. Mənim 1000 canım olsa, onların hamısını sovet imperiyasının dağılmasına, öz xalqımın azad olunmasına sərf edəcəm. Nəinki Azərbaycan rəhbərliyini, SSRİ rəhbərliyini belə mənə versəniz, sizinlə əməkdaşlığım mümkün deyil. Mən düşmənlə əməkdaşlığa getmərəm. Sonra dedim ki, mən sizdən yüngül cəza istəmirəm. Əksinə, istəyirəm ki, siz məni öldürəsiniz. O da mənə dedi ki, Pənahov sən elə bilmə ki, biz səni öldürüb qəhrəman edəcəyik. Biz səni daxilən öldürəcəyik. Dedi ki, "biz ölərik, Neməti tək qoymarıq" deyən adamların əli ilə səni öldürəcəyik. Bunu deyən zaman 1989-cu il idi, ortalıqda nə Azərbaycan Xalq Cəbhəsi, nə də özlərinə lider deyən digər şəxslər yox idi. Mən onlarla razılaşmadığım üçün, namizədliyimi 360 yerin heç birindən qeydə almadılar. Əgər mən orada "KQB" ilə razılaşsaydım, millət elə biləcəkdi ki, məni o seçdi. Halbuki, həqiqətən də millət məni istəyirdi.

Azərbaycan Milli Azadlıq Hərəkatından çıxan xeyli parlayan adam olmuşdu. Ancaq onların heç birinin nüfuzu Nemət Pənahlının 1989-cu ildəki nüfuzu qədər olmayıb. O vaxtı mənim məhkəmə proseslərim gedirdi. Yekun qərar verilmirdi. Sonda məhkəmə qərar verir. Həmin qərarda da yazılırdı ki, siyasi vəziyyəti nəzərə alıb məhkəmə qeyri-müəyyən vaxtadək təxirə salınır, mən isə zaminə buraxılıram. Təsəvvür edin ki, məhkəmə mənim haqqımda nə hökm çıxarmır, nə də bəraət vermir. Mən həbsxanaya düşəndən çıxana qədər Bakıda milli azadlıqla bağlı bir dəfə də olsun tədbir keçirilməmişdi. Milli Azadlıq Hərəkatının digər üzvləri azadlıqda idilər, bəs onlar nə üçün tədbir keçirmirdilər? İndi deyirlər ki, lider mən olmuşam və sairə. Mən həbsdən çıxandan sonra yenidən hərəkatı davam etdirmişəm və gəlib 20 Yanvar hadisəsinə çıxmışıq. Bundan sonra Azərbaycan Xalq Cəbhəsi təsis olunub və sairə. Bu təşkilatın Milli azadlıq Hərəkatına nə bağlılığı var?!

"İnanmırsınızsa, gedin araşdırın, görün 20 Yanvardan sonra kimlər deputat olub"

- İttihamlardan biri də o idi ki, 20 Yanvarda siz niyə ölmədiniz?
- Bu anti-təbliğatı "KQB" necə qurmuşdusa, 20 Yanvardan sonra xalqın mənə olan inamı azaldı. Mənə sual verirdilər ki, bəs sən niyə ölmədin və sairə. Mən də deyirdim ki, əgər bir insana ölüm Allahdan yazılmayıbsa, o zaman bütün dünya yığışıb onu öldürmək istəsə, bu alınmaz. Yaxud da bir insanın əcəli çatıbsa, bütün dünya yığışsa, onu qoruya bilməz. Ən azı İslama inanalar bunu yaxşı bilirlər. Digər tərəfdən isə nə edim ki, mən ölməmişəm. Mən mübarizəyə qalxanda öldürməyə qalxmışam, yoxsa ölməyə? İndi taleyim belə gətirib ki, 20 Yanvarda mən ölməmişəm.

20 Yanvardan sonra məni aldadıb ölkədən çıxardılar, daha sonra İrana və Türkiyəyə yola saldılar. Çünki bilirdilər ki, Azərbaycanda məni öldürsələr də, tutsalar da, mifə çevriləcəm. Bundan sonra hamıya bəlli oldu ki, kimlər 20 Yanvar hadisəsindən qazanc kimi istifadə ediblər.

Bu gün də bunları araşdırıb öyrənmək olar. O dövrdə onlar 20 Yanvar qanı üstündə deputat olublar. Bizi satıb, sovet imperiyası ilə sazişə gediblər, mənim şəhid qanımın üstündə alver ediblər. Bütün bunlar danılmaz tarixi faktlardır. Mənə inanmırsınızsa, gedin araşdırın, görün 20 Yanvardan sonra kimlər deputat olub. Onların adları var.

Hər kəs yaxşı bilir ki, sovet imperiyası dövründə Azərbaycanda 1 nəfər adam belə xalq tərəfindən deputat seçilməyib, hamısı təyin edilib.

"Bu hakimiyyətlə olmaz demək şərəfsizlikdir"

- Sizin həbsdə olarkən dövlət başçısına ünvanladığınıza müraciəti fərqli yerə yozanlar oldu. Bu barədə nə deyə bilərsiniz?
- Prezident İlham Əliyev Qarabağın işğaldan azad edilməsi ilə bağlı çıxış edəndən sonra mən ölkə başçısına müraciət yazmışam. Çox təəssüf ki, müxalifət həmin müraciətimi ayrı istiqamətə yozmağa çalışırdı. Mənə deyirdilər ki, bu hakimiyyətlə Qarabağ uğrunda müharibə aparmaq olmaz və sairə. Ancaq bu cür yanaşmanın qəti əleyhinəyəm. Müraciətimdə də dedim ki, Prezident İlham Əliyev bu gün torpaqlarımızı azad etsin, oğlumu əsgər kimi göndərəcəm, üstəlik öz qanımı da ona halal edəcəm. Canımı, qanımı halal edirəm, ancaq gəlin gedək bir yerdə Vətənimizi düşmən torpağından azad edəcək.
Bu çıxışımdan sonra müxalifətin mənə qarşı tənqidləri başladı. Dedilər ki, bu hakimiyyətlə olmaz və sairə. Yaxşı, hansı hakimiyyətlə olar? Bu cür yanaşma şərəfsizlikdir. Bu, düşmənin, cahilin fikridir. Bu cür kampaniyanı kim aparırsa aparsın, tamamilə səhvdir.

Birmənalı şəkildə deyirəm ki, mənim ən kəskin rəqibim belə torpaqlarımı azad edərsə, mən qanımı ona halal edəcəm. Bu gün hər kəs bir olmalı və Vətəni azad etməlidir. Ancaq bu barədə düşünməliyik. Bizim nəsil torpaqları azad etməyənədək, mən şəxsən özümü kişi saymayacam. Mən buradan bizim nəslə müraciət edərək deyirəm ki, gəlin Qarabağı biz azad edək, qoymayaq növbəti nəslə qalsın. Əgər Qarabağ problemi növbəti nəslə ötürülərsə, o zaman bu münaqişənin həlli mümkün olamayacaq. Bu, da həmin Qərbi Azərbaycan, Dərbənd variantı olacaq. Gələcək nəslin bunu azad etmək şansı çox azdır.

"Mənim üçün Azərbaycanda iki partiya var, üçüncü partiya yoxdur"

- Qarabağ problemini Qorbaçov yaratdı, yoxsa...?
- İmperiyalarda "dərin dövlət" olur. O, kimi istəyirsə, onu da gətirir başa qoyur. Tarixə baxın, imperiya lazım bildiyi məqamda Mixail Qorbaçovu başa gətirdi, daha sonra onu çıxarıb, Boris Yeltsini rəhbər qoydu. Yaxud da imperiya gözlənilmədən Boris Yeltsini çıxarıb, yerinə Putini gətirdi. Rusiyada "dərin dövlət" mexanizmi mövcuddur. Dövlət rəhbərinə də nəzarəti məhz "dərin dövlət" edir. Əgər sabah Putin dövlətin, imperiyanın milli maraqlarına ziddi addım atacaqsa, onu da çıxarıb atacaq. Bu gün rus imperiyası bölgədə özünün yaratdığı Qarabağ, Osetiya və Abxaziya problemlərinin hesabına qalmaqdadır. Qarabağ Rusiyanın Azərbaycana sadəcə olaraq təzyiq vasitəsidir. Kimsə düşünür ki, guya erməni gəlib Azərbaycan torpaqlarını işğal edib? Mən bunu meydanlarda demişəm ki, ermənilər Qoçu Əsgərin çəpişinə kişmiş verən olub. Bu gün də ermənilər türk dövlətlərinə qarşı tuşlanan silahda mərmi rolunu oynayır. O bizə dəysə də, dəyməsə də məhvə məhkumdur. Erməni nə millətidir ki, mənim torpağımı işğal etmək qədər güclü olsun. Əgər Rusiya bu gün əlini Ermənistan üzərindən çəksə, nəinki Qarabağda, İrəvanda belə bir nəfər erməni qalmayacaq. Öz xoşları ilə qaçıb gedəcəklər. Ermənini bu regiona gətirən də, təşkil edən də, onun üçün dövlət yaradan da, Azərbaycan torpaqlarını işğal edən də Rusiyanın imperiya siyasətidir.
Bu dəqiqə Qafqazda Qarabağ problemi olmasaydı, o zaman Rusiya bu qədər fironluq edə bilərdimi? Əlbəttə ki, xeyr. Rusiya o zaman regionda imperializm siyasətindən vaz keçəcək ki, artıq bunu bacarmayacaq qədər zəifləyəcək.

- Sizcə, Rusiyanın indiki gücü yenə əvvəlki kimidir?
- Hər halda indi Rusiyanın vəziyyəti ağırdır. Getdikcə bu daha da ağırlaşır. Bu cür vəziyyətlərdən istifadə edib, torpaqlarımızı işğaldan azad etməliyik. Biz nə qədər ki, öz gücümüzə inanmamışıq, arxalanmamışıq, o qədər də bu problem davam edəcək. Torpaqlarımızın azad edilməsini də özümüz həll etməliyik, Qərbdən, Şərqdən, Rusiyadan nə isə gözləmək doğru deyil. Zaman-zaman Azərbaycanın xoşbəxtliyini Qərbə, Rusiyaya və digər yerlərə bağlayanlar olub. Ancaq Azərbaycanın xoşbəxtliyi və xilası yalnız özünə bağlıdır.
Bu gün Azərbaycanda 100-dən çox siyasi partiya mövcuddur. Ancaq mənim üçün Azərbaycanda iki partiya var, üçüncü partiya yoxdur. Bunlardan biri milli satqınların partiyasıdır ki, bunlar Vətəni, dövləti, milləti vəzifəyə, pula satmağa hər hazırdır. Digəri isə milli vətənpərvərlərin partiyasıdır ki, onlardan təpədən dırnağa qədər öz Vətəninə, dövlətinə bağlıdır, dövləti və milləti uğrunda canından belə keçməyə hazırdır. Hər bir partiyanın əsas vəzifəsi milli birliyin qorunması olmalıdır. Bu gün Azərbaycanda mövcud olan siyasi partiyaların adlarını araşdırın. Görəcəksiniz ki, əksəriyyətinin adı xaricdən ixrac olunan ideologiyalardır.
Azərbaycanda SSRİ vaxtında da dövlət var idi. Ancaq Milli Azadlıq Hərəkatının yekunu, istiqlalın qarantı milli dövlətdir. Mənim üçün din, dövlət və partiya millətə xidmət etməkdir. Millət dinə xidmət etməli deyil. Partiya və dövlətlər millət üçün yaradılır.

P.S. Qeyd edək ki, müsahibə cəbhə xəttində baş verən döyüşlərdən öncə götürülüb.

Vasif Həsənli
Asif Nərimanlı
Fotolar: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm