Ermənilər Ağdamda və Tərtərdə 100-dən artıq evi dağıtdı
Bizi izləyin

Qırmızı.az

Ermənilər Ağdamda və Tərtərdə 100-dən artıq evi dağıtdı

Ötən gecə erməni hərbi birləşmələrinin təmas xəttində törətdikləri təxribat nəticəsində Ağdam rayonunda 50-yə yaxın fərdi yaşayış evi və obyektə ciddi ziyan dəyib.

Bu barədə Trend-ə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov məlumat verib.

İcra başçısı bildirib ki, erməni hərbi birləşmələrinin rayon ərazisini ağır artilleriya atəşinə tutması nəticəsində ev və təssərrüfatlara ciddi ziyan dəyib: "İlkin məlumata görə, rayonun Çəmənli kəndində 3 ev ciddi zədələnib, 1 ev tam dağılıb, 1 avtomobil yararsız vəziyyətə düşüb, 1 at və bir inək ölüb. Bundan başqa, Qaradağlı kəndində 27 ev ciddi zədələnib, 5 ev tam dağılıb, Zənguşalı kəndində 8 ev zədələnib, 1 ev yanıb, 2 ev və 1 mağaza tam dağılıb. Zənguşalı kəndində "Qara İnək" fermer təsərrüfatında ağır artilleriya atəşi nəticəsində təsərrüfarda olan 11 inək ölüb, 19 inək xəsarətlər alıb. Hazırda rayon ərazisində mərmi zərbələrindən dağıdılan və zərər çəkən digər ev və obyektlərin sayı dəqiqləşdirilir".

Erməni silahlı birləşmələrinin ötən gecə təmas xəttində yerləşən mövqelərimizi ağır artilleriyalardan atəşə tutması nəticəsində Tərtər rayonunda 51 evə ciddi ziyan dəyib.

Bu barədə Trend-ə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov məlumat verib.

İcra başçısı bildirib ki, erməni silahlı birləşmələri Tərtər şəhəri də daxil olmaqla 11 kəndi atəşə tutub: "Nəticədə Tərtər şəhərində 11 evə ciddi ziyan dəyib. Bundan başqa, rayonun Qapanlı kəndində 2 ev, Yuxarı Qapanlıda 7, Hacı Qərvənddə 15, Qarağacı kəndində 11, Bala Səngərlidə 1, Buruc kəndində 3, Yuxarı Qaradağlıda 1 evə ciddi ziyan dəyib. Hazırda rayonun Şıxarx, Çaylı və Həsənqaya kəndlərində dağılmış evlərin sayı dəqiqləşdirilir".

M.Məmmədov bildirib ki, hadisə nəticəsində rayon sakinləri arasında ölən və yaralanan olmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm