“İslam Dövləti”ndə maliyyə böhranı – Bağdadi korrupsiyaya...
Bizi izləyin

Dünya

“İslam Dövləti”ndə maliyyə böhranı – Bağdadi korrupsiyaya...

Neft yataqlarına zərbələr, həmçinin 800 milyon dollara qədər vəsaitin olduğu anbarların dağıdılması İŞİD terror qruplaşmasında ciddi maliyyə problemlərinin yaranmasına gəririb çıxara bilər.

Publika.az xəbər verir ki, bu haqda Böyük Britaniya və ABŞ-ın hərbi mənbələrinə istinadən “Guardian” nəşri yazıb.

Britaniya Müdafiə Nazirliyinin nümayəndələrinin məlumatına görə, Suriya və İraqda İŞİD-in nəzarəti altında olan rayonlarda cərimələr və soyğun hadisələri əhəmiyyətli dərəcədə artıb. Qeyd olunur ki, qruplaşma bununla özünün maliyyə itkilərini doldurmağa çalışır.

“Biz görürük ki, İŞİD-də nağd vasitələrin çatışmazlığı müşahidə olunur və vəziyyətdən çıxmaq üçün mümkün yolları tapmağa çalışırlar. Keçən həftə mənbələrimizdən aldığımız məlumata görə, vergi sistemi daha sərbəst olub, cərimələrin məbləği artır”, - Britaniya aviasiyanın marşalı Edvard Stringer deyib.

Stringer həmçinin əlavə edib ki, İŞİD-in komandanlığı arasında korrupsiya və əmlakın mənimsənilməsi halları müşahidə olunmağa başlanıb.

Britaniya Müdafiə Nazirliyindən daha əvvəl bildirilib ki, İŞİD gəlirin 40 faizini neft satışı, 40 faizini vergilər, digər 20 faizini isə başqa mənbələrdən əldə edir. “Guardian” qeyd edir ki, koalisiyanın son əməliyyatları ilə neft yataqlarının dağıdılmasından sonra bu nisbət müvafiq olaraq 20, 50 və 30 faiz şəklində dəyişə bilər.

“Reuters” agentliyinin dünən verdiyi məlumata görə, ABŞ hərbi aviasiyası üç həftə əvvəl Mosulda İŞİD terror təşkilatının “bank”ını məhv edib. Məlumata görə, “bank”da təxminən 150 milyon dollar olub.

Amerikalı general-mayor Piter Qirstenin sözlərinə görə, beynəlxalq koalisiya İŞİD-in anbarları və “banklar”ına ümumilikdə on zərbə endirib. Nəticədə 300 milyondan 800 milyon dollara qədər vəsait məhv edilib. General bildirib ki, böyük maliyyə problemləri ilə üzləşən İŞİD xarici muzdlulara maaş ödəməkdə çətinlik çəkir. Nəticədə İŞİD-ə qoşulan döyüşçülərin sayı aşağı düşür. Hesablamalara görə, terror təşkilatına bir il əvvəl ayda 1500-2000 nəfər qoşulduğu halda hazırda onların sayı 200-ə qədər azalıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm