Qafqaz Universitetində beynəlxalq konfrans
Bizi izləyin

Qırmızı.az

Qafqaz Universitetində beynəlxalq konfrans

Qafqaz Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93- cü ilinə həsr olunmuş Gənc Tədqiqatçıların IV Beynəlxalq Elmi Konfransı keçirilir.

Publika.az-a universitetin mətbuat xidmətindən verilən məlumata görə, konfrans Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun əməkdaşlığı və “Akkord” sənaye tikinti investisiya korporsiyasının sponsorluğu ilə keçirilir.

Konfrans öz işinə ənənəvi olaraq Fəxri Xiyabanda umummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın məzarını ziyarət etməklə başlayıb.

İki gün davam edəcək konfransı giriş sözü ilə açan Universitetin rektoru professor Əhməd Saniç Ulu Öndərin xatirəsinə həsr edilmiş bu konfransın artıq dördüncü dəfə keçirildiyini və gənc tədqiqatçıların elmi fəaliyyətinin stimullaşdırılmasında mühüm amilə çevrildiyini bildirib. Azərbaycanda elmin, təhsilin inkişafında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olduğunu qeyd edən rektor, bu siyasətin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, bu sahənin daim diqqət mərkəzində saxlanıldığını və ölkənin gələcəyində mühüm rola malik olan gənclərin yüksək bilik əldə etmələrinə dəstək verdiyini vurğulayıb.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Afət Sadıqova bu konfransın gənc alimlərin elmi potensialının üzə çıxarılmasında böyük rol oynadığını və bu sahədə gənclərin üzərinə çox mühüm vəzifələrin düşdüyünü bildirib.

Konfransda çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun baş məsləhətçisi Sərxanbəy Xudiyev ənənəvi olaraq hər il keçirilən konfransı müsbət dəyərləndirib. O, qeyd edib ki, belə konfransların keçirilməsi gənclər arasında elmi əməkdaşlığı və elmi münasibətləri daha da möhkəmlədirməklə yanaşı ölkəmizdə uğurla aparılan multikulturalizim siyasəti ilə də üst-üstə düşür.

Akkord sənaye tikinti investisiya korporsiyası keyfiyyətin idarə edilməsi departamentinin direktoru Abbas Quvalov hər bir elmi tədqiqatın istehsalata tətbiqinin vacibliyini qeyd edərək bildirib ki, “Akkord” şirkətlər qrupu bu sahədə elmi nailiyyətləri dəstəkləyir və Qafqaz Universiteti ilə əməkdaşlıqdan məmnundur.

Beynəlxalq konfrans Azərbaycan və xarici ölkə gənclərinin geniş maraqlarına səbəb olub. Məhz bu səbəbdəndir ki, Ulu Öndərin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş ”Gənc Tədqiqatçıların IV Beynəlxalq Konfransına” Azərbaycandan olan gənc alımlərlə yanaşı ABŞ (1), Böyük Britaniya (2), Almaniya (2), Fransa (1), Kanada (1), Rusiya (11), Türkiyə (28), Macarıstan (3), Ukrayna (16), Polşa (4), İndoneziya (3), İran (3), Çexiya (1), Albaniya (1), Əlcəzair (1), Misir (2), Estoniya (1), Gürcüstan (16), Yunanstan (1), Makedoniya (1), Pakistan (3), Qazaxıstan (2), Qırğızıstan (1), Özbəkistan (30), Qana (2), Kenya (1), Nigeriya (1), Filippin (1), Rumıniya (2), Sudan (1), İsveçrə (1), Venesuela (1) kimi 32 ölkənin 150-yə yaxın gənc tədqiqatçıları və elm adamları tezisləri ilə müraciət ediblər. Bütünlükdə Təşkilat komitəsinə 1700-ə yaxın tezislə müraciət olunub və elmi heyətin dəyərləndirməsindən sonra 1100 tezisin qəbul edilməsinə qərar verilib. Konfransda məruzələrin 4 dildə - Azərbaycan, Türk, Rus və İngilis dilində təqdim edilməsi qəbul edilib.

Təqdimatda İngiltərədən gəlmiş Denis A.Baird və A.Mesud Erzurumoğlu Genetik Epidemiologiya haqqında öz müştərək işlərini auditoriyaya təqdim ediblər. Hər iki tədqiqatçı müasir dövrdə bir çox xəstəliklərin genetik xarakter daşımasında qohumluq faktorunun mühüm rol oynadığını, təbabət elmində onkoloji, şişkinlik, şəkər diabeti kimi xəstəliklərinin genetik araşdırmalarına diqqət göstərildiyini diqqətə çatdırıblar və slayd təqdim ediblər.

Konfrans 5 seksiya olmaqla 20 fərqli ana istiqamət üzrə öz işini davam etdirir.

Qafqaz Universitetinin rəhbərliyi belə mötəbər tədbirin ən yüksək səviyyədə təşkili üçün lazım olan bütün tədbirləri həyat keçirib. Bu konfransın Möhtərəm Prezident İlham Əliyev Cənablarının öz Sərəncamı ilə elan etdiyi multikulturalizm ilinə də təsadüf etməsi xüsusi önəm təşkil edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm