Türkiyə səfiri tələbələrlə bir arada – FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Türkiyə səfiri tələbələrlə bir arada – FOTOLAR

Türkiyənin Anadolu Universitetinin Azərbaycan Proqramlarında distant formada müvəffəqiyyətlə təhsil alıb məzun olan tələbələrə diplom və tərifnamələrin təqdimetmə mərasimi keçirilib.

Publika.az xəbər verir ki, Bakıdakı “Park İnn” otelində keçirilən tədbirdə Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun, Eskişəhər Anadolu Dövlət Universitetinin rektoru, professor Naci Gündoğan, Eskişəhər Osmanqazi Universitetinin rektoru, professor Hasan Gönen, Anadolu Dövlət Universitetinin Azərbaycan Proqramlarının Koordinatoru Azər Hətəmov, Azərbaycan Türkiyə İşadamları Birliyinin (ATİB) İdarə Heyətinin sədri Cemal Yangın, Türkiyənin Milli Təhsil Nazirliyinin Azərbaycandakı təhsil müşaviri Abdulgafur Böyükfırat, ATİB-in İdarə Heyətinin üzvləri olan iş adamları, tələbələr və valideynlər, KİV nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Azərbaycanda Qarabağ və Türkiyədəki son terror hadisələrindəki şəhid olmuş əsgərlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Daha sonra Azərbaycan və Türkiyənin İstiqlal Marşları səslənib.

Anadolu Dövlət Universiteti Azərbaycan Proqramlarının Koordinatoru Azər Hətəmov qonaqları salamlayaraq, məzunları, tərifnamə alan tələbələri və xüsusilə onların valideynlərini təbrik edib.

O, Türkiyə ilə Azərbaycan arasında təhsil sahəsində görülən işlərdən, Anadolu Dövlət Universiteti Azərbaycan Proqramlarında olan yeniliklərdən məlumat verib.

A.Hətəmov bildirib ki, proqramlarımıza Anadolu Dövlət Universitetinin Türkiyənin Azərbaycandakı Səfirliyinin və ATİB-in dəstəyi xüsusi önəm daşıyır.

Anadolu Dövlət Universitetinin Azərbaycan Proqramlarının tərəfdaşı olan ATİB-in İdarə Heyətinin sədri Cemal Yangın çıxışında məzunları və valideynlərini təbrik edərək, bu ali təhsil ocağının məzunu olmağın böyük bir uğur olduğunu bildirib.

İş adamı Anadolu Dövlət Universitetinin “Yaşamboyu Eğitim” devizində olduğu kimi, insanların doğulandan ölənədək elm öyrənməsinin vacibliyini vurğulayıb.

Anadolu Dövlət Universitetinin rektoru Naci Gündoğan isə Türkiyədən hər kəsə salam gətirdiyini bildirib.

Daha sonra rektor deyib: “Mən də Universitetim adına belə bir auditoriyaya xitab etdiyim üçün ayrı bir həyəcan və xoşbəxtlik hiss edirəm. Anadolu Dövlət Universiteti bilirsiniz ki, bir ailədir və Azərbaycan da bu ailənin bir üzvüdür. Bildiyiniz kimi, bütün dünya üzrə iki milyonu aşan tələbə sayımız var və Azərbaycanda olan tələbələrimiz mövcud olan tələbələrimizin mində biridir, lakin biz olaylara kəmiyyət olaraq deyil, keyfiyyət olaraq baxırıq və Azərbaycanda olan tələbələrimizə xidmət göstərməkdən qürur duyuruq. Çünki, onların gözlərindəki həyəcanı, xoşbəxtliyi hiss edirik. Anadolu Dövlət Universitetinin yarandığı gündən bəri təməl hədəfi harada türk varsa, biz Anadolu Universiteti olaraq orda olacağıq, təhsil verəcəyik, oradakı türklərə qucaq açacağıq”.

Rektor qeyd edib ki, Anadolu Dövlət Universiteti Azərbaycan və Türkiyə dövlətləri arasında körpü rolunu oynayır: “Biz ulu öndər Heydər Əliyevin də söylədiyi kimi, “bir millət, iki dövlət” prinsiplərini həyata keçirdirik”.

Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun isə vurğulayıb ki, insan həyatının ən gözəl anları tələbəlik illəridir: “Mən də bu gün sizlərlə eyni həyəcanı yaşadım. Sizə verilən bu fürsətdən, zamanınızı düzgün istifadə edərək dəyərləndirin. Türkiyənin Anadolu Dövlət Universitetinin bu layihəsi Azərbaycandakı tələbələrə yüksək keyfiyyətli tədris proqramı keçərək, onların gələcək həyatında bir addım daha öndə olmaqlarına dəstək məqsədi daşıyır”.

Səfir Alper Coşkun məzunları, tərifnamə alan tələbələri və valideynləri də təbrik edib.

Qeyd edək ki, tədbirdə bir neçə məzun və onların valideynləri çıxış ediblər. Tədbirin sonunda məzunlara diplomlar, tələbələrə isə tərifnamələr rəsmi nümayəndələr tərəfindən təqdim edilib.

Tədbir konsert proqramı ilə yekunlaşıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm