Dəbsevərlərə ilham verən cazibədar xanımlar – FOTOLAR
Bizi izləyin

Dəb

Dəbsevərlərə ilham verən cazibədar xanımlar – FOTOLAR

Əvvəllər hər onilliyin öz stil ikonu olurdu, moda dünyasında modellərdən çox kinoaktrisaların sözü keçirdi. Odri Hepbörn, Bridcit Bordo və ya Elizabet Teylor kimi ulduzların stili hələ də dizaynerlərə ilham verir. Ancaq müasir dövrdə dəb anlayışının daha sürətlə dəyişdiyini etiraf etməliyik. Artıq ikonalar 10 və ya 20 il yox, cəmi 1 mövsüm, ən yaxşı halda 1 il gündəmdə qala bilirlər. Hətta hər ilin öz stil ikonası olduğunu desək, yanılmarıq. Məsələn, ötən il məşhur modellər Cici Hadid, Kendal Cenner və Kara Delevinin, eləcə də pop ulduz Rihannanın stili diqqət mərkəzində idi. Bu il isə bəlkə də adını ilk dəfə eşitdiyiniz xanımlardan ilham almalı olacaqsınız.

Publika.az-ın "Onların stili" layihəsində ilin ən ilhamverici qadınlarını tanıyacaqsınız.

Steysi Martin

"Nymphomaniac" filmindəki cəsur səhnələri ilə məşhurlaşan 1991-ci il təvəllüdlü Steysi Martin moda dünyasına istiqamət verən dizaynerlərin yeni sevimlisidir. 2014-cü ildə "Rag&Bone", 2015-ci ildə "Miu Miu" brendlərinin reklam kampaniyasında rol alan Steysi üçün 2016-cı ilin ən parlaq dövr olacağı deyilir. Klassik stildə geyinməyi xoşlayan gənc aktrisa daha çox qara, qəhvəyi, mavi, ağ və zoğalı rəngləri xoşlayır. Sinə dekoltesinə üstünlük verir. Saç düzümündə də klassik kəsimləri özünə yaraşdırmağı bacarır. Aktrisa getdiyi bütün tədbirlərdə klassik tərzini tamamlayan sadə, ancaq effektli makiyajı ilə göz oxşayır. Qara və qəhvəyi saç çalarlarını sevənlər, klassikadan uzaqlaşmadan şıq və dəbli görünmək istəyənlər üçün Steysi Martindən yaxşı ilham pərisi ola bilməz.

Lili-Rouz Depp

Yaraşıqlı aktyor Conni Depplə model Vanessa Paradinin qızlarının zövqsüz olma ehtimalı yəqin ki, sıfırdır. Elə buna görə də, hələ 16 yaşında olmasına baxmayaraq, Lili ilin stil ikonası olmağa namizəddir.

Lili bir dəqiqə boş dayanmır. O, ötən il məşhur reper Rejji Snounun klipində rol alıb, uzun metrajlı bir filmdə ilk aktrisalıq təcrübəsini yaşayıb və bu kifayət etmirmiş kimi, dizayner Karl Laqerfeldin ilham pərisi olaraq "Chanel"in dəfiləsinə çıxıb. Bundan sonra isə eyni markanın yeni model günəş eynəklərinin reklam siması seçilib. Lili qısa saçları və maraqlı stili ilə gənc qızlara ilham verməyə layiqdir. O, solğun rəngləri sevir. Elə buna görə də, yaşıdlarından seçilməyi bacarır. Ağ rəngdə geyinmək isə onun üçün ən böyük həzzdir. O, gipürlü, naxışlı, printli geyimləri sevsə də, əlavə aksessuarlardan istifadə etmir. Makiyajda isə yaşına uyğun olaraq, diqqət çəkməyən, sadə çalarlara meyl edir.

Zendaya

Karyerasına "Disney" ulduzu olaraq başlayan 1996-cı il təvəllüdlü aktrisa, müğənni, rəqqas və model Zendaya da ilin stil ikonları arasında göstərilir. Tez-tez imicini dəyişən, müxtəlif saç formalarına mürciət edən gözəl ulduz hər üslubu özünə yaraşdırmağı bacarır. Zendaya həm parlaq çalarları, həm də ağ rəngi sevir. Qırmızı, qızılı, sarı da onun sevdiyi rənglər arasındadır. Zendayanın qaş forması da öz orijinallığı ilə seçilir. Odur ki, bu gözəlin həm geyim, həm də makiyaj stilini yaxından təqib etmək məsləhətdir.

FKA Twigs

"Alatoranlıq" filminin ulduzu, yaraşıqlı aktyor Robert Pattinson ilə sevgili olduqdan sonra məşhurlaşan FKA Twigs də artıq dəb ikonası hesab edilir. Dəb anlayışına zidd geyinsə də, öz orjinallığı ilə dizaynerlərin rəğbətini qazanan ulduz xüsusilə, saç modelləri, üzünə taxdığı maraqlı aksessuarlar ilə diqqət çəkməyi bacarır. Onun ən sevdiyi rəng qaradır. Tədbirlər üçün demək olar ki, ancaq qara rəngli geyimlər seçir. Geyindiyi dekolteli libaslara görə, onu "ən cəsur" dəb ilahəsi adlandırırlar. Çılğın geyim stilinə görə bu gözəli pop ulduz Rihanna ilə müqayisə edirlər. Hətta onu Rihannanın ən böyük rəqibi hesab edənlər də var. 2016-cı ildə FKA Twigsin bir çox böyük moda brendi ilə əməkdaşlıq etməsi gözlənilir.

El Fenninq

Qarşıda bizi yay ayları gözləyir. Yay mövsümündə məhz gənc aktrisa El Fenninqdən ilham almağınızı məsləhət görərdik. Çünki El Fenninqin romantik üslubu yayın əhval-ruhiyyəsi ilə uyğunlaşır. 17 yaşındakı ulduz Hollivudun zəriflik timsalı hesab edilir. "About Ray" filmindəki performansı ilə kino tənqidçilərin rəğbətini qazanan aktrisa moda ikonası olmaqda da iddialıdır. Onun film qalalarında geyindiyi romantik üslubdakı libasları göz oxşayır. El Fenninqin seçdiyi saç modelləri və makiyajlar da üslubunu qüsursuz şəkildə tamamlayır. Aktrisanın tərzindən ilham almaq istəyənlər qarderoblarına ipək parçadan geyimlər, çiçək printli don və ətəklər, gipürlü donlar əlavə etməlidirlər. Gənc aktrisa hər rəngi sınaqdan keçirsə də, solğun çalarlara üstünlük verir. İlk baxışda diqqəti çəkən, parlaq rənglərdən uzaq durur. Təbii gözəllik axtarışında olanlar üçün El Fenninq əla tapıntıdır.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm