Dollarla kredit borcları niyə ləğv edilmir? – Açıqlama
Bizi izləyin

Ekopublika.az

Dollarla kredit borcları niyə ləğv edilmir? – Açıqlama

“Xarici valyutada olan kreditlərlə bağlı hər kəsin gözlədiyi qərarlar açıqlandı. Ancaq çox təssüf ki, bu qərarlarda yüz minlərlə insanların böyük ümüdlə gözlədiyi əsas məsələ öz həllini tapmadı”.

Bu sözləri Publika.az-a açıqlamasında iqtisadçı-ekspert Fikrət Yusifov deyib. O bildirib ki, bankların zaman-zaman vətəndaşlara xarici valyutada zorla verdikləri kreditlərin ödənilməsi ilə bağlı yaranmış vəziyyətdə heç bir dəyişiklik baş vermədi: “Maliyyə Bazarlarına Nəzarət Palatası bu məsələnin həllini yalnız xarici valyutada verilmiş kreditlərin sağlam kreditləşmə şərtləri ilə restrukturizasiya edilməsində görə bildi. Bu qədər “dişsiz” bir qərar vermək üçün bir ay düşünməyə gərək yox idi. Əslində bu addımları Palatanın məlum qərarı olmadan da banklar özləri atırdı. Əksinə, Palata xarici valyutada olan kreditlərlə bağlı bütün əməliyyatlara qadağa qoymaqla, banklar tərəfindən həmin kreditlərin bu və ya başqa şəkildə restrukturizasiya edilməsi prossesini bir ay ləngitdi. Başa düşmək olmur ki, insanların həllini hədsiz ümüdlə gözlədiyi belə mühüm məsələyə Palata və onun rəhbərliyi nə üçün bu qədər etinasız bir münasibət sərgilədi”.

İqtisadçı deyib ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının xarici valyutada gəliri olmayanlara xarici valyutada kreditlərin verilməsinə qadağa qoyması doğru bir qərardır: “Əslində bu təklifi bir neçə aydır ki, mətbuat səhifələrində əksər iqtisadi yazarlar tərəfindən, o cümlədən bizim tərəfimizdən səsləndirirdi. Sadə bir məntiq də xarici valyutada kreditlərin verilməsində bu prinsipin gözlənilməsinin əsas məsələ olduğunu deyirdi. Yəni bu qərarın qəbulu ilə Palata yeni heç nə təklif etmədi. Onun xarici valyutada əmanətləri olan vətəndaşlara xarici valyutada kreditlərin verilməsinin mümkün sayılması isə bir qədər müəmmalı qərardır. Bu gün banklarda olan bütün əmanətlərin 80,4%-i xarici valyutada olan əmanətlərdir. Bu qədər əmanətin xarici valyutada olması o demək deyil ki, onların sahiblərinin xarici valyutada gəlirləri var. Xarici valyutada əmanətlərin bu həddə qədər artması, keçən il manatın iki kəskin devalvasiyası ərəfəsində və ondan sonrakı dövrlərdə baş vermişdi. Yəni vətəndaşlar sadəcə olaraq, manatda olan əmanətlərini, xarici valyutada olan əmanətlərə çevirmişdilər. Bəs belə olan halda onların xarici valyutada kredit almalarına razılıq verilməsi nə deməkdir? Cavab çox sadədir. Əgər xarici valyutada əmanəti olub, xarici valyutada kredit götürən bir müştərinin gəlirləri manatladırsa və o manatla olan qazancı ilə xarici valyutada olan krediti gələcəkdə müəyyən səbəbdən - elə bugünkü kimi, qarşılaya bilməsə, deməli bank onun kredit borcunu xarici valyutada olan əmanətindən siləcək. Belə bir bəsit qərarın verilməsi üçün də bir ay sərasər düşünməyə ehtiyac yox idi. Banklar bu qərarsız da xarici valyutada əmanəti olub, xarici valyutada kredit götürən müştərilərlə belə yanaşırdılar”.

Onun sözlərinə görə, xarici valyutada olan kreditlərin ödənişi sahəsində yaranmış problemləri həll etməyin çox sadə yolları var idi və bununla bağlı iqtisadçı ekspertlər tərəfindən son bir neçə ay ərzində kifayət qədər təkliflər verilmişdi: “Onların içərisindən ən optimal sayıla biləcək təklifləri seçib istifadə etmək mümkün idi. Belə olduğu tədqirdə, yaranmış problem həm vətəndaşlar və həm də banklar üçün öz həllini tapmış olardı. Yeni yaranmış Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbərliyi başa düşməlidir ki, bu gün cəmiyyətdə vətəndaş – Prezident birliyinin bu qədər yüksək səviyyədə olduğu bir dönəmdə, yüz minlərlə insanın taleyinin bağlı olduğu məsələnin tək iqtisadi deyil, həmdə siyasi əhəmiyyəti kifayət qədər böyükdür. Bu səbəbdən, məsələnin həllinə hər iki prizmadan yanaşmaq lazım idi”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm