Milli Məclis bu cəzaları sərtləşdirdi
Bizi izləyin

Nida.az

Milli Məclis bu cəzaları sərtləşdirdi

Azərbaycanda oğurluğa görə cəzalar ağırlaşdırılıb, eyni zamanda mütəşəkkil dəstə oğurluğunun minimum həbs müddəti uzadılıb.

APA-nın məlumatına görə, bu, bu gün Milli Məclisin plenar iclasında qəbul edilən Cinayət Məcəlləsinə əlavə və dəyişikliklərdə əksini tapıb.

Maddənin 1-ci bəndinə edilən dəyişikliyə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama 500 manatdan 1000 manata qədər cərimə və ya 180 saatdan 240 saatadək ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq. Hazırda isə bu cəza yüz manatdan yeddi yüz manatadək miqdarda cərimə və ya yüz səksən saatdan iki yüz qırx saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Maddənin 2-ci bəndinə əlavə edilən beşinci hissəyə görə, oğurluq zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədildikdə, 3 min manatdan 5 min manatadək miqdarda cərimə və ya 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddənin 3-cü bəndinə edilən dəyişikliyə görə, eyni əməllər: mütəşəkkil dəstə tərəfindən törədildikdə, külli miqdarda ziyan vurmaqla törədildikdə, əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox məhkum edilmiş şəxs tərəfindən törədildikdə, 7 ildən 12 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Hazırda isə bu cəza 6 ildən 12 ilə qədərdir.

Milli Məclisin plenar iclasında İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklər də müzakirəyə çıxarılıb.


Dəyişikliklərdə bir sıra qanunsuz hərəkətlərlə əlaqədar tətbiq edilən cərimələrin sərtləşdirilməsi nəzərdə tutulur.

Dəyişikliklərdə qanunsuz lotereya və idman mərc oyunlarının keçirilməsi, yalançı sahibkarlıq, saxta müflisləşmə, əmtəə nişanlarından qanunsuz istifadə etmə, qəsdən müflisləşmə, istehlakçıların hüquqlarının pozulması və digər qanunsuz hərəkətlərin daha sərt cərimələnməsi təklif edilir.

Dəyişikliklər müzakirələrdən sonra səsə qoyularaq qəbul olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm