Deyir get qüsl al, gəl məscidə
Bizi izləyin

Digər

Deyir get qüsl al, gəl məscidə

Vaxtımız azdı, ona görə birbaşa mətləbə keçək: “Quran motivləri əsasında hekayə” müsabiqəsi başa çatdı. Müsabiqənin qalibi Mirmehdi Ağaoğludur. İstedadlı, zəhmətkeş yazıçı. Mehriban, istiqanlı insan.

Müsabiqə haqqında sosial şəbəkələrdə müəyyən fikirlər yazıldı və kimlərsə nədəsə ittiham edildi. Söhbət ondan gedir ki, dostlar bəzi məsələləri qarışdırır, onlar açıq-aydın yazırlar: “Quran motivində hekayə yazmaq mollabaşlıqdı”. Burda molla sözü mənfi mənada, ikrahla işlənir. Əsrlərlə əsarətdə qalan xalqın öz din xadiminə mənfi fiqur, düşmən kimi baxması ağrılı bir həqiqətdir. Bu həqiqət haqqında çox danışmaq, çox yazmaq olar. Lakin biz indi başqa şeydən danışırıq.

İndi, şükür Allaha, bizim müstəqil dövlətimiz var, minlərlə şəhid verib istiqlal qazanmışıq. Müqəddəs kitabımız olan Quran motivləri əsasında hekayə müsabiqəsi keçiririk. Xahiş eləyirəm, bu ifadəyə diqqət eləyək: MOTİVLƏRİ ƏSASINDA!

Motivləri əsasında o demək deyil ki, biz hekayəmizdə dəstəmazın fərzləri, orucun fəzilətləri, cihad vaxtı siğəyə icazə verilib-verilməməsi barədə yazmalıyıq. Yaxud Quran məntiqini birmənalı müdafiə eləyib, başqa dünyagörüşləri birmənalı inkar etməliyik.

Qardaşlar və bacılar, sabah mən Quran motivləri əsasında roman yazaram, orada yazıçı yanaşmam ateist yanaşması olar. Yaxud “Ateistin cib dəftəri” kitabını götürüb bir hekayə yazaram, orada namaz qılmayan insanların cənnətə düşə bilməyəcəyi barədə qəti qənaətə gələrəm. Yəni demək istədiyim odur ki, mətləbi qarışdırmayaq.

Mirmehdi hekayəsində Heminqueyi tövbəyə səsləyir. Deyir get qüsl al, sabah gəl məscidə. O nədi, “Qoca və dəniz”də deyirsən ki, insan fələk qarşısında acizdir. Santyaqonu niyə tənhalığa məhkum eləmisən? Əzm, mübarizə niyə bəhrə vermir? Qoca Ernest, get Quranı oxu, yerin-göyün sahibi hər şeyi görür, zəhmət çəkən, inanan, əzmlə çalışan insan heç vədə darda qalmaz.

Bu, Mirinin yazıçı mövqeyidir. Yazıçı dünyagörüşüdür. Və ən əsası da odur ki, o, bu fikirlərini, bu dünaygörüşünü sənətkarlıqla ifadə eləyə bilib. Məncə, məhz bu xüsusiyyətinə görə onun qələminin məhsulu münsiflərin yüksək qiymətinə layiq görülüb.

Bu cümlələri yaza-yaza ağlıma gəldi. Gəldisə, qoy elə növbəsiz-filansız yazımızın yaxşı yerində ona söz verək: Mirmehdinin hekayəsindəki Santyaqo onun özüdür. (Necə ki, “Qoca və dəniz”dəki Santyaqo Hemiquey idi) Mirmehdi də öz Santyaqosu kimi zəhmətlə, əzmlə, mübarizə ilə məqsədinə nail olub. Məhz bu zəhmətkeşliyə, bu əzmə görə ona təşəkkür düşür.

Bir təşəkkür borcumuz da bu müsabiqəni keçirən Yaradıcılıq Fondunadır. Başda dəyərli, əzizi-bizlər Kamal Abdulla olmaqla həmin fondda işləyən dostlarımız çox böyük tarixi bir iş gördülər, heç vaxt yaddaşlardan silinməyək bir layihə həyata keçirdilər.

Ədəbiyyatın inkişafına, ədəbi mühitin forlmalaşmasına təkan verən müsabiqələr çox olsun. Çox olsun ki, biz də həvəslənək, yazaq-yaradaq, müstəqil Azərbaycanın müstəqil düşüncəli bədii söz qalasına heç olmasa bir kərpic qoyaq.

Unutmayın dostlar: MOTİVLƏRİ ƏSASINDA – MOTİVLƏRİ! Söhbəti qarışdırmayın. Sizə motiv təklif olunur, yerdə qalanı özünüz seçirsiniz. Hər yazıçının isə öz dünyası, öz yanaşması var. Ədəbiyyatın gözəlliyi də elə bundadır.

Mən getdim, sağ olun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm