“Casus”un sökülən evi
Bizi izləyin

Digər

“Casus”un sökülən evi

Bakıda o adamın evini sökdülər ki, səhnədə olarkən ayağa qalxaraq onu alqışlayanlar arasında Üzeyir Hacıbəyli, Əbdürrəhim bəy Haqverdiyev, Nəriman Nərimanov, Cəlil Məhəmmədquluzadə, Hüseyn Cavid, Cəfər Cabbarlı, Seyid Hüseyn var idi.

Bakıda o adamın evini sökdülər ki, dünya klassikləri olan Şekspirin, Şillerin, Molyerin, Puşkinin, Qoqolun, Turgenevin, Namiq Kamalın, Qorkinin, Hüqonun əsərlərinin tamaşasında rol almışdı.

Bakıda o adamın evini sökdülər ki, Ağa Məhəmməd şah Qacar, Nadir şah Əfşar, Oqtay, İblis, Kefli İskəndər, Fəxrəddin kimi obrazları oynamışdı.

Kim idi özü repressiyaya uğrayan, indi isə evi uçurdulan adam?

Özünün 1919-cu ildə yazdığı tərcümeyi-halında deyir:

“9 mart 1893 səneyi-miladidə Şamaxı şəhərində mütəvəllid olmuşam. Hənüz iki yaşında ikən valideynim ilə bərabər Bakı şəhərinə köçdük. Burada 1903-cü il sentyabr ayının 21-də ikinci rus-müsəlman şkolasına daxil oldum”.

Sonra təhsilini III Aleksandr adına gimnaziyada davam etdirir, lakin xəstəliyi olduğu üçün oradan ayrılmalı olur.

Hələ uşaq ikən əmisinin “Şəbeh” tamaşasında əsir qız uşağı rolunu oynayır.

1908-ci ildə ilk dəfə səhnəyə çıxır. Molyerin “Zorən təbib” komediyasında lal qızın rolunu oynayır.

1910-ildən “Səfa”, “Nicat” xeyriyyə cəmiyyətlərinin teatr truppalarında çıxış edir.

1911-ci ildə onu bir sənətkar kimi təsdiq edən ilk obrazını “Ağa Məhəmməd Şah Qacar”ı yaradır.

1912-də “Səfa” maarif cəmiyyətinin hazırladığı “Lənkəran xanın vəziri” tamaşasında Teymurağa rolunda oynayır.

1913 ildən Azərbaycanın rayonlarına, Orta Asiya, Şimal Qafqaz, Volqaboyu, İrana qastrola gedir.

1917-ci ildə Hacıbəyli qardaşlarının truppasına rejissor olaraq dəvət olunur.

1918-ci ildə “Bakı müsəlman aktyorlar ittifaqı”nı və bir dram məktəbini təşkil edir.

Həmin ilin mart qırğınlarında ermənilər “İsmailiyyə” binasını yandırdıqlarına görə bu ittifaqın həmin binada olan inventarları da məhv olur.

Çox çalışqan idi. İstər çar, istər Cümhuriyyət, istərsə də sonralar qətlinə fərman veriləcəyi sovet dönəmində canla-başla çalışırdı.

Xanımı Hənifə Şərifova bu barədə yazır:

“Abbasmirzə öz sevimli rollarından biri olan Şeyx Sənanı da çox diqqətlə hazırlayırdı. Bu vaxt o, Hüseyn Cavid ilə birlikdə gecə yarısına qədər, bəzən səhərə qədər küllü miqdarda qəhvə içib işlərdi...”.

Yuxusunu sənətə qurban vermiş bir adam idi.

Azərbaycan teatrı səhnəsində ilk dəfə 1926-ci ildə Hamleti obrazını məhz Abbas Mirzə Şərifzadə oynayıb.

1926-cı il “Bakinski raboçi” qəzetinin 27 dekabr sayında ““Hamlet” türk səhnəsində” adlı yazıda qeyd olunur:

“Abbasmirzə Şərifzadənin yaratdığı Hamlet rolu tamaşaçının bütün varlığına təsir edir”...

Cəfər Cabbarlı onu belə xatırlayırdı: “O zaman artistə “arsız” deyirdilər. Arsızı isə evdən qovur, qız verməyir, çörək satmayırdılar. Artist nişanlısının, yalnız artist olduğu üçün gözü yaşlı özgəyə verildiyini kim görməmişdir? Teatr tamaşasına gələnlərin belə üzünə qapılar bağlandığını kim görməmişdir? Lakin bunların heç biri Abbasmirzəni qorxutmamışdı”.

Abbasmirzə Azərbaycan teatrının formalaşdığı o ağır illəri yaşamışdı...

Təsadüfi deyil ki, C.Cabbarlı teatrı qaldıran iki adam olaraq Ərəblinski ilə yanaşı Şərifzadənin adını çəkir.

Hələ 1919-cu ildə “Övraqi-nəfisə” jurnalında onun haqqında yazılırdı ki, Ərəblinskinin ölümündən sonra teatrda yaranmış açıqlığı ancaq Şərifzadə aradan qaldıra bilər.

Taleyə bax ki, hər iki sənətkar faciəli şəkildə öldürülür...

1938-ci il oktyabr ayının 19-da ona “casusluq fəaliyyətinə görə” güllələnmə hökmü verilir.

Özü də qastrola getdiyi, yaxşı aktyor olduğuna görə İran konsulluğunda və İran xalqında qazandığı etimada görə.

Hökm noyabrın 16-da yerinə yetirilir…

O, təkcə teatrda deyil, kino sahəsində də işlər görmüşdü, sonrakı nəsil teatr xadimlərinin yetişməsində önəmli rol oyanmışdı.

Beləcə, Bakıda belə bir adamın evini sökdülər.

O bina üç quruluşda səhnəyə çıxmış bir adamın yadigarı idi.
O bina repressiyaya uğramış bir sənətkarın yadigarı idi.
O bina XX əsr Azərbaycan teatrına damğa vurmuş bir aktyorun yadigarı idi…

- See more at: http://teleqraf.com/news/97570#sthash.LK5JUVfp.dpuf

Oxumağa davam et
Reklam
Reklam

Gündəm