YUĞ-un gənc aktyoru: “Tamaşaçıya maraqlı olmadığını görəndə çıxıb getməlisən”
Bizi izləyin

Layihə

YUĞ-un gənc aktyoru: “Tamaşaçıya maraqlı olmadığını görəndə çıxıb getməlisən”

Əməkdar artist Vidadi Həsənovun bədii rəhbəri olduğu "M teatrı"nın ilk tamaşası "Məsəl, ya..." bu yaxınlarda təqdim olundu. Ü.Hacıbəyovun "Ordan-burdan" silsiləsi əsasında hazırlanmış tamaşada istedadlı aktrisa Günay Əhməd, YUĞ teatrından tanıdığımız aktyorlar Amid Qasımov, Oqtay Mehdiyev, Vüqar Hacıyev, Elgün Həmidov rol alıb.

Publika.az "Şirin söhbət" layihəsi çərçivəsində adı çəkilən tamaşanın aktyoru və rejissor asisstenti Elgün Həmidovla söhbətləşib.

- "Məsəl ya..."-nı izləyib bəyənənlərdən biriyəm. Tamaşanın əvvəlində izləyicilərə verdiyiniz sualı bu dəfə də mən sənə yönəltmək istəyirəm: Müsəlmanlarda məsəl çoxdur, ya əməl?

- Müsəlmanlarda deməyək, ümumiyyətlə, insanlarda əməl az müşahidə olunur. Təbii ki, baxır insana... Elə insanlar var məsəl, elə insan da var ki, əməl yönü ağır gəlir. Bunlar insan təbiəti ilə əlaqəli məsələlərdir.

- Biz görmüşük ki, tamaşa bitəndə izləyicilər aktyorları alqışlayar. Ancaq sizin səhnədə əksi oldu. Dediniz ki, sonuncu tamaşaçı zalı tərk edənə kimi bütün gələnləri alqışlayacaqsınız. Düzü, bu jest çox xoşuma gəldi. Bu Vidadi müəllimin ideyası idi?

- Tamaşamız ilk dəfə səhnəyə qoyulanda müəllim belə bir fikir səsləndirdi. Təbii ki, tamaşaçıya hörmət əlaməti olaraq düşünülmüş addımdır.

- Sizin tamaşa başa düşən insanlar üçün düşündürücü, lazımlı mesajlar ötürən səhnə əsəri kimi yadımda qaldı. Səncə, elə teatrın məqsədi də insanı düşündürmək, müəyyən suallara cavab tapmağa ürəkləndirməkdir?

- Yanaşmalar fərqlidir. Aktyor səhnədə özü ilə məşğul olur. Tamaşanın aktuallığı, ideyası, problemi və s. önəmli məsələdir. Tamaşa həm də tamaşaçıya təsir etməlidir, təəssürat vacibdir. Tamaşaçı vaxt ayırıb tamaşaya baxırsa, təsirlənmək istəyir. Ona görə də tamaşanın maraqlı olması əhəmiyyət daşıyır. Bunların hamısının balansı qorunmalıdır.

- Bizə ilk səhnə təcrübəndən danış.

- Peşəkar teatra Pərviz (Məmmədrzayev) müəllimlə "Simsar" teatr studiyasında başlamışam. İlk dəfə "Niyə" adlı tamaşada rol almışam. Daha sonra YUĞ teatrında işlədim, "Azdrama"dan dəvət etdilər...

- Bu günə kimi təxminən neçə tamaşada rol almısan?

- YUĞ teatrının 5-6 tamaşasında iştirak etmişəm, "Azdrama"da "Əmir Teymur", "Tıq-tıqın qonaqları", "Küpəgirən", "Nadir şah" tamaşalarında iştirak etmişəm. İndi də "Müfəttiş" tamaşasının məşqləri gedir.

- Aktyor olmağa nə zaman qərar verdin?

- Bu fikir yavaş-yavaş formalaşdı. Rejissorluq sahəsində təhsil almışam. Ancaq təhsil müddətində məndə özümə inam yarandı və aktyorluq sahəsində davam etməyə qərar verdim. İndi də hərdən özümə sual verirəm ki, görəsən, davam etməyə dəyərmi? Mənə elə gəlir ki, tamaşaçıya maraqlı olmadığını görəndə çıxıb getməlisən.

- Rejissor və ya aktyor kimi kumirin var idi?

- Kiminsə ideal gördüyü birinə oxşaması doğru deyil. Çünki başqasına oxşamağa çalışsan, maraqlı olmayacaqsan. Ancaq deyə bilərəm ki, müəllimlərim mənim üçün nümunədir. Vidadi müəllimdən, Pərviz müəllimdən, Gümrah müəllimdən çox şey öyrənmişik və öyrənməyə də davam edirik.

- Serial, reklam təklifləri gəlir?

- Bir-iki reklam təklifi olub, ancaq reklama çəkilməyi sevmirəm. Serial təklifi də gəlib. Lakin bəzi məsələlərdə razılığa gələ bilməmişik, alınmayıb. "Çaqqal nəfəsi" serialında isə kiçik bir rola çəkilmişəm.

- Digər serialda bəyənmədiyin nə idi? Ssenari, qonorar, yoxsa tam başqa bir səbəbə görə təklifi geri çevirdin?

- İşin keyfiyyəti önəmlidir. Qısa bir müddətdə çox iş tələb olunanda keyfiyyət azalır. Təklifi qəbul etməməyimə qonorar məsələsi də, münasibət məsələsi də səbəb ola bilər. Məsələn, səni çağırırlar, ancaq özləri həmin vaxtda gəlmirlər. Sən də vaxt itirirsən və çıxıb gedirsən.

- Müsbət obrazı canlandırmaq asandır, yoxsa mənfi obrazı? Və sən hansını canlandıranda daha çox həzz alırsan?

- Necə ki, bütün xüsusiyyətləri pis olan insan yoxdur, eləcə də bütövlükdə mənfi obraz yoxdur. Ona görə də bir cinayətkarı belə canlandırsan tamaşaçını buna inandırmalısan. Bunu edə bilsən, deməli, işinin öhdəsindən gəlmisən.

- Sevdiyim aktyorların və ya aktrisaların müsahibələrini oxumağı sevirəm. Ona görə də bilirəm ki, bir çox aktyor canlandırdığı obrazın təsirinə düşür və aylarla bundan xilas ola bilmir. Sən heç belə bir halla üzləşmisən?

- Mənim başıma gəlməyib. Bəzən aktyor olmadığımı belə düşünürəm. Mən obrazla yaxınlıq hiss etməsəm, onu canlandırmaq mənim üçün çətin olur.

- Özünü yaxşı teatr tamaşaçısı hesab edirsənmi? Tamaşa, film izləyirsən, yoxsa sən də "kitab oxumuram, kitab yazıram", deyən yazarlarımız kimisən? (gülürük)

- Kitab da oxumağı sevirəm, tamaşaya da baxıram, film də izləyirəm.

- Ən çox sevdiyin, "onun filmlərini mütləq izləyin", deyə biləcəyin rejissor kimdir?

- Mən filmlərə peşəkar gözlə yox, adi tamaşaçı kimi baxıram. Yəni filmin məndə yaratdığı təəssürat, ötürdüyü hisslər önəmlidir. Mənim ən çox sevdiyim filmlərdən biri "Mənim adım Sam"dır. Animasiyalar arasında Miyazakinin "Yeriyən qəsr"ini, tamaşalardan isə Poluninin "Qar şousu"nu çox xoşlayıram.

- Haluk Bilginər müsahibələrindən birində deyir ki, özünün rəhbərlik etdiyi "Oyun atelyesi" adlı teatrın səhnəyə qoyduğu tamaşaların biletləri günlər öncəsindən bitir. Halbuki, biletlər, elə də ucuz deyil, 30-40 lirədir. Səncə, bir gün ölkəmizdə də teatr geniş kütlə üçün maraqlı olacaq, yoxsa həmişə belə dar çərçivədə qalacaq?

- Bu sənətlə məşğul olan insanlar, peşəkarlar birləşməlidir. Onda bizdə də bu proses gedəcək. Həm mənəvi düşüncələri, həm də sənət tərzi, düşüncələri yaxın olan insanlar birləşməli, gənclər cəlb olunmalı, ortaya gözəl işlər qoyulmalıdır. Hazırda Azərbaycanda bunu edə biləcək insanlar var.

- Vidadi müəllim sənin gələcəkdə yaxşı rejissorlardan biri olacağını düşünür. Elə "Məsəl ya..." tamaşasında da rejissor köməkçisi kimi işləmisən. Gələcəkdə rejissorluq sahəsində daha çox irəliləməyi düşünürsənmi?

- Bu tamaşada rejissor işinə qatqım olmayıb. Sadəcə, yeni yaranan teatr olduğu üçün hamı əlindən gələn işi görüb, kömək edib. Ancaq gələcəkdə rejissorluq sahəsi ilə bağlı həyata keçirmək istədiyim işlər var.

İlknur

Oxumağa davam et
Reklam
Reklam

Gündəm