Rasim Musabəyov Nalbandyana cavab verdi
Bizi izləyin

Nida.az

Rasim Musabəyov Nalbandyana cavab verdi

Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın prezidentlərin Vyana görüşünün nəticəsi ilə bağlı söylədiyi fikirləri şərh edib.

Deputat R.Musabəyov Publika.az-a açıqlamasında deyib ki, gələn ay Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün keçirilməsi, buna qədər irəli sürüləcək təkliflərdən asılıdır: “Hələlik belə bir fikir var və elan edilib ki, bu ayın sonu və yaxud gələn ayın əvvəli Brüsseldə Azərbaycan və Ermənistan prezidentləri arasında növbəti görüş keçirilsin. Ancaq hələlik bununla bağlı ortalıqda konkret razılıq yoxdur.

Bilirsiniz, prezidentlərin görüşməsi üçün əvvəlcə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birgə görüşüb, iş aparmalıdırlar.

Edvard Nalbandyan da deyib ki, belə bir görüş gözlənilir. Ancaq ortalıqda hələlik konkret razılıq yoxdur. Nalbandyan deyib ki, Vyana görüşü ətrafında iş görülməlidir”.

R.Musabəyov qeyd edib ki, təkcə xarici işlər nazirlərinin görüşməsi ilə irəliləyiş olmur: “Ümumiyyətlə, müzakirə üçün ortalığa konkret sənəd çıxarılarsa, o zaman müəyyən irəliləyiş ola bilər. Ancaq açığı deyim ki, buna ümidim böyük deyil”.

Xatırladaq ki, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Vyanada nail olunmuş razılıqların həyata keçməsi ilə bağlı məsələlərin müzakirə edilməsinin nəzərdə tutulduğunu bəyan edib.

Erməni nazir deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Serj Sarkisyanın növbəti görüşü zamanı sənədlər imzalanmayacaq: “Bu görüş danışıqların sonrakı mərhələsinə imkan verəcək. Daha yüksək səviyyəli görüşlər ola bilər. Vyana razılaşmasında yüksək səviyyəli görüşlərə məhdudiyyət qoyulmayıb. Amma biz müzakirələrin bərpa olunması haqqında danışarkən hər hansı bir razılaşmanın imzalanması haqqında danışmaq nəinki tezdir, hətta imzalanmalı olan hər hansı bir sənəd belə yoxdur. Danışıqların məqsədi də məhz münaqişənin yeni həll yollarının hazırlanmasıdır”.

E.Nalbandyan deyib ki, Azərbaycan və Ermənistan arasında danışıqların yeni mərhələsi barədə razılıqlar iyun ayında əldə olunacaq: “Hələ ki, görüşlərin keçirilmə yeri təyin edilməyib. Ümumilikdə ATƏT-in Minsk qrupunun həmsədrləri danışıqların bərpası üçün şərtləri açıqlayıb. Monitorinqin imkanlarının yaradılması və ATƏT-in şəxsi nümayəndəsinin səlahiyyətlərinin genişləndirilməsi baş verəcəksə, o zaman danışıqlara başlamaq mümkün olacaq. İndi bütün səylər məhz bu istiqamətdə aparılır”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm