Mən ABŞ-a necə getdim…
Bizi izləyin

Qırmızı.az

Mən ABŞ-a necə getdim…

Hədəfiniz ABŞ-da təhsil almaqsa…

Övladınızın Amerikada bakalavr təhsili almasını itəyirsinizsə, bilməlisiz ki, Azərbaycan Təhsil Nazirliyi "Xaricdə təhsil üzrə Dövlət Proqramı" nda ABŞ-da bakalavr təhsilinə vəsait ayırmırdı və proqram 2007-2015-ci illər üçün nəzərdə tutulduğundan, artıq başa catmışdır.

Amma yeni proqramın başlanması gözləniləndir. Ümid edək ki, qarşıdakı illərdə azərbaycanlı gənclər Dövlət Proqramından yararlanıb Amerikada bakalavr təhsil ala biləcəklər.

Dövlət hesabına təhsil almaq mümkün deyilsə, ruhdan düşməyə dəyməz. Mən çalışacam bu yazıda tələbə olmaq istəyənlərə təhsil vəsaitini necə əldə etməyin yollarından yazım.

İlk addımınız övladınızda ingilis dilinə maraq yaratmaqdan ibarətdir. Övladınızın xaricdə təhsil almasını istəyirsinizsə, onu kiçik yaşlarından bu təhsilə hazırlamalısınız. İngilis dili fənninin tədrisinə başlanan zamanı da gözləməyin. İngiliscə cizgi filmləri, şəkilli kitab və lüğətlər alıb övladınızla təlimə başlayın. İşinizi oyunlar şəklində qursanız uşaqda ingilis dilini öyrənməyə böyük maraq yarada bilərsiniz.

İkinci addım uşağın hansı fənlərə daha çox meyil etdiyini müəyyənləşdirir. Artıq VI, VII, VIII siniflərdə tam müəyyən edəcəksiniz ki, övladınız hansı fənlərə meyillidir. Həmin fənn dərsliklərindəki hər mövzu üzərində diqqət cəmlənməli, ayrıca dəftər tutulmalı, mövzunun vacib məqamları yığcam şəkildə qeyd olunmalıdır.

Üçüncü addım SAT qəbul imtahanlarına hazır olmaqdır. Bu, yuxarı sinif dövrlərini əhatə edir. Qarşısına xaricdə təhsil almaq məqsədi qoymuş abituriyent bilməlidir ki, Amerika universitetlərində oxumaq istəyirsə, ondan Toefl, SAT və fənlərdən imtahan nəticələri tələb olunacaq. İmtahan vermək üçün seçdiyiniz fənni ana dilimizdə mükəmməl öyrənmədən ingiliscə həmin fəndən imtahana girməniz sizə yüksək göstərici qazandırmaz.

İstər Bakıda, istərsə də rayonlarımızda SAT imtahanlara hazırlıq müəllimləri çox məhduddur. Hətta müəyyən fənlər üzrə müəllimlər yox dərəcəsindədir. Əgər SAT fənn müəllimləri tapmırsınızsa və fərdi məşğul olmaq sizə çətindirsə, o zaman siz onlayn (“online”) proqramlardan istifadə edə bilərsiniz. Belə tədris proqramları Amerikada kifayət qədərdir. Bu zaman evdə oturaraq sizə göndərilmiş video-dərslərdən yararlanırsınız.

ABŞ-da ən populyar proqramlardan biri Kaplandır. Amma deyim ki, yetəri sayda fərqli onlayn proqramlar da mövcuddur. Kredit kart ödəmə sistemi ilə əldə etdiyiniz dərslərin üstünlüyü video çəkilişlərin hər zaman əlinizdə olmasıdır. İstənilən vaxt mövzunu hissə-hissə öyrənə, nə zamansa onu təkrar izləyə bilərsiniz. Onlayn proqramlar hazırlığa sərf etdiyiniz məbləğdən qat-qat ucuz başa gələcək və materiallar da həmişəlik sizdə qalacaq. İstifadə etdiyiniz materialları sonradan ehtiyacı olan adama hədiyyə edə və ya sata da bilərsiniz.

ABŞ-da dərsliklər olduqca bahadır. Siz “subject”, “practice” testlərin sizdən öncə istifadə edilmişlərini də əldə edə bilərsiniz. Bu kitablar təzələrdən demək olar fərqlənmir. Sadəcə qiymətləri kifayət qədər münasibdir.

Hansı SAT fənlərindən imtahan verəcəyinizi özünüz müəyyən etməlisiniz. ABŞ-da Azərbaycandakı kimi qrup fənləri anlayışı yoxdur. Siz ABŞ-da top 20 universitetlərdən birində təhsil almağı hədəfləyirsinizsə, Toefl və SAT imtahanlarıyla yanaşı, yaxşı bildiyiniz istənilən 2 fəndən imtahan verə bilərsiniz. Normalda 4 imtahan nəticəsi kifayət edir ki, seçdiyiniz universitetdə sizin göndərdiyiniz müraciətə baxsınlar.

Dördüncü addımda ictimai fəallığınızı artırmalısınız. Qəbul olmaq istədiyiniz universitetlər abituriyentin fəaliyyət göstərdiyi sahələrə və bu sahələrdə qazandığı uğurlara xüsusi diqqət edir. Əsasən IX-XI siniflərdəki olimpiadalara, gənclər təşkilatları, beynəlxalq tədbirlərə qoşulmanız, elmi araşdırmalar edib proyekt yarışmalarına qatılmanız sizə xeyli üstünlük qazandıra bilər. Onu da əlavə edim ki, beynəlxalq olimpiada birinciləri və imtahan göstəricisi üstün olan abituriyentlər universitetlərin güzəştləri və təqaüd proqramlarından daha cox yararlanırlar.

Universitet seçərkən təhsil haqqı araşdırmalarında yanlışlığa yol verməyəsiz deyə, söyləyim ki, saytda gördüyünüz məbləğ vergi ödəyicisi olan amerikalılar üçün nəzərdə tutulub. Beynəlxalq tələbələr üçün qiymətlər tam fərqlidir. Yataqxana və universitetdə gündə 3 dəfə qidalanma xərcləriniz ayrıca hesablanacaq. Cib, yol xərcləri, gəzintilər, tətil günlərində yataqxanada qalmaq və qidalanmaq da əlavə vəsaitlər tələb edir. Ailə budcənizin 4 il təhsilə sərf edəcəyiniz məbləği qarşılamağa gücü çatmırsa, növbəti addımlarda bu məbləği necə əldə edəcəyiniz yollardan yazacam.

Beşinci addımla universitetdə hansı sahədə ugurlu fəaliyyət göstərə bilmənizi müəyyənləşdirin. Bu zaman sizdən müəyyən peşəkarlıq və bacarıq tələb olunacaq.

Məni universitetin rəqs və akrobatika komandalarına qəbul etdilər. Siz də bu cür addım atsanız, əməkhaqqı alacaqsınız.

Altıncı addımda dərs yükü bölgüsünə diqqət edəcəksiniz. 4 illik təhsil müddətini 3 tədris ilinə sığışdıra bilərsiniz. Bölgü nəinki zamanınıza, maddi vəsaitin də xeyli hissəsinə qənaətə imkan yaradar.

Yeddinci addım tapşırıq və imtahanlardan maksimal qiymətlər əldə etməkdir. Bunun öhdəsindən gəlsəniz, universitetin Honors tələbələr siyahısına düşəcəksiniz. Universitetin təşkil etdiyi əyləncələrə, müxtəlif ştatlara həftə sonu gecələmək, qidalanmaq daxil gəzintilərinə ödənişsiz istirahətlər əldə edəcəksiniz. Honors tələbələr adətən II kursu bitirdikdən sonra arzusunda olduğu daha nüfuzlu universitetlərə asanlıqla transfer ola, daha yüksək təqaüd əldə edə bilirlər.

Mən honors tələbə siyahısındayam.

Səkkizinci addım universitet nəzdində təhsil vizasının sizə verdiyi həftədə 10 saatlıq işləmək hüququndan istifadədir. Baxmayaraq ki, universitetdə hansısa idman bölməsində fəaliyyət göstərib əməkhaqqı alırsınız, onunla yanaşı, həftədə 10 saatlıq işdə də çalışıb əməkhaqqı ala bilərsiniz. Mən də təhsillə yanaşı universitetdə işə başladım.

Doqquzuncu addım yay tətilindən səmərəli istifadədir. İnternşiplərə (İnternship) müraciət etməklə uyğun iş yerləri əldə edirsiniz. Əməkhaqqı, yaşayacağınız məkan sizi qane edəcəksə, işə başlaya bilərsiniz.

İnternşip əldə etsəniz işinizə son dərəcə tələbkar və məsuliyyətli yanaşmalısınız. Qeyd edim ki, yay müddətində ABŞ-da nüfuzlu hüquq şirkətlərindən birində işə qəbul olundum. Təcrübə müddətində iş bacarığınız, komandayla işləmək vərdişləriniz qiymətləndirilib "Recommendation Letter"da qeyd olunacaq. ABŞ-da gələcəkdə işə qəbul olarkən həmin sənəd sizə olduqca vacib dəstəkdir. Təcrübə sonucu universitetə təqdim edəcəyiniz sənədlər təhsilinizə 3 kredit dərs yükü də qazandıracaq. Bu isə özlüyündə tələbəni 1.600$ ödənişdən azad edir. Amma maliyyə məsələlərini həll etmək üçün digər imkanlar da mövcuddur. Müxtəlif Dövlət və QHT fondlarının elan etdiyi təhsil təqaüdləri, aktivlikləriniz və yüksək təhsil göstəricilərinizə əsaslanıb vəsait ayırmağa hazır olan sponsorlar, qrant əldə edə biləcəyiniz təşkilatlar, fondlar və ən son məqamda aşağı faizlə əldə edəcəyiniz Uzunmüddətli Təhsil Kreditindən də yararlana bilərsiniz.

Özünüzə inanın, arzularınızdan əl çəkməyin. İstəklərinizi heç vaxt, heç kimə və heç nəyə güzəştə getməyin. İnanın ki, istədikdə həmişə yol, istəmədikdə isə bəhanə tapılır.

ABŞ-dan Əminə Əmirxanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm