İlk Avropa Oyunlarının qalibi olimpiadaya getməkdən imtina etdi
Bizi izləyin

İdman

İlk Avropa Oyunlarının qalibi olimpiadaya getməkdən imtina etdi

Rusiyalı sərbəst güləşçi Viktor Lebedev 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında iştirakdan imtina edib.

Publika.az xəbər verir ki, 28 yaşlı pəhləvan bir neçə gün öncə ölkə çempionatında baş vermiş qalmaqaldan sonra bu addımı atıb.

"Bir insan kimi mənə çox ağırdır. Hər şeyi dərindən fikirləşdim, götür-qoy etdim və belə qərar verdim. Bu, ləyaqət məsələsidir. Haqsızlığa dözə bilərəm. Amma həyasızcasına sürüyürlərsə, buna dözmək mümkün deyil. Çətin ki, olimpiadaya gedim" - deyə V.Lebedev bildirib.

Yakutskda keçirilmiş Rusiya çempionatının 57 kq çəki dərəcəsi üzrə 1/4 final görüşündə o, dağıstanlı İsmayıl Musukayevlə qarşılaşıb. V.Lebedev hesab 2:0 Muskayevin xeyrinə olduğu vaxt rəqibini xalçadan kənara çıxarıb. Hakimlər bunu 2 balla qiymətləndiriblər. Nəticədə dağıstanlılar qərardan narazı qalıb. İ.Musukayev əsəbi halda yakutiyalı güləşçini itələyib. İşə əvvəlcə məşqçilər, sonra OMON qarışıb.

Görüş 3:3 hesablı heç-heçə ilə nəticələnib. Əlavə göstəricilərə əsasən, hakimlər qələbəni V.Lebedevə veriblər. 3 saatlıq araşdırmalardan sonra onun qələbəsini qüvvədə saxlayıblar. Dağıstan yığması isə etiraz əlaməti olaraq, tam heyətlə çempionatdan çəkilib.

Final qarşılaşmasından sonra ilk pilləyə iki güləşçi - Lebedevlə buryatiyalı Aleksandr Boqomoyev qalxıb. Buryatiya komandasının nəticəyə yenidən baxılması tələbindən sonra hakimlər qızıl medalları 2 idmançıya verməyi qərara alıblar. V.Lebedev imtina etdiyi çəkidə olimpiadada çıxış etməyə Hacımurad Rəşidov, Camal Otarsultanov və Aleksandr Boqomoyevin daha hazırlıqlı olduqlarını bildirib.

Qeyd edək ki, Viktor Lebedev karyerası ərzində 2 dəfə dünya çempionu, həmçinin “Bakı-2015” I Avropa Oyunlarının qalibi olub. 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında 57 kq çəki dərəcəsində Azərbaycanı Avropa və ikiqat dünya çempionu Hacı Əliyev təmsil edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm