Dərdinə dərman tapmayanlar - PULSUZ DƏRMANLARIN İZİ İLƏ
Bizi izləyin

Qırmızı.az

Dərdinə dərman tapmayanlar - PULSUZ DƏRMANLARIN İZİ İLƏ

"Neçə ildir ki, şəkər xəstəsiyəm. Qanuna görə, dərman, hətta iynə də poliklinikada pulsuz verilməlidir. Amma hər dəfə ya şpris, ya da dərman ala bilmirəm. Saatlarla ayaq üstə qalmaq, növbə gözləmək isə məni lap çox yorur. Ona görə də, son bir neçə aydır dərmanı özəl aptekdən alıram. Mənim imkanım var alıram, bəs pulu olmayanlar nə etsin? Elə adamlar var ki, təqaüdlə dolanır. Özüm də poliklinikada dəfələrlə belələrini görmüşəm. Şəkər elə xəstəlikdir ki, dərmansız yaşamaq olmur".

Bunu son vaxtlar pulsuz dərman çatışmazlığından əziyyət çəkən Tahirə Hümbətova deyir. Əslində, pulsuz dərman problemi hər zaman olub və vaxtaşırı mətbuat da bunu gündəmə gətirib. Amma problem düzəlmək əvəzinə, son vaxtlar dərmansızlıqdan əziyyət çəkənlərin şikayətləri getdikcə artır.

Bir müddət əvvəl redaksiyamıza müraciət edən Gülşən Babayeva oğlu Zamiqin qan xərçəngi xəstəsi olduğunu və müalicə üçün köməyə ehtiyacları olduğunu demişdi. Gülşən Babayeva uşağın dərmanlarını B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutundan pulsuz almalı olsa da, lazım olan dərmanları ala bilmədiklərini demişdi: "Bizə dövlət tərəfindən ancaq bəzi dərmanlar verilir. O da ayda bir dəfə. Bizə isə ayda 4 dəfə 8 cür dərman lazım olur. Oğlum müalicə ilə sağala bilər, lakin dərman almağa imkanımız yoxdur".

Zamiqin həkimi Rəna Məmmədova da Publika.az-a açıqlama verərkən dərman çatışmazlığı olduğunu etiraf etmişdi: "Ailə imkansızdır, uşağın müalicə alması üçün isə böyük xərc lazımdır. Dövlət tərəfindən müəyyən dərmanlar verilir. Lakin onlar yetərli olmur. Çünki xəstələrin sayı artıb. Dərman az verilir, xəstələrə çatmır. Xəstələr bəzən dərman verilməməsindən narazılıq edir, lakin bu bizdən asılı deyil".

Hansı dərmanlar pulsuzdur?

Əhalinin pulsuz dərman və ləvazimatlarla təchiz edilməsi üçün bu və ya digər xəstəliklər üzrə dövlət proqramları qəbul edilib. Səhiyyə Nazirliyindən Publika.az-a verilən məlumatda bildirilib ki, nazirin 01.12.2005-ci il tarixli əmrinə əsasən, stasionarda müalicə alan bütün xəstələrə 166 adda dərman vasitələri pulsuz verilir. Bundan başqa, müxtəlif imtiyazlı qruplara daxil olan xəstələrə (şəkər xəstələri, I, II qrup əlillər, Qarabağ və Böyük Vətən Müharibəsi əlilləri və s.) 99 adda dərman preparatları pulsuz paylanılır. Şəkərli diabet və onkoloji xəstələr də lazımi dərman vasitələri ilə dövlət tərəfindən pulsuz təmin olunurlar. Xroniki böyrək çatışmazlığı olan xəstələrin müalicəsi üçün də lazımi dərman vasitələri tam həcmdə pulsuz verilir.

Hemofiliya və talassemiya irsi qan xəstəliklərində qan komponentləri, dərman preparatları və tibbi materiallar və digər ləvazimatlarla təminatı, HİV/AİDS-in müayinə və müalicəsi, vərəm xəstələri, ana və uşaqların sağlamlığının qorunması, yoluxucu xəstəliklər üzrə dərman vasitələri də əhaliyə pulsuz verilməli olanlar siyahısındadır.

Pulsuz dərman preparatları və ləvazimatlar əhaliyə qeydiyyatda olduqları yaşayış yeri üzrə poliklinikalarda təyin olunmuş mütəxəssislər tərəfindən yazılmış imtiyazlı reseptlər əsasında yerli poliklinikaların apteklərindən verilməlidir.

Pullar nəyə ayrılıb

Hansı xəstəliklər üzrə nə qədər dərman vasitəsinin pulsuz verilməsi bəlli olsa da, bunun üçün nə qədər pul ayrıldığı məlum deyil. Dövlət büdcəsindən səhiyyəyə ayrılan xərc hər il bir qədər də artırılır. Məsələn, 2016-cı ilin dövlət büdcəsində səhiyyə xərcləri üçün 830,8 milyon manat və yaxud ümumi xərclərin 4,5 faizi həcmində vəsait ayrılıb. Bu da 2015-ci illə müqayisədə 0,8 faiz çoxdur. Dövlət büdcəsinin səhiyyə bölməsi xərclərindən poliklinikalar və ambulatoriyalara 108,1 milyon manat, xəstəxanalara 347,7 milyon manat, səhiyyə sahəsində digər xidmətlərə 6,4 milyon manat, səhiyyə sahəsində tətbiqi tədqiqatlara 4,9 milyon manat, səhiyyə sahəsinə aid edilən digər xidmətlərə 363,7 milyon manat vəsait nəzərdə tutulduğu göstərilib.

Pulsuz dərman üçün saatlarla növbədə

Xəstələri narahat edən dərman çatışmazlığından həkimlər də xəbərdardır. Endokrinoloq Gülay Məmmədova deyir ki, dərmanların bəzilərinin verilməməsi halları ilə qarşılaşıb: "Xəstələr ayda iki qutu qəbul edilməli olan dərmanın bir qutusunu pulsuz ala bilirlər. Heç verilməməsi halına rast gəlməmişəm. Az da olsa, dərmanlar verilir. Xəstələrin əsas problem növbə gözləməklə bağlıdır. Çünki diabet xəstələri uzun müddət ayaqda qala bilmir. Poliklinikada yalnız bir həkim olur. Gün ərzində azı 30-40 xəstə qəbul edir. Həkim kimi deyə bilərəm ki, gün ərzində 20-dan artıq xəstə qəbul edəndə, xəstəyə baxma keyfiyyəti sıfıra düşür. Hesab edirəm ki, özəl klinikalarda olduğu kimi "randevü" sisteminə keçilməlidir. Çünki ayağında ağrı olan şəkər xəstəsi acqarına analiz verməyə gedib, saatlarla ayaq üstə qala bilmir. Uzun müddət gözləmək əsəblərə təsir edir. Xəstələr də deyir ki, saatlarla gözləyib pulsuz dərman almağa dəyməz. O qədər ayaq üstə gözləyib əsəb keçirməkdənsə, aptekdən alırlar".

"Xəstələr həkim qəbulunda əsəbiləşirlər"

Hazırda Bakı şəhərində xəstələri pulsuz dərmanla təmin edən 25 poliklinika müəyyən edilib. Bəzi rayonlarda bu poliklinikaların sayı 2-3 olsa da, Xətai, Binəqədi, Nərimanov və Nizami rayonlarında 1 poliklinika ilə məhdudlaşıb. Bu poliklinikalardan bir neçəsi ilə əlaqə saxlayıb, dərman çatışmazlığının səbəbini soruşduq. Qeyd edək ki, xəstələrə pulsuz dərman verilməsi ilə poliklinika daxilində yerləşən apteklər məşğul olur.

4 saylı poliklinikanın aptek müdiri Nailə Məmmədova Publika.az-a açıqlamasında dərman çatışmazlığı yaşamadıqlarını dedi. Problemin həkimlərdə olduğunu deyən aptek müdiri, onları çox dərman yazmaqda ittiham etdi: "Həkimlər xəstələrlə düzgün işləmir. Normal müayinə etmədən dərman yazırlar. Nə gəldi yazırlar, ona görə də dərman çatışmır. 7 ildir ki, bu poliklinikada işləyirəm, hər ay xəstələr 4-5 dərman alır. Heç həkim xəstənin insulinini yoxlamır, hər dəfə də eyni dərmanları yazır. Bizim poliklinikadakı təminat heç yerdə yoxdur".

Nərimanov rayonun ərazisində fəaliyyət göstərən 4 saylı poliklinika rayonun pulsuz dərmana ehtiyacı olan bütün sakinlərinə xidmət göstərir. Bunun növbə problem yaratmasına gəldikdə, N.Məmmədova bununla da razılaşmadığını dedi: "Düzdür, Nərimanov rayonu üzrə yalnız bizim poliklinika xidmət göstərir. Əvvəl hər kəs qeydiyyatda olduğu poliklinikadan pulsuz dərmanları alırdı. Lakin bu zaman müəyyən problemlər üzə çıxdı. Dərmanları vaxtında vermirdilər, xəstələrə dərman çatmırdı. Nəticədə bu işi bir mərkəzdən həyata keçirmək qərarı alındı. Rayon üzrə 7 mindən artıq xəstəmiz var. Hər ay 60-70 xəstə qeydiyyata alırıq. Gündə 60-dan çox xəstə qəbul edirik. Lakin xəstənin saatlarla gözləməsi ilə razı deyiləm. Başqa imtiyazlı apteklərdə belə hallar yaşana bilər, ancaq bizdə belə hal olmur. Xəstələr həkimin yanında saatlarla dayanırlar. Çünki hər poliklinikada 1 endokrinoloq var. Hər xəstəyə 10 dəqiqə vaxt ayırsa, görün nə qədər növbə deməkdir? Xəstələr məhz həkim qəbulunda əsəbiləşirlər. Özüm də dəfələrlə belə halların şahidi olmuşam".

Mən gözləyərəm, bəs xəstələr?

33 saylı poliklinikanın aptek müdiri Rəvanə İmanova isə həmkarından fərqli olaraq dərman probleminin olduğunu təsdiqlədi: "Ən çox çatışmazlıq şprislə bağlıdır. Bizim təchizat mərkəzi Xocahəsəndə yerləşir, hər dəfə ora gedəndə problemi deyirik. Lakin bizə qənaət etməyi, xəstələrə az-az verməyi məsləhət görürlər. Məsələn, ötən ay 3500-4000 tələb vermişəm, cəmi 1500 şpris veriblər. Problemdən ən çox xəstələrimiz ziyan çəkir. Xəstələr ancaq bizi gördüklərinə görə, şikayəti də bizə edirlər. Onlara da izah edirəm ki, problem bizdən asılı deyil. 3500 tələbə 1500 şpris verəndə xəstəni necə razı salaq? Xəstələri də qınamırıq. Gündə iki cür insulin vurur, bir şprisi gərək üç gün işlətsin. Çünki 1 aya 10 şpris veririk. Şpris isə bir dəfə istifadə üçün nəzərdə tutulur. Başqa dərmanlarda da çatışmazlıqlar olur. Məsələn, şəkər xəstələrinə ayağa qan işləməyəndə "Tioqamma" adlı sistem vurulur. Son vaxtlar həmin sistem də tapılmır. Qanda şəkəri ölçmək üçün testlər də böyük problemdir. Testlərin hansı qayda ilə verilməsi ilə bağlı tələb yoxdur. Hər xəstəyə 6 aylıq bir qutu verilir. Onun da içində 25 test olur. Xəstə hər gün insulin vurur və hər dəfə də şəkəri ölçməlidir. 25 testi 6 aya necə çatdıra bilər? Şəkəri ölçə bilməsə insulini necə vursun? İyunun 10-dan bizdə şpris yoxdur. Xəstə insulin alır, şprisini verə bilmirik. Şpris yoxdursa, xəstə iynəni də vura bilməyəcək. Hər halda xəstənin adi şprisə belə ehtiyacı var ki, pulsuz almaq üçün müraciət edir. Pulu olsa gedib satışdan alar. Son vaxtlar özəl apteklərdə də insulin şprisi yığışdırılıb, tapılmır. Ona görə də diabet xəstələri çətin vəziyyətdədir".

R.İmanovanın sözlərinə görə, sadalanan şikayətlər barədə dərman təchizatı mərkəzinə hər dəfə müraciətdən sonra dərmanların sayında 5-6 ədədlik fərq olur. Bu isə yetərli deyil: "Biz ehtiyacı olan xəstələrin sayını veririk, təchizatdan rəqəmləri şişirtdiyimizi deyirlər. Olan dərman, iynəni xəstələr arasında bərabər şəkildə bölməyə çalışırıq. Əlbəttə, yetərli olmur. Lakin ən azından xəstələrin hamısına çatmasına çalışırıq. Bu zaman da deyirlər ki, "necə oldu, 4 min yazmışdınız, 2 minlə yola verdiniz? Demək çatdırmaq olur". İzah etmək olmur ki, bu çatdırmaq deyil, sadəcə olan dərmanları xəstələr arasında bərabər bölürük, qalan günləri isə xəstələr öz hesablarına alırlar. Əvvəllər metfolnin molekulu var idi, diabet xəstələri üçün vacib dərman idi. "Siafor 850" adı ilə gətirirdik, indi eyni molekulu "Glange" adlı dərmanla verirlər. Xəstələr isə bu dərmanın keyfiyyətsiz olduğunu deyib, geri qaytarır. Poliklinikada birinci və ikinci qrup əlillər, onkoloji xəstələr pulsuz dərmanla təmin edilir. Bu xəstələrdə çox da problem olmur. Onların dərmanlarının verilməsi tənzimlənib. 6 aydan bir müalicə zamanı veririk. Bu ay isə ilk dəfə astma xəstələri ilə bağlı çətin vəziyyət yaranıb. Bir dənə də olsun astma dərmanı almamışıq. Bildiyiniz kimi, xəstələr bu dərmanları doza ilə istifadə edirlər. Lakin bizə hələ dərman verilməyib. Bizə gözləməyi məsləhət görürlər. Mən gözləyərəm, bəs xəstələr?"

İnzibati qərarlar hər zaman qüsurludur

Tibbi ekspert Adil Qeybulla hesab edir ki, dərman çatışmazlığı onların qiymətinin tənzimlənməsi ilə əlaqədardır: "Çünki qiymət endiriləndən sonra sahibkar onları gətirməyə maraqlı deyil. Hansısa dərman preparatları pulsuz verilirsə, onun ölkəyə gətirilməsi təmin edilməlidir. Ölkəyə həm yüksək keyfiyyətli dərman idxal edilməli, həm də qiymət münasib olmalıdır. Bunun üçün həmin dərmanlar icbari tibbi sığorta paketinə daxil edilməlidir. Dövlət təminatında olan dərman preparatlarının verilməsi də sistem halını almalıdır. Bu zaman həmin dərmanlar hər zaman tapılacaq. Tərkibinə etibar edilən dərmanların birdən-birə yoxa çıxması əhalidə narahatlıq yaradıb. İnsanlar bundan əziyyət çəkir. Ayrı-ayrı qərarlarla problem həll etmək olmaz, məsələyə sistemli şəkildə yanaşmaq lazımdır".

Nazirlik: çatışmazlıq müvəqqətidir

Bəs ekspertin təklif etdiyi kimi bu işdə sistem qurulana qədər xəstələr nə etsin? Bu suala isə cavab verəcək qurum dərman təminatını həyata keçirən Səhiyyə Nazirliyidir. Nazirliyin mətbuat xidmətindən dərman təminatı ilə bağlı çatışmazlığı müvəqqəti olduğunu bildirdilər: "Dövlət tərəfindən dərmanlar müəssisələrə verilir. Bəzən dərman təminatında bir neçə gün gecikmə olur. Bir neçə gün yubanma texniki səbəblə bağlı ola bilər".

Nazirlik müvəqqəti desə də, problemin aylardır davam edir. Hansı texniki problemin aylarla gecikməyə səbəb ola biləcəyi sualı isə açıq qalır.

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm