Bu gilasları yemək olmaz! - “Maddə 586”
Bizi izləyin

Ekopublika.az

Bu gilasları yemək olmaz! - “Maddə 586”

Heç gilasın gavalı cinsinə aid bitki növü olduğunu eşitmişdiniz? Bəs gilas şirəsinin qidanın yaxşı həzm olunması üçün istifadə edildiyini? Gilasdan təkcə insanların deyil, arıların faydalanmasını necə? Məsələn, 1 hektar çiçəkləyən gilas sahəsindən arılar 36-40 kq bal hasil edirlər. Bundan əlavə gilas mədə-bağırsaq, sidik yolları xəstəliklərində, həmçinin iştahartırıcı pəhriz qidası kimi çox xeyirlidir. Sadəcə burada vacib olanı keyfiyyətdir. Gilas nə qədər insan orqanizmi üçün xeyrili meyvə olsa da, keyfiyyətini itirdikdə bir o qədər təhlükəli olur. Bəs keyfiyyətli, geni dəyişdirilməyən gilası necə tanıyaq?

Oxucularımıza bu işdə Publika.az-ın "Maddə 586" layihəsi yardımçı olacaq.

Bu gilasları almaq olmaz

Əvvəla nəzərə çatdıraq ki, meyvə və tərəvəzlər süfrəmizin ayrılmaz hissəsidir. Onlar öz çeşid zənginliyinə görə mətbəximizdə özünəməxsus yer tutur və ilboyu gündəlik qidalanmada istifadə olunur. Fizioloji normaya əsasən insan orqanizminin normal fəaliyyəti üçün ildə orta hesabla 106 kq meyvə-giləmeyvə, 130 kq tərəvəz və bostan məhsulları istehlak etməlidir. Gilas və albalı isə yay fəslinin çox sevilən, ləzzətlə yeyilən təamlarındandır. Bu məhsulları alarkən onların zədəsiz olmasına, ziyanvericilərin təsirinə məruz qalmamasına fikir vermək lazımdır. Çürümüş, köhnəlmiş gilas və albalı istehlak üçün tam yararsızdır. Belə məhsullar insan orqanizminə təhlükə yaradır.

Saxlanma şəraiti

Gilas və albalının ev şəraitində saxlanması da mühüm əhəmiyyət kəsb edir. Ümumiyyətlə, keyfiyyətli gilas və albalı istehlak etmək istəyən istehlakçılar onların saxlanma şəraitinə xüsusi fikir verməlidir. Belə ki, saxlanma zamanı onlarda suyun buxarlanması, istilik ayrılması və temperaturun dəyişməsi kimi fiziki proseslər getdiyindən onların keyfiyyətində dəyişikliklər baş verir. Hətta optimal temperaturda belə onları iki həftədən artıq saxlamaq mümkün deyil.

O ki qaldı gilasın evimizə gəlməzdən əvvəl "keçdiyi yola" İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların hüquqlarının müdafiəsi Dövlət Xidmətindən Publika.az-a bildirilib ki, gilas və albalının istehlakçıya keyfiyyətli halda çatdırılmasında onların qablaşdırılması və daşınmasının əhəmiyyəti böyükdür. Bu meyvələri qablaşdırmaq üçün yeşiklərdən, yeşik-qəfəslərdən, səbətlərdən istifadə olunur. Bu zaman ayrı-ayrı tara növləri keyfiyyətcə standartın tələbinə cavab verməlidir. Onların qablaşdırıldığı yeşiklər mütləq markalanmalıdır. Markalanmada meyvə və tərəvəzlərin növü, xalis çəkiləri, qablaşdırıcının nömrəsi və qablaşdırılma tarixi qeyd olunmalıdır. Meyvə və tərəvəz daşınan zaman məhsulun üstü mütləq örtülməlidir. Ticarət şəbəkələrinə qeyd olunan qablaşdırma vasitələrində olmaqla qısa müddətdə istehsal yerindən birbaşa istehlak yerinə üstüörtülü maşınlarla daşınmalıdırlar. Bu meyvələr üçün optimal saxlanma temperaturu 0 dərəcədir. Havanın nisbi rütubəti təxminən 80-85% olmalıdır.

GMO-suz gilas necə olmalıdır?

Birinci və ikinci əmtəə növünə bölünən albalının ən böyük kəsiyinin diametri iri meyvəlilərdə 20 mm-dən, xırda meyvəlilərdə isə 15 mm-dən az olmamalıdır.

Bu meyvələr yetişən kimi ağacdan yığılmalıdır. Əks halda, quşlar və ağac qurdları tərəfindən yeyilə bilər. Bundan əlavə onların bir çox növləri dəyərkən ağacda çox qalmayaraq tökülür. Gilas və albalını səhər tezdən ağacdan toplamaq məsləhətdir. Məhz bu zaman onlar daha yaxşı sellüloz sıxlığına malik olurlar.

Xidmətdən deyilir ki, ticarət obyektlərində xarici görünüşcə normal, lakin faydalı vitaminlərlə zəngin olmayan, geni dəyişdirilmiş məhsullar satıla bilər. Geni dəyişdirilmiş meyvə-tərəvəzlər görünüşcə sağlam olmasına, uzun müddət təzə qalmasına baxmayaraq, belə məhsulların tərkibində toksik maddələrin olması ehtimalı çoxdur. Onlar insan orqanizmində ciddi xəstəliklərə yol aça bilər. Ona görə də əsasən xaricdən idxal olunan və geni dəyişdirilən meyvə-tərəvəzləri alarkən diqqətli olunmalıdır.

Bu məhsulların tərkibində insan orqanizmi üçün zəruri olan bir çoх maddələr, şəkər, üzvi turşular, azotlu maddələr, yağlar, ətirli və boya maddələri, minerallar, vitaminlər, fermentlər, qlikozidlər və s. maddələr var. Markalanmada meyvə və tərəvəzlərin növü, netto və brutto çəkiləri, qablaşdırıcının nömrəsi və qablaşdırılma tarixi qeyd olunmalıdır. Bu məhsullar keyfiyyətini itirməmək üçün əsasən avtorefrijeratorlarla daşınmalı və qısa müddətdə istehsal yerindən birbaşa istehlak yerinə çatdırılmalıdır. Taralarda daşınması və saxlanması bu məhsulların istehlakçılara daha keyfiyyətli şəkildə çatdırılması məqsədi daşıyır. Meyvə və tərəvəz daşınan zaman məhsulun üstü mütləq örtülməlidir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm