Uşaq ölümünə görə xəstəxanadan "qaçan" baş həkim DANIŞDI
Bizi izləyin

Qırmızı.az

Uşaq ölümünə görə xəstəxanadan "qaçan" baş həkim DANIŞDI

Ötən gün Zaqatala Rayon Mərkəzi Xəstəxanasında 5 aylıq Səlim Laçınovun həkim səhlənkarlığı nəticəsində dünyasını dəyişməsi ilə bağlı xəbərə xəstəxananın baş həkimi aydınlıq gətirib.

Baş həkim Leyla Seyidəliyeva Publika.az-a açıqlamasında hadisənin bu gün xəstəxananın tibbi şurasında müzakirə edildiyini dedi: “Həmin uşaq iyunun 22-də 17:40-da bizim xəstəxanaya bağırsaq keçməzliyi diaqnozu ilə daxil olub. Növbətçi cərrah müayinə edib, kəskin bağırsaq keçməzliyi diaqnozu təsdiqlənib. Müvafiq müayinələr aparılıb, imalə olunub, USM müayinəsi edilib, uşağın vəziyyəti bir qədər stabilləşib. Ona görə də gözləmə mövqeyini tutmuşuq. Səhər saatların uşağın vəziyyəti yenidən pisləşib və həkimlərimiz görülən tədbirlərin müvəqqəti xarakter daşıdığını müəyyən ediblər. Uşağın valideynlərinə vəziyyət izah edilib. Onların razılığı ilə uşaq həyati göstərişlərinə əsasən əməliyyata götürülüb. Uşaq xəstəxanaya yüksək hərarətlə gətirilib, qusmada nəcis olub. Bu hallar bağırsaq keçməzliyinin göstəricisidir. İyunun 23-də səhər 09 radələrində anestezioloqun xüsusi baxışından sonra əməliyyata götürülüb. Əməliyyatın həm cərrahi, həm də anestezioloji riski olub. Çünki uşağın hələ 6 ayı tamam olmamışdı. Bu barədə də valideynlərə məlumat verilib. Bağırsaq keçməzliyi problemi əməliyyatla aradan qaldırılıb, uşaq reanimasiya şöbəsinə köçürülüb. Burada ona anti-bakterial terapiya, infuziyalar aparılıb. İyunun 24-də günorta saatlarında uşağın vəziyyəti pisləşməyə başlayıb. Axşam saat 21:40 radələrində bioloji ölüm baş verib”.

Uşaqda bağırsaq keçməzliyinin səbəbinə gəldikdə, L. Seyidəliyeva bildirdi ki, valideynləri əvvəllər də uşaqda qəbizlik olması ilə bağlı məlumat veriblər:

“Uşaq əlavə qidalanmaya keçib və 2-3 sutkadan bir bayıra çıxırmış. Bu isə körpə uşaqlarda yolverilməzdir. Biz qida faktorunu da nəzərə alırıq. Lakin son nəticəni uşağın təşrih edilməsi ilə bilmək olardı. Ailə isə bundan imtina edib. Ölümə səbəbi isə bağırsaq invagenasiyası və kəskin intoksikasiyadır. Ümumiyyətlə, bağırsaq keçməzliyi ağır əməliyyatdır. Xüsusən də, bir yaşa qədər uşaqlarda ölüm riski çox yüksəkdir”.

L.Seyidəliyeva valideynlərin hadisə baş verəndən sonra baş həkim və həkimlərin xəstəxanadan qaçması ilə bağlı fikirlərə də münasibət bildirdi:

“Heç kim xəstəxanadan qaçmayıb. Ölüm 21:40 radələrində olub. Həmin saatda növbətçi həkim və şöbə müdirləri işdə olub. Mən işdə olmamışam, iftar tədbirində olmuşam”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm