VIII Qəbələ Beynəlxalq Musiqi Festivalının proqramı açıqlanıb
Bizi izləyin

Art

VIII Qəbələ Beynəlxalq Musiqi Festivalının proqramı açıqlanıb

Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə iyulun 30-dan avqustun 5-dək Qəbələ VIII Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Dünyanın tanınmış musiqi kollektivlərinin və musiqiçilərin iştirak edəcəyi bu festivalın proqramı açıqlanıb.

AZƏRTAC festivalın saytına istinadla xəbər verir ki, açılış mərasimində Xalq Artisti Rauf Abdullayevin dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri çıxış edəcək.

İyulun 31-də Vyana Akademik Orkestri səhnəyə çıxacaq. Orkestrin bədii rəhbəri Martin Haselblokdur. Həmin gün tamaşaçılar İspaniyanın “Suite Española” şirkətinin təqdimində flamenkoya da baxa biləcəklər.

Avqustun 1-də təqdim ediləcək konsertdə Fərhad Bədəlbəyli (fortepiano), Murad Adıgözəlzadə (fortepiano), Janna Qandelman (skripka), Dmitri Yablonski (violonçel) çıxış edəcəklər. Yunanıstanın folklor kvarteti isə azərbaycanlı xanəndələr Güllü Muradova, İlkin Əhmədov, habelə Sahib Əsədullayev (kamança), Emin Cəbrayılov (nağara), Əli Əliməmmədov (balaban) və Çinarə Heydərova (qanun) ilə eyni səhnəni bölüşəcək.

Avqustun 2-də Fuad İsmayılovun xatirəsinə musiqi proqramı təqdim ediləcək. Həmin gün Kubanın “Gənc klassiklər” ansamblı da çıxış edəcək.

“Kiyev virtuozları” orkestrinin çıxışı avqustun 3-4-də olacaq. Orkestrə avqustun 3-də baş dirijor Dmitri Yablonski, habelə Emil Tabakov, 4-də isə israilli bəstəkar, dirijor və pianoçu Gil Şohat dirijorluq edəcək. Avqustun 4-də, həmçinin Cavid Səmədov (bariton), Murad Adıgözəlzadə, Nərgiz Oruclu (hər ikisi fortepiano) Umila Abbasova (skripka) və Arkadi Şilkloperin (alphorn) ifaları dinləniləcək.

Festivalın sonuncu günündə - avqustun 5-də piano musiqisi axşamı təşkil olunacaq. Festival “Kiyev virtuozları” orkestrinin konserti ilə başa çatacaq.

VIII Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində avqustun 2-dən 5-dək fortepiano müsabiqəsi keçiriləcək. Müsabiqənin münsiflər heyətinin sədri Oksana Yablonskaya, üzvləri Fərhad Bədəlbəyli, Murad Adıgözəlzadə, İrina Starodub, Valida Suk, Maryam Malekidir. I, II və III yerə çıxan pianoçular müvafiq olaraq 5000, 3000 və 2000 ABŞ dolları ilə mükafatlandırılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm