Sağlam ayağın kəsilməsinə görə daha kimlər məsuliyyət daşıyır? - RƏY
Bizi izləyin

Qırmızı.az

Sağlam ayağın kəsilməsinə görə daha kimlər məsuliyyət daşıyır? - RƏY

Ötən gün Angioloji və Mikrocərrahiyyə Mərkəzində əməliyyat zamanı Tərlan Əliyevanın sol ayağı yerinə sağ ayağının kəsilməsi bütün ölkədə müzakirə mövzusuna çevrildi. Əməliyyatı icra edən həkim-cərrah Valeh Kərimov hadisənin baş verməsinin mexaniki səhv olduğunu deyib.

Baş Prokurorluqda da artıq hadisə ilə bağlı cinayət işi açılıb. V.Kərimova qarşı Cinayət Məcəlləsinin 131.2-ci (ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb və müvafiq ekspertizalar təyin edilib.

HAŞİYƏ: Ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurmaya görə isə şəxslər beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Həkim-cərrahın bu hadisədə səhvi olduğu danılmaz faktdır və bunu özü də etiraf edir. Lakin məsələdə diqqət çəkən məqam əməliyyatda iştirak edən digər şəxslərdir. Axı həkim əməliyyatı tək icra etməyib. Bunun üçün ona tibb bacıları, həkim köməkçisi də kömək ediblər. Onların köməkliyi sadəcə prosesi kənardan izləmək deyil. Onlar həm də əməliyyatdan, xəstənin hansı ayağının nə üçün, hansı hissədən və necə kəsiləcəyinə qədər xəbərdar olmalıdır. Həkim səhvi edərkən onlar hara baxırmış? Ümumiyyətlə, xəstənin ayağını əməliyyata kim və ya kimlər hazırlayıb? Xəstəni hazırlayanlar hansı ayağın kəsiləcəyindən xəbərsizmi olub?

Tibbi ekspert Adil Qeybulla Publika.az-a açıqlamasında bu məsələdə həkimlə yanaşı əməliyyatda iştirak edən digər şəxslərin də məsuliyyət daşıdığını deyib: “Bu texniki bir xətadır. Cüt orqanların əməliyyatında hansı hissə əməliyyat ediləcək, o hissə brilyant yaşılı, ya da karandaşla marker edilməlidir. Bu ona görə edilir ki, sonradan yer səhv salınmasın. Əməliyyatdan əvvəl hansı hissənin amputasiya edilməsi barədə xüsusi işarələr qoyulur. Görünür həmin əməliyyatdan əvvəl bu proses həyata keçirilməyib. Əməliyyat vaxtı da sırf texniki səhv, ya da diqqətsizlik ucbatından belə bir hal yaşanıb, nəzərdə tutulan ayaq əvəzinə digəri kəsilib. Bu çox məyusedici hadisədir. Markerləmə işini adətən cərrahın assistenti aparır. Tibb bacısı da bu məsələdə diqqətli olmalıdır. Lakin tibb bacılarının birbaşa səlahiyyətində olan məsələ deyil, onlar əsas lazım olan avadanlığı verir. Bu işdə birbaşa həkim və onun köməkçisi məsuliyyət daşıyır. Onlar isə həm əməliyyatdan əvvəl, həm də əməliyyat vaxtı diqqətsizlik ediblər. Çünki ayaq dizdən yuxarı əməliyyat edilirsə, həmin vaxt sarğı olan hissəyə xüsusi baxel geyindirilir. Bunların heç biri edilməyib. XXI əsrdə əməliyyatda bu cür səhv olmamalıdır. Düzdür, bu texniki səhvdir və həkim peşəkarlığına aid etmək olmaz. Lakin səhlənkarlığa aid edilə bilər. Təsəvvür edin ki, eyni hal böyrək, ya da ağ ciyər əməliyyatında yaşana bilərdi. Bunun nə demək olduğunu dərk etmək lazımdır”.

A.Qeybulla Səhiyyə Nazirliyi bununla bağlı yaradılan komissiyanın araşdırıb, düzgün qərar verəcəyinə ümid etdiyini deyib.

Baş verən hadisəni səhiyyəmiz adına biabırçılıq adlandıran millət vəkili Musa Quliyev bunu həkimin savadsız səhlənkarlığı adlandırıb. Lakin millət vəkili hesab edir ki, burada təkcə o həkim deyil, əməliyyatda iştirak edən komandanın üzvləri – tibb bacıları, anestezioloq, eləcə də baş həkim məsuliyyət daşıyır: “Amma kimin məsuliyyəti nə dərəcədədir, bu hüquq-mühafizə orqanlarının araşdırmalarından sonra bəlli olacaq. Xəstənin lazım olan ayağı deyil, digər ayağı amputasiya olunması doğrudan da biabrçılıqdır. Həkim deyir ki, “onsuz da, o biri ayağı da kəsiləməli idi”. Mən bu bəraəti qəbul etmirəm. Söhbət ağacın budanmasından, hansısa budağının səhv kəsilməsindən, hansısa avadanlığın dəyişik salınmasından getmir, söhbət insan həyatından gedir. Bu səhvə görə isə təkcə həkim yox, bütün komanda məsuliyyət daşıyır”.

Əməliyyatda iştirak edən digər şəxslərin məsuliyyət daşımasına münasibət bildirən Angioloji və Mikrocərrahiyyə Mərkəzinin direktoru Azər Şəmsəddinski onların hər birinin ifadəsinin götürüldüyünü bildirib: “Anestezioloq, tibb bacısı, köməkçi həkim, xadimələrin hamısı xəstəni cərrahın özünün əməliyyata hazırladığını dedi. Hamısı mənim yanımda müstəntiqə ifadə verdilər. Onların sözlərinə görə, xəstənin ayağını cərrah Valeh Kərimov özü yuyub, təmizləyib. Tibb bacısını xəstənin ayağını yumağa, təmizləməyə kömək edir. Lakin bu dəfə bütün prosesi cərrah özü edib. Xəstəni ayağı sarğılı halda palatadan əməliyyat otağına aparılıb. Xəstənin ayağını da cərrah özü sarıyıb. Normalda da həkim özü ayağa baxıb, yumalıdır. Əməliyyatda iştirak edən tibbi heyətin sözlərinə görə, hər iki ayaq pəncə hissədən sarğılı halda əməliyyat otağına gətirilib. Tibb bacıları sadəcə həkimin istədiyi ləvazimatları verir”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm