Azərbaycan Prezidenti: Bu gün ordumuz güclü ordular sırasındadır
Bizi izləyin

Qırmızı.az

Azərbaycan Prezidenti: Bu gün ordumuz güclü ordular sırasındadır

Prezident İlham Əliyev iyunun 25-də hərbçilərlə görüşündə bu gün ordumuzun maddi-texniki təchizat baxımından güclü ordular sırasında olduğunu bildirib. Dövlətimizin başçısı vurğulayıb ki, son illər ərzində əldə etdiyimiz texnika, silah-sursat ən yüksək standartlara cavab verir.

Azərbaycan Prezidenti bu gün ordumuzun yüksək dəqiqliyə və çox böyük dağıdıcı qüvvəyə malik olan hərbi silahlardan istifadə etdiyini, yəni, ordumuzun bütün ehtiyaclarının təmin edildiyini diqqətə çatdırıb. “Bununla bərabər, bir neçə ildir ki, artıq əsgərlər hərbi hissələrdə mülki işlərə cəlb olunmurlar, onların yerinə mülki vətəndaşlar cəlb edilibdir və biz burada iki məqsədi güdürük - ilk növbədə, əsgərlər orduda xidmət etməli və öz peşəkarlıqlarını artırmalıdırlar, digər tərəfdən, bu, mülki vətəndaşlar üçün yeni iş yerlərinin açılması deməkdir. Bu proqram çərçivəsində artıq minlərlə mülki şəxs hərbi hissələrdə işləyir, yaxşı maaş alır. Mən hərbi hissələrdə olarkən onlarla da söhbət edirəm və görürəm ki, onlar da bu işlərdən çox razıdırlar”, - deyə Prezident qeyd edib.

Dövlətimizin başçısı bildirib ki, Azərbaycanda ordu quruculuğu prosesi məqsədyönlü və planlı şəkildə aparılır, görülən işlər də göz qabağındadır. Bununla paralel olaraq, Azərbaycanda hərbi–sənaye kompleksi yaradılıb və mindən çox adda hərbi təyinatlı məhsul istehsal edilir. Bu, həm ordumuzun ehtiyacını ödəyir, eyni zamanda, biz artıq xarici bazarlara da çıxmışıq. Bakıda keçirilmiş müdafiə sənayesi sərgisi bir daha onu göstərir ki, artıq Azərbaycan bu istiqamətdə də böyük uğurlara imza atıb. Çünki birinci sərgiyə çox böyük maraq var idi. Orada nümayiş etdirilən hərbi təyinatlı məhsullar dünyanın aparıcı şirkətləri tərəfindən istehsal edilmişdir və onlardan bir hissəsini artıq Azərbaycan əldə edib. Beləliklə, müxtəlif ölkələrdə keçirilən ənənəvi müdafiə sənayesi sərgiləri ilə yanaşı, bu gün Azərbaycan da bu məsələdə öz imzasını qoyub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm