Bu gün avronun taleyi həll olunacaq - HESABAT
Bizi izləyin

Hesabat

Bu gün avronun taleyi həll olunacaq - HESABAT

Yola saldığımız həftə günlərdir birjaları təhdiddə saxlayan Böyük Britaniyanın referendum qərarı reallaşdı. Krallıq seçicilərinin 52 faizə yaxını Avropa Birliyindən çıxmağa, 48 faiz ittifaqın tərkibində qalmağa səs verdi. 4 faiz fərq dünya birjalarına baha başa gəldi. "Brexit"in ilkin nəticələri nefti 2 dollardan artıq ucuzlaşdırdı. Səhm bazarları miylardlarla dollar itki yaşadı. İngilislərin güclü valyutası illərdən sonra 10 faizə qədər dəyərdən düşdü.

Başlayaq elə “Brexit”in təsirlərindən. Əvvəla xalqın əksəriyyətinin “Bexit” deməsi “Wall Street”i sarsıtdı.

Dow Jones indeksi 3,39, Nasdaq Mürəkkəb indeksi 4,12 faiz dəyər itirdi. Beləliklə, təxminən beş ilin ən sərt enişi yaşandı. Dow Jones Sənaye İndeksi də 609,77 bal düşdü.

Ümumiyyətlə “Brexit” qərarının ABŞ birjalarında bir gündə təxminən 800-900 milyard dollarlıq dəyər itkisinə gətirib çıxardığı irəli sürülür. “High Frequency Economics”in baş iqtisadçısı Cim O'Sullivanın bu barədə açıqlamalarına görə, yaşanan dalğalanma ABŞ iqtisadiyyatına mənfi təsir edəcək. Xüsusilə Nyu-York birjası və dollardakı sərt hərəkətlənmələr iqtisadi artımı azaldacaq.

Qeyd edək ki, ABŞ birjalarının cəmi bazar dəyəri 23 trilyon dollar ətrafındadır. Cümə günü Nyu-York birjasında itkilər 3,5 - 4,0 faiz ətrafında idi. Bu yalnız bir gündə birjanın 800-900 milyard dollar itirməsi deməkdir.

Ekspert FED-in gözləmə mövqeyində qalmasının səbəblərinə də toxunub: “Brexit”dən qaynaqlanan proseslərin ABŞ-ın məşğulluq bazarındakı yaxşılaşmanı dayandıracağı real görünmür. İşsizlik nisbəti düşməkdə, ödənişlər və inflyasiya artmaqda davam edəcək. FED prosesləri sentyabrda yenidən qiymətləndirəcək. Hələlik iqtisadi proseslər dəqiqlik qazanana qədər gözləmə mövqeyində qalacaq".

O, FED-in bu ilin dekabrında bir dəfə faiz artımına gedəcəyinə dair proqnoz verib.

Federal Ehtiyatlar Sistemi isə öz növbəsində yerli banklara likvidlik verməyə hazır olduğunu bildirib.

FED-in məlumatında deyilir ki, tənzimləyici ABŞ iqtisadiyyatına neqativ təsirlərin qarşısını alacaq: “Qlobal iqtisadiyyatda baş verən hadisələrə olduqca diqqətlə yanaşılır. Böyük Britaniyada keçirilən referendumdan sonra FED digər Mərkəzi Banklarla əməkdaşlıq edir".

Avropa birjaları da 1987-ci ildən bəri ən böyük itkini yaşayır. Nəticələrin bəlli olduğu ilk gündə Stoxx Europe 600 İndeksi açılışda qlobal bazarlardakı sərt satış dalğasına qatılaraq 8.4 faiz düşdü. İngiltərədə FTSE 100 İndeksi 6.4 faiz düşərək 2008-ci ildən bəri ən böyük itkisini reallaşdırdı. Standard Life Plc, Royal Bank of Scotland Group Plc və Barclays Plc hissələri 26 faizdən çox itki yaşadı. Almaniyada DAX İndeksi 8.1 faiz, İsveçrə birjası 4.8 faiz, Fransız CAC 40 8.5 faiz, İtaliya və İspaniya birjaları ən az 4 faiz nisbətində düşdü.

İngilis pul vahidi sterlinq dollara nisbətən 7 faiz dəyər itkisiylə 1985-ci ildən bu yana ən aşağı səviyyəsinə geriləyib.

İngiltərə, Almaniya və Fransada böyük bankların səhmləri belə 12-25 faiz arasında dəyər itirib. Belə şəraitdə Britaniya Mərkəzi Bankı ("Bank of England") maliyyə sektorunun dayanıqlığı üçün 250 mlrd. funt sterlinq (345 mlrd. dollar) həcmində əlavə likvidlik vermək niyyətini açıqlayıb. Britaniya bankları son dövrlər 130 mlrd. funt sterlinq (179 mlrd. dollar) həcmində əlavə likvidlik cəlb edib: "Bu, onlara öz bizneslərini dəstəkləməyə imkan verəcək".

Bütün bunlara baxmayaraq, “Moody's” Beynəlxalq Kredit Təşkilatı İngiltərənin "sabit" olan kredit notunu "mənfi"yə çəkib. "Aa1" olan ölkə kredit qeydini isə təsdiqlədi. Təşkilatdan qeyd edilir ki, İngiltərədə naməlumluq müddəti uzanacaq. Bu da ölkənin iqtisadi artım tempinə mənfi təsir edəcək.

AB Şurasının rəhbəri Donald Tusk da referendumun nəticələrinə maraqlı şərh verib. O, Böyük Britaniyanın “Brexit” qərarından sonra qalan 27 üzvü qoruyacaqlarını dedi: “Birləşmiş Krallıqdakı referendumdan başqa nəticənin çıxmasını istədiyimizi gizlətməyə ehtiyac yoxdur. Bunun nəticəsinin siyasi olaraq nə qədər ciddi və hətta dramatik olduğunun fərqindəyəm". Tusk həmçinin deyib ki, Avropa Birliyi mənfi ssenariyə qarşı hazırlıqlıdır”.

Bu arada 765 milyard dollarlıq əmlakı idarə edən “T. Rowe Price Group” Böyük Britaniyanın Avropa Birliyindən ayrılma qərarının qlobal resessiya riskini artırdığını bəyan edib. Qrupa görə, bu risk 50 faizə yüksəlib: “Brexit”in yalnız Birləşmiş Krallığa aid bir problem olduğuna inananlar səhv edirlər. Onlar Yunanıstanın göstərdiyi təsiri unudurlar. Üstəlik, Yunanıstan Birləşmiş Krallıqdan çox kiçikdir, həm də maliyyə mərkəzi deyil".

Nəzərə çatdıraq ki, Avropada dalğalanmalar “Brexit”lə bitməyib. İspaniya da bu gün seçkiyə gedir. Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) ayrılması qərarından sonra kəskin ucuzlaşan avro parlament seçkilərinin nəticəsindən asılı olaraq ucuzlaşmağa davam edə bilər. Belə ki, bu günkü seçkilərdə sosial-demokratların güclənməsi və ya hakimiyyətə gəlməsi ilə İspaniyanın Aİ-dən ayrılmaq tələbləri önə çıxa bilər. Belə olarsa, avro ikinci şokla qarşılaşa bilər və qlobal valyuta bazarında ucuzlaşması davam edəcək.

İki mehriban düşməndən - Ukrayna və Rusiyadan da xəbər var. Ukraynada son iki ildə 2 dəfə real iqtisadi artım müşahidə olunub. Ukrayna Mərkəzi Bankının mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Dövlət Statistika Komitəsinin dəqiqləşdirilmiş nəticələrinə əsasən, 2016-cı ilin ilk rübündə real ÜDM illik müqayisədə 0,1% artıb. 2015-ci ilin son rübü ilə müqayisədə isə real ÜDM 0,7% azalıb. Ukrayna Mərkəzi Bankı 2016-cı ilin ilk rübündə iqtisadi artım templərinə mane olan səbəblər arasında Rusiyanın tranzit məhdudiyyətləri və yanvar ayında pis hava şəraitini göstərib. Mərkəzi Bank 2016-cı il yekununda 1,1% iqtisadi artım əldə olunacağını proqnozlaşdırıb.

Rusiyada isə problemli kreditlər ilk dəfə 18%-i keçib. Bizə şükür, bu ölkədə yaşayanların 140 mlrd. dollar krediti var. "Birləşmiş kredit byurosu"nun hesabatına istinadən xəbər verilir ki, 2016-cı il may ayının yekunlarına görə vaxtı keçmiş kreditlərin məcmu kredit portfelində payı 18,2% təşkil edib. Problemli kreditlərin 2016-cı ildə artım tempi keçən ilin analoji dövrü ilə müqayisədə 8%-ə bərabər olub. İlin əvvəlindən 90 günü keçmiş problemli kreditlər 695 min ədəd və ya 7,2% artaraq 10,2 mln. kreditə çatıb.

İlin əvvəlindən problemli kreditlərin artım tempi keçən ilin analoji dövrü ilə müqayisədə bir qədər azalıb və 10% təşkil edib. Göstərici ümumi kredit portfelinin 13,9%-ni və ya 1,3 trln. rubl (20 mlrd. ABŞ dolları) olub. Keçən ilin analoji dövründə problemli kreditlərin artım tempi isə 17%-ə bərabər olub.

Hesabat dövründə problemli kreditlərdə ən yüksək artım tempi ipoteka seqmentində müşahidə olunub. İlin əvvəlindən vaxtı keçmiş ipoteka kreditləri 22% artaraq 103 min ədəd yüksəlib və məcmu kreditlərin 3,9%-ni təşkil edib. Problemli ipoteka kreditlərinin həcmi hesabat dövründə 17% artaraq 155 mlrd. rubl (2,4 mlrd. dollar) və ya məcmu ipoteka kreditlərinin 4,5%-ə bərabər olub.

Nağd pul kreditləri ilin əvvəlindən 9% artaraq 7,9 mln ədəd və ya məcmu kredit sayının 23,1%-ə çatıb. Nağd problemli pul kreditləri məcmu pul kreditlərinin 19%-i təşkil edib. Hesabat dövründə nağd problemli kreditlərin həcmi 10% artaraq 777 mlrd. rubl (12 mlrd. dollar) olub.

Problemli kredit kartları ilin əvvəlindən 6% artaraq 5,4 mln. ədədə çatıb və məcmu aktiv kredit kartlarının 14,8%-i təşkil edib. Problemli kartların həcmi 1% artaraq 251 mlrd. rubl (3,9 mlrd. dollar) və ya məcmu kredit kartı üzrə borcların 26,4%-ə çatıb.

Bu il iyunun 1-nə rusiyalı borcalanlar 75 mln. ədəd və ya 9,1 trln. rubl (140 mlrd.dollar) kreditə sahib olub.

Gəldik çxdıq öz ölkəmizə...

Dünyada gedən proseslərin nəticəsi olaraq həftə ərzində dolların manata nəzərən bahalaşması müşahidə edilir. Əvəzində funt sterlinq və avro ucuzlaşıb. Dövlət Neft Fondu valyuta məzənnələrindəki qısamüddətli dəyişkənlikdən yaranan fərqdən portfelinə zərər dəymədiyini elan edib. Fonddan bildirilir ki, ARDNF-nin portfelinin aktivlər üzrə olduğu kimi müxtəlif valyutalar üzrə də diversifikasiya olması bu dəyişkənliyin son nəticədə portfelə nə zərər, nə də mənfəət mənbəyi olaraq hesab olunmur və gəlirliliyin hesablanmasında da nəzərə alınmır.

Xatırladaq ki, ARDNF-nin İnvestisiya siyasətinə əsasən Fondun investisiya portfelinin vəsaitinin 50%-i ABŞ dolları, 35%-i avro və 5%-i ingilis funt sterlinqi ilə ifadə olunan aktivlərdədir.

"İlin sonunadək neftin qiyməti 60 dollaradək qalxacaq". Bu bəyanatı SOCAR prezidenti Rövnəq Abdullayev verib: “Neftin qiymətində artım dinamikası nümayiş olunur. Neftin qiyməti artıq dibi görüb. Neftin qiyməti hətta 50 dollar olduğu halda, bu, investisiyayönümlü qiymət deyil. Son iki il ərzində böyük neft şirkətləri yüzlərlə milyard dollarlıq investisiyaları, bir çox layihələrini saxlayıblar".

Neftin 1 barelinin investisiyayönümlü qiymətinin 60-70 dollar olduğunu deyən Abdullayev neftin qiymətinin 60 dollaradək bahalaşmasının neft sənayesinə böyük investisiyaların yatırılması üçün kifayət olmadığını əlavə edib.

Məndən bu qədər...

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm