İşıqsız, susuz qalan bina - İki qurumun pul mübahisəsi
Bizi izləyin

Qırmızı.az

İşıqsız, susuz qalan bina - İki qurumun pul mübahisəsi

"Binada bir neçə nəfərin elektrik borcu var, ona görə də bu gün səhər saatlarından bütün binanın işığı kəsilib. Hələ bu azmış kimi, işıq olmadığına görə, qazımız və suyumuz da kəsilib, lift də işləmir".

Bu barədə Publika.az-a Bakı Şəhər Yeni Yasamal 2 ünvanında yerləşən yeni tikilmiş binanın sakinləri müraciət edib.

Sakinlər deyir ki, binada bir neçə nəfərin işıq borcunun cəzasını digər sakinlər də çəkir. Hər ay vaxtında işıq pulunu ödəyənlər də bir neçə ailənin biganəliyinin qurbanı olur. Məsələ bununla bitmir. Binaya işığın verilməməsi, qaz, su, lift problemi yaradır. Bütün bunlar isə bina sakinlərinin səbr kasasını daşırıb. İsti havada sakinlər evdə sərinləmək, istirahət etmək və hətta qida qəbul etmək kimi elementar hüququndan da məhrum olublar.

Bəs Bakının mərkəzində bir neçə sakinin elektrik borcunun cəzasını bütün binaya çəkdirməyə kimin hüququ var? Hər ay vaxtında istifadə etdiyi işığın pulunu ödəyən biri nə üçün elektrikdən məhrum olmalıdır?

"Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Publika.az-a açıqlamasında bildirib ki, belə hallar tez-tez yaşanır və istehlakçıların hüquqları pozulur: "Bir vətəndaşın borcuna görə, digər sakinlərin işığını kəsmək, onları üz-üzə qoymaq niyyəti daşıyır. Problemi özü həll edə bilməyən qurum, bu yolla istəyinə nail olmağa çalışır. Bu da tamamilə yolverilməz haldır. Bu addım birmənalı olaraq istehlakçıların hüquqlarının pozulmasıdır. Yeni tikilən binalarda belə problemlər tez-tez müşahidə edilir. Mənzil-tikinti kooperativləri sakinlərin istifadə etmədiyi kommunal xidmətlərin pulunu alır. Hansı ki, sakin pulu ödəmirsə, mənzil-tikinti kooperativi onu məhkəməyə verməlidir. Digərlərinin işıq, su və qazını kəsmək qanunsuzluqdur. Yaxşı ki, kanalizasiyanı kəsmək mümkün deyil".

"Azərişıq" ASC-nin mətbuat xidmətindən bildirdilər ki, bir neçə sakinə görə bütün binaya işıq verilişinin dayandırılması mümkündür, lakin digər kommunal xidmətlərin kəsilməsi real görümür: "Həmin bina mənzil-tikinti kooperativin balansındadır. Həmin kooperativin "Azərişıq"a 411 manat borcu olub. İşıq olmadığına görə, binada lift və nasos işləməyib. Bu barədə həmin kooperativə xəbərdarlıq edilmişdi. Xəbərdarlığa baxmayaraq, ödəniş olmadığına görə, bu səhər işıq kəsilmişdi. Bu saatlarda ödəniş edildiyinə görə, problem həll edildi. Binaya elektrik enerjisi verilişi bərpa edildi. Lakin binaya qaz verilişində yaranan problemin "Azərişıq"a heç bir aidiyyatı yoxdur".

"Azərişıq"ASC-dən onu da bildirdilər ki, borcu olan əhaliyə əvvəlcə bildiriş verilir, 27 gün keçəndən sonra xəbərdarlıq edilir. 30 günün tamamında borc ödənilmirsə, işıq kəsilir. Qeyri-əhalidə isə borcun ödənilməsi üçün 5 iş günü vaxt verilir: "Mənzil-tikinti kooperativlərin balansında olan binaya da 30 gün müddətində vaxt verilir. Bu gün bir çox yeni tikilmiş binada kommunal xidmətləri MTK-lar idarə edir. Borcu bir nəfər ödəmədiyinə görə, digər sakinlərin də işığı kəsilə bilər. Lakin işıq borcuna görə, qaz və suyun kəsilməsi real görünmür. Axı digər xidmətlərin bizə aidiyyatı yoxdur".

Bina "Gənc Alimlər" MTK-nın balansında olduğundan yaranmış problemlə bağlı onlarla əlaqə saxladıq. Binanın komendantı Mehman Məmmədov problemin borca görə yarandığını dedi və bütün tərəfləri günahkar çıxartdı: "Qazın bizə aidiyyatı yoxdur. Lakin işıq borcu olduğuna görə, ümumi xətti bağlamışdılar. Ona görə də, binaya su verilişində problem yaranmışdı. Artıq problem həll olunub".

Bir neçə nəfərin borcuna görə, bütün bina sakinlərinin kommunal xidmətlərdən məhrum olmasına gəldikdə, M.Məmmədov bu problem sakinlərin özlərinin yaratdığını dedi: "Bu problemi "Azərişıq" yaradıb. Əvvəl min manat da borc olurdu, amma işıq kəsilmirdi. İndi 300-400 manat olan kimi xəbərsiz işığı kəsib gedirlər. Bu dəfə xəbərdarlıq edilmişdi. Ancaq biz bütün borcu ödəməmişdik. Əlimizdə olan pulla, bir qismini ödədik. Bir müddət sonra qalanı ödəyəcəkdik. Əvvəllər müddət verirdilər, indi gözləmirlər. Həm də sakinlər də vaxtında kommunal xidmətlərini ödəməlidirlər ki, işıqsız, susuz qalmasınlar. Əvvəl biz ödənişi tələb edəndə ödəmirlər, sonra işıq kəsiləndə zəng edirlər. Vaxtında pulu ödəsinlər, belə problem yaranmasın. Ödəyənlər də, ödəməyənlər kimi problem yaşayır. Necə deyərlər, yaş da qurunun oduna yanır".

Problemin bundan sonra təkrarlanmaması üçün necə həll edilməsinə gəldikdə, komendant bunun yeganə yolunun sakinlərin vicdanından asılı olduğunu dedi.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm