Yerinə yetirilməyən MESSİYA
Bizi izləyin

Digər

Yerinə yetirilməyən MESSİYA

Fransada Avropa çempionatı keçirilir. Bu gün avrokuboklarda yeni mövsümə start verilir. Böyük Britaniya Avropa İttifaqından çıxmaqla siyasi arenanı çaş-baş salıb. Funt sterlinqin zəifləməsi üzündən dünya bazarı bir-birinə qarışıb. Hər şey bir tərəfə... Ay millət, Lionel Messi karyerasını bitirdiyini açıqlayıb. Təsəvvür edirsiz? Dünyanın ən yaxşı futbolçusu dünya çempionu olmadan milli ilə vidalaşdığını bəyan edib. Elə bilir ki, bu qərarı vermək asandır. Hətta Argentina prezidenti də məsələyə qarışıb...

Hər şey ötən bazar gecəsi baş verdi. Argentina millisi ardıcıl ikinci dəfə Amerika kubokunun finalında Çiliyə uduzdu və çoxlarının dahi kimi qələmə verdiyi Messi yenə də millidə titulsuz qaldı. 5 dəfə “Qızıl top”u qazanan əfsanəvi futbolçu sanki mavi zolaqlı forma geyinəndə lənətlənir.

Çiliyə məğlubiyyətdən sonra göz yaşlarını saxlaya bilməyən Leonun ilk sözləri belə olmuşdu:

“Mənim üçün milli kitabı bitdi. Bu artıq karyeram ərzində böyük turnirlərdə 4-cü, ardıcıl isə 3-cü finaldır ki, məğlub oluram. Bunu izah etmək həqiqətən çox çətindir. İlk ağlıma gələn şey təslim olmaqdır. Artıq getmək vaxtıdır. Heç kim finalda dayanmaq istəməz. Çox məyusam. Əlimdən gələn hər şeyi etsəm də, çempion ola bilmədik”.

Onu başa düşmək olar. Budəfəki məğlubiyyətdə əsas səbəbkarlardan biri elə Leo özüdür. Oyunsonrası penalti seriyasında ilk zərbəni göyə vuran dahi sanki milli komandada titul qazanmaq şansını da gedər-gəlməzə göndərdi. Həmin an onun üzündəki üzüntünü sözlə ifadə etmək çətindir. Bəlkə də Leo oyundan sonra emosiyalara qapılaraq “gedirəm” deyib. Ancaq buna görə onu qınamaq da düzgün deyil. Kim olsaydı, Messi kimi düşünərdi...

Həqiqət budur ki, onun karyerası ərzində millidə keçirdiyi bütün vacib oyunlarda bəxt onunla acı zarafat etdi. Leonun arzuolunmaz sonluqla bitən milli karyerası 2007-ci ildə başlamışdı. Düz 9 il əvvəl ilk titulunu qaçırmışdı Messi. Həmin turnirdə Argentina finala qədər 16 qol vurmuş və ikisinin altında Messinin soyadı yazılmışdı. Ancaq finalda Braziliyaya böyükhesablı məğlubiyyət gözləyirdi onları. 2014-cü ildəki dünya çempionatının ən yaxşı oyunçusu seçilmişdi. Ancaq komandası həlledici oyunda almanlara uduzdu (0:1). Bundan bir il sonra Amerika kubokunun finalında indiki kimi Çili səddi var idi. Leo özü penalti seriyasında fərqlənsə də, oyundaşlarının hədəfdən yayınması, məğlubiyyətə səbəb oldu (1:4). Bu dəfə də belə...

İlk dəfə Argentina millisinin formasını 2005-ci il avqustun 17-də geyinən Lionel Messi Macarıstanla oyuna sonradan daxil olmuşdu. Və meydana çıxdıqdan 47 saniyə sonra aqressiv hərəkətinə görə meydandan qovulmuşdu. Bəlkə elə bəxt belə başlanğıca görə ondan üz döndərib. Mistik fərziyyə olsa da, bəzən adamın inanmağı gəlir.

11 il ərzində 113 oyunda millinin şərəfini qoruyan Messi 55 qol vurmaqla ən yaxşı bombardir adını qazanıb. Sonuncu qolunu yenicə başa çatan Amerika kubokunun yarımfinalında ABŞ-ın qapısından keçirib. Milli formada onun gözə dəyən cəmi iki uğuru olub: 20 yaşlılar arasında dünya çempionluğu (2005) və Olimpiya çempionluğu (2008). Vəssalam...

İndi hamını bir sual düşündürür. Görəsən, Messi qərarını dəyişəcəkmi? Təkcə ona görə yox ki, DÇ-2018-də onu da meydanda görək. 29 yaşında milli karyeranı əlinin çölüylə kənara itələmək düzgün deyil. Vaxtilə əfsanəvi Maradona demişdi: “Messi yaxşı insandır. Ancaq onda liderlik xarakteri çatmır”. Onun sözlərini təkzib etmək gec deyil, Leo. Sənin hələ yerinə yetirilməyən missiyan var...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm