“Brexit” dalğası, çökən iqtisadiyyat, bahalaşan dollar - XÜLASƏ
Bizi izləyin

Ekopublika.az

“Brexit” dalğası, çökən iqtisadiyyat, bahalaşan dollar - XÜLASƏ

Dünya iqtisadiyyatında “Brexit” dalğası davam edir.

Avropa Mərkəz Bankının rəhbəri Mario Draghi Böyük Britaniyanın Avropa Birliyindən çıxmasından kədərləndiyini bəyan edib. Portuqaliyada təşkil edilən forumda çıxış edən Mario Draghi “duyğularımızı izah edə biləcək söz tapmağa çalışıram” deyə bildirib. O, qeyd edib ki, böyük dəyişiklikləri izah etmək üçün ən doğru söz 'kədər”dir. “Super Mario” ləqəbli bank rəhbəri “Brexit” qərarından sonra Avropa Mərkəz Bankı və dünyadakı bir çox mərkəzi bankların maliyyə sabitliyini təmin etmək üçün dəstək verəcəklərini açıqladı. Bu gün Draghinin Brüsseldə AB liderləriylə bir araya gəlib müzakirələr aparması gözlənilir.

“Brexi” krallığa da baha başa gəlib. "Fitch" beynəlxalq reytinq agentliyi Böyük Britaniyanın uzunmüddətli kredit reytinqini bir pillə aşağı salıb. Agentliyin məlumatında kredit reytinqinin "AA+"dən "AA" səviyyəsinə düşdüyü göstərilib. Buna səbəb kimi isə Böyük Britaniyanda Avropa İttifaqından çıxış üzrə keçirilmiş referendumun nəticələri göstərilib. Belə ki, "Brexit" milli iqtisadiyyata mənfi təsir göstərə bilər. "Fitch", həmçinin 2016-cı ildə Böyük Britaniyada ÜDM-in artım proqnozunu 1,9 fazidən 1,6 faizədək azaltmağı qərara alıb. Agentliyin hesablamalarına görə, 2017-2018-ci illərdə iqtisadiyyat 0,9% ilə artacaq (əvvəllər 2% artım olacağı gözlənilirdi - red.). "Fitch" bu rəqəmlərin Aİ-yə ixracatın azalmasına təsir göstərə biləcəyini hesab edir.

"Standard & Poor`s" da Böyük Britaniyanın kredit reytinqini bir pillə aşağı - mənfi proqnozlu "AA" səviyyəsinə salıb.

Məşhur fond idarəçisi Bill Gross FED-in 2016-cı ildə faiz artımına getməyəcəyini bəyan edib.“Janus Capital”ı idarə edən Gorss güclü dollar səbəbindən ABŞ-ın resessiyaya daxil olma ehtimalının 30-50 faiz olduğunu bəyan edib. Gross qeyd edib ki, 10 il vədəli ABŞ istiqrazlarının faizlərinin 1.25 faiz düşmə ehtimalı var: “Bu bildiyimiz qloballaşmanın sonudur”.

Rusiya iqtisadiyyatı 2016-cı ilin yanvar-may aylarında keçən ilin analoji dövrü ilə müqayisədə 1% azalıb. "VneşEkonomBank"ın (VEB) baş analitiki Andrey Klepaçın sözlərinə görə, faktiki göstərici gözləntilərdən çox aşağı olub. Hesablama Rusiya İqtisadi İnkişaf Nazirliyi (İİN) tərəfindən aparılıb. Nazirliyin hesabatında həmçinin qeyd olunub ki, may ayında Rusiya iqtisadiyyatı keçən ilin analoji dövrü ilə müqayisədə 0,8%, əvvəlki ayla müqayisədə isə 0,1% azalma var. Azalma əsasən dağ-mədən, tikinti və pərakəndə ticarətdə qeydə alınıb. May ayı ərzində inkişaf göstərən sektorlar arasında kənd təsərrüfatı olub.

VEB-in hesablamalarına görə, mayda Rusiya iqtisadiyyatı İİN-in hesablamalarından daha çox azalıb. VEB aprel ayı ilə müqayisədə 0,4%, yanvar-may ayları ərzində isə keçən ilin analoji dövrünə nisbətən 1,1% azalıb. May ayı ərzində isə keçən ilin anaoloji dövrü ilə müqayisədə 1% düşmə qeydə alınıb.

Azərbaycana gəlincə, ölkədə dollara olan tələbat hər keçən gün artmaqdadır. Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) növbəti valyuta hərracını keçirib. ARDNF-dən hərraca 50 mln. ABŞ dolları çıxarılıb və 31 banka satılıb. Amma bəzi mənbələrə görə, hərracda tələb yarım milyard dolları keçib.

Maliyyə Nəzarəti Palatası isə dollar satışını süni surətdə daynadıran və dollar qıtlığı yaradan banklara xəbərdarlıq edib.

Maliyyə sektorumuza investisiya qoyluşu azalıb. Bu ilin yanvar-may ayları ərzində Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşlarının 0,2 mln. manatı və ya 0,004%-i maliyyə və sığorta fəaliyyəti ilə bağlı olub. Ötən ilin eyni dövründə isə bu göstərici 17,8 mln. manat və ya 0,3% təşkil edib.

Nəhayət Mərkəzi Bank tərəfindən 29.06.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,5363 səviyyəsində müəyyən olunub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm