İstanbul terrorunun arxasında kimlər dayanıb? – RƏYLƏR
Bizi izləyin

Dünya

İstanbul terrorunun arxasında kimlər dayanıb? – RƏYLƏR

Dünən axşam saatlarında İstanbul Atatürk hava limanında terror aktı törədildi. Nəticədə 43 nəfər həlak olub, 147 nəfər yaralanıb. Terror aktını kimin törətdiyi hələ məlum olmasa da, “Associated press” agentliyinin yaydığı məlumatda məsuliyyəti İŞİD-in üzərinə götürdüyü deyilir.

Bu, terror aktının törədilməsi son günlər Türkiyənin Rusiya, eləcə də İsraillə münasibətləri düzəltməsi ilə yaxın gələcəkdə güclənəcəyi gözləntiləri fonunda diqqət çəkir.

Publika.az İstanbul terrorunun məqsədi və arxasında dayana güclərin kim olması ilə bağlı siyasətçilərin rəyini öyrənib.

Mili Məclisin deputatı Elşən Musayev hesab edir ki, Qərbin maskası artıq yırtılıb və açıq oynamağa başlayır: “Ərdoğanın hər jestinə bir qarşılıq verir. Bu terror aktı da Rusiya-İsrail-Türkiyə ittifaqına açıqlanan “münasibət”dir”.

Onun sözlərinə görə, Atatürk hava limanı Avropanın ən ciddi qorunan strateji məkanlarından biridir: “Orada quş quşluğu ilə uça bilməz, nəinki avtomatlı terrorçu. Deməli, aeroportun təhlükəsizlik xidmətinə aylar, ya da illər öncə emissar yerləşdirilib və vaxtı çatanda “düymə” basılıb. Canlı bombalar bütün hallarda psixotrop maddələrlə anlaqsız vəziyyətə gətirilən icraçılardır. Onlar yalnız prosesin “icra-ölüm” mərhələsində istifadə olunur. Qətlin lokal planını quran əsl simalar isə çox güman terror anında yaralıları, ölüləri təcili yardım maşınına daşıyanların arasındadır. Antalya da daxil digər istiqamətlərə birbaşa və transfer uçuşları həyata keçirən hava limanı son 6 ay ərzində ən gərgin qrafiklə məhz bu gün işləyib. “Gediş” terminalının seçilməsi də təsadüfi deyil: “23.00-23.50” arası uçuşlar “Atatürk”ün ana reysləri hesab olunur. Həmin radələrdə giriş qapısından uzanan növbələr qaçılmazdır və cinayətkar dəstə o təəssüratı yaratmaq istəyib ki, hadisə daxildən deyil, çöldən içəri nəql edilib”.

E. Musayev qeyd edib ki, Türkiyəyə, Ərdoğana qarşı qurşaqdan aşağı oynayırlar.

Politoloq Xaləddin İbrahim bu terror aktının Türkiyə-Rusiya və Türkiyə-İsrail münasibətlərinin yaxşılaşmasını istəməyənlər tərəfindən planlaşdırıldığını deyib: “Terrorun hava limanında törədilməsi turizm sektorunun effektli fəaliyyətinə zərbədir, Türkiyədə turizm sektoruna zərbə ümumi olaraq Türkiyə iqtisadiyyatına zərbədir. Türkiyə iqtisadiyyatına zərbə onu sözəbaxan hala gətirmək deməkdir. Beləliklə, zərbə Rusiya və İsrailə deyil, birbaşa Türkiyəyə vurulur”.

Bunun kimə lazım olduğu məsələsinə gəlincə, X. İbrahimli bildirib ki, hər kəs özü bu cavabı asanlıqla tapa bilər.

Politoloq Zərdüşt Əlizadə isə bu terror aktını Ankara-Moskva yaxınlaşması ilə bağlamağın düzgün yanaş olmadığını hesab edir: “Türkiyə artıq daim terrorun törədildiyi ölkəyə çevrilib. Burada məqsəd Türkiyəni parçalamaqdır. Unutmamalıyıq ki, Türkiyənin parçalanması və zəifləməsi daha çox Rusiyanın strateji maraqlarına uyğundur”.

Politoloq terror aktının daha çox Türkiyədəki daxili ictimai-siyasi vəziyyətdən qaynaqlandığını deyib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm