FED-in qərarı, Putinin göstərişi, dövlətə borclu qalan banklar – GÜNÜN XÜLASƏSİ
Bizi izləyin

Ekopublika.az

FED-in qərarı, Putinin göstərişi, dövlətə borclu qalan banklar – GÜNÜN XÜLASƏSİ

Bu günün mövzusu FED-in iyul toplantısında faizləri artırıb-artırmayacağı oldu.

Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxmaq istəməsindən sonra hər iki tərəfin valyutası, dünya fond birjaları, istiqrazların gəlirliliyinin azalması ilə bərabər ABŞ Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsini artırması ilə bağlı ehtimallar da aşağı enib. FES-in uçot dərəcəsini artırması ehtimallarının gücləndiyi ilk iclasın 2017-ci ilin martında keçirilməsi planlaşdırılır. Qeyd edək ki, "Brexit"dən sonra bu il keçiriləcək 4 iclasda uçot dərəcəsinin artırılması gözlənilmir.

“Qazprom” Avropada təbii qazın qiymətinin bu il min kub metr üçün 199 dollar səviyyəsində olacağını bəyan etdi. Şirkətdən verilən şərhdə bildirilir ki, bu il Avropada təbii qazın qiyməti min kub metr üçün 199 dollar, neftin bareli isə 50 dollar səviyyəsində olacaq. “Qazprom” bu ilin sonuna qədər 8,9 milyard dollar, gələn il 6,5 milyard dollar borc ödəməsi reallaşdıracaq.

Rusiya prezidenti Vladimir Putin Türkiyəyə qarşı sanksiyaların ləğvi haqqında tapşırıq verdi. Putin Nazirlər Kabinetinin üzvləri ilə görüşdə baş nazir Dmitri Medvedevə qanunvericiliyə müvafiq dəyişikliyin edilməsi barədə göstəriş verib: "Türkiyə prezidentinin göndərdiyi məktubdan sonra türkiyəli tərəfdaşlarımızla münasibətlərin normallaşmasına başlamaq qərarı verdik. Telefon söhbətinin əvvəlində ölkə prezidentinə bütün Türkiyə xalqına İstanbulda baş verən terror aktı ilə bağlı başsağlığı verdim".

Putin turizm sahəsində Türkiyəyə qarşı məhdudlaşdırıcı tədbirlərin aradan götürüləcəyini də əlavə edib: "Rusiya hökumətindən Türkiyə ilə ümumilikdə iqtisadi-ticarət əlaqələrinin normallaşması prosesinə başlamağı xahiş edirəm".

Azərbaycana gəlincə, "Fitch" beynəlxalq reytinq agentliyi dərc etdiyi "İnkişaf etməkdə olan Avropa ölkələrinin suveren kredit reytinqi" icmalında Azərbaycan qlobal bazardakı aşağı neft qiymətləri və 2015-ci ildə ölkədə kəskin dəyişən valyuta məzənnəsinə tədricən uyğunlaşdığını açıqladı. Agentlik qeyd edir ki, Azərbaycan hökuməti "üzən" valyuta məzənnəsinin idarə olunması üçün zəruri şəraitin yaradılmasına və maliyyə alətlərinin işə salınmasına diqqətini cəmləyib. "Fitch" Azərbaycanla Qazaxıstanın milli valyutaya inamı bərpa etmək üçün çalışdıqlarını və Qazaxıstanda bu prosesin daha sürətlə həyata keçirildiyini bildirib. Agentlik hər iki ölkənin iqtisadiyyatının bu il azalacağını və iki rəqəmli inflyasiyaya sahib olacağını proqnozlaşdırır: "İqtisadi geriləmə valyuta hedcinqini həyata keçirməyən və açıq valyuta mövqelərindən zərər çəkmiş bank sektoruna təzyiqi daha da artıracaq".

Vergilər nazirinin müavini İlkin Vəliyev Azərbaycanda lisenziyası ləğv olunan banklardan 3-nün hələ də dövlət büdcəsinə olan borcunu ödəmədiyini söylədi. Onun sözlərinə görə, hazırda bu banklarda ləğvetmə komissiyası işləyir: "Burada digər kreditorlarla yanaşı, büdcə ilə hesablaşma qurtardıqdan sonra bu məsələ də öz həllini tapacaq". Bundan öncə Vergilər Nazirliyindən "APA-Economics"in sorğusuna cavab olaraq bildirilib ki, lisenziyası ləğv olunan banklardan 3-ün dövlət büdcəsinə 1 mln. 218 min manat məbləğində vergi borcu var.

Məlumatda deyilir ki, 2015-ci ilin avqustunda müflis elan edilən “Evrobank” ASC-nin dövlət büdcəsinə 13 min 17,20 manat vergi borcu var. 2016-cı ilin əvvəlində lisenziyası ləğv edilən “United Credit Bank” ASC-nin isə vergi borcu 25 min 751,29 manat təşkil edir. Bağlanan banklar arasında ən böyük vergi borcu olan isə “Texnikabank” ASC-dir. 2016-cı ilin əvvəlində lisenziyası ləğv edilən bu bankın 1 mln. 179 min 99,33 manat vergi borcu hələ də ödənilməyib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm