İlham və Fərizə SEVGİSİ
Bizi izləyin

Qırmızı.az

İlham və Fərizə SEVGİSİ

İham - Fərizə. Daha doğrusu, İlham Allahverdiyev və Fərizə Nəbiyeva.

Biz İlham və Fərizənin ölüm hadisəsini anbaan gerçək şəkildə, bütünü şişirmə və təsvirlərdən uzaq, öz əzizlərinin, qohumlarının dilindən danışacağıq.

Bu cütlük haqqında hələ çox dastanlar, əfsanələr gəzib dolaşacaq. Bir zaman nağıllarımızda, bədii ədəbiyyatımızda eşitmişdik belə məhəbbəti. Bir tək Şirin öz sevgilisi Xosrov üçün onun yaralandığı yerdən ürəyinə xəncər vuraraq intihar etmişdi ulu Nizaminin qələmində, 9 əsr bundan öncə. XX əsrin yaxın son onilliyndə Fərizə bir də bu dastanı yazdı. Hər şey belə başladı...

İlhamın bacısı Gülbəniz Allahverdiyeva: "Hər şey nişanlanandan sonra başladı. Fərizə mənim ilə bir sinifdə oxuyub. İlham əsgər gedib-gələndən sonra oldu hər şey. Əvvəl İlham heç nə demirdi. Biz evləndirmək istəyəndə Fərizənin adını çəkdi".

Fərizənin atası Çoban Nəbiyev: "Elçi gələndə dedim, qız istəyirsə, mən də əleyhinə deyiləm. Dedilər, qızın könlü var. Kefin istəyən nişan elədik".

İlhamın bacısı Gülbəniz Allahverdiyeva: "Nişan mərasimində da maşının şüşələrinin qırılması, Fərizənin cehizindəki suvenir şəklin şüşəsinin qırılması, soyuducunun durduğu yerdə xarab olması əlamətləri bizi kədərləndirmişdi".

İlhamın qardaşı Elxan Allahverdiyev: "Dəvətnamə yazdıq. Toy məclisi 30 iyun, 1989-cu il, saat 18:00-da keçiriləcək. Ünvan: 9-cu mikrarayon, "Leyla" şadlıq evi. Hörmətlə: Elxan".

Müəllif: "Həmin gün İlhamla Fərizə çox xoşbəxt idilər. İlham ölümündən 3 gün əvvəl aldığı və yenicə köçdüyü evinə sığmırdı. Çünki yeni ev almasını qeyd etmək üçün ən yaxın qohumları ilk dəfə onlara qonaq gəlmişdilər. Bütün yeni evlilər, üstəlik, yeni ev alanlar kimi o da olduqca xoşbəxt idi. Bu evin içərisində onlar öz fantaziyalarına uyğun nə qədər dəyişikliklər edəcəkdilər. Ona bu evdə yüz belə qonaqlıqlar keçirməyi arzuladılar, bəlkə. İlham nələr planlaşdırırdı o gecə, kim bilir..."

Fərizənin atası Çoban Nəbiyev: "İlham gəmi təmiri zavodunda işləyirdi, oradan almışdı evi. S.Vurğun bağının yanında 4-otaqlı mənzil idi. Ailə üzvləri ilə evdə qonaqlıq edərkən birdən Alatavaya getmək istəyiblər. Qardaşı Elxangilə".

İlhamın bacısı Gülbəniz Allahverdiyeva: "İlham çox gözəlləşmişdi ölümündən qabaq. Hamımız gözümüzü çəkə bilmirdik ondan."

İlhamın anası Ofeliya Allahverdiyeva: "Biz qızın ailə üzvləri ilə evdə idik. Sabah bazar idi. Elxangilə getdik".

İlhamın qardaşı Elxan: "İşıqlar kəsildi birdən, televizora baxırdıq, söndü, İlham dostları ilə çıxdılar evdən. İlham əynində qara fəhlə paltarı ilə gəlmişdi. Dedim, bu nədi geymisən, dedi, heç, elə-belə. Tonqalın qırağına çıxacam. O vaxt da möhkəm mitinqlər gedirdi. Camaat gecələr həyətlərdə yığışıb tonqal qalayırdı".

Müəllif: "Birdən İlham bayırdan güllə səsləri eşidir. Əslində, bu, o günlər adi hadisəyə çevrilmişdi. Güllə səslərinə insanlar öyrənmişdilər. O günlər mənim də xatirimdədir. Heç birimiz onların əsl güllələr olduğunu düşünmürdük. Hamıya demişdilər ki, bunlar zərərsiz güllələrdir. Heç kim də Sovet gülləsinin nə səsindən, nə də morgöz əsgərlərdən qorxmurdu. İlham da həmçinin".

İlhamın qardaşı Elxan: "Qonşumuzda Zakir adlı orqan işçisi vardı. Güllələr yerə düşəndə baxıb dedi ki, bu "boevoy güllə"yə oxşayır. Trasser deyirlər, nə deyirlər, ondandır. Bunlar camaatı qıracaq."

İlhamın dostu Faiq Qasımov: "Biz keçmiş "İskra" zavodunun yanında rus ordularının qarşısını almaq istəyirdik. Güllə atılanda dağılışdıq. O, indiki "20 Yanvar" metrosuna tərəf getdi".

İlhamın bacısı Gülbəniz: "Gördük, işıqlar söndü. Qardaşımın oğlu da vardı balaca, oynayırdı yerdə. İlham qapıdan çıxanda o uşağı son dəfə öpüb yerə qoydu. Sonra o uşaq da öldü və çox qəribə bir hadisə də oldu. Sizə danışacam. Fərizə narahat oldu. Anama dedi ki: "İlhamı qoymayın getsin". İlham dedi, dostlara söz vermişəm, getməliyəm, narahat olmayin, tez qayıdacam".

İlhamın qardaşı Elxan: "O mənim oğlumu qucağına götürdü. O uşağa atamın adını qoymuşduq - Əjdər. Dedi: "Dədə, gedirəm, ola bilər, bir də görüşmədik". Öpdü, yerə qoydu. Üstündən xeyli keçmişdi. Saat 1-in yarısı oldu. Anamgil narahat idilər. Gördük İlham gəlmir, güllə səsləri çoxalıb. Çıxdıq axtarmağa. Hamı dedi, indi buradaydı, aşağı düşdü. Heç kim gördüm demədi."

İlhamın anası Ofeliya xala: "Elxan əvvəl məni getməyə qoymadı. Xeyli keçəndən sonra əliboş gəldi."

İlhamın qardaşı Elxan: "Evə qayıtdım. Heç kim yatmamışdı. Hava soyuq, içəri isti idi. Sobanın yanında oturdum, məni yuxu apardı, qulağıma İlhamın səsi gəldi. Qəfil oyanıb soruşdum ki, İlham gəlib? Dedilər yox. Hava işıqlaşırdı. Təzədən bu dəfə anamla getdik axtarmağa. 20 Yanvara sarı düşdüm. Xəstəxana tərəfdə yerdə qan gördük. Anam qanın yanında dayanıb dedi ki: "Can-can, bu hansı anası ölmüşün qanıdır? Nə şirin qandır bu?" Getdik Respublika Xəstəxanasına. Yerdə işartı gördük, şərf idi, dedi, bu mənim balamın şərfidir. Pasportunu da götürmüşdük. Xəstəxanada bir oğlan yaxınlaşdı bizə, pasportdakı şəklinə baxıb dedi ki: "Yaralıların içində axtarma".

İlhamın anası Ofeliya xala: "Elxanı həkimə oxşayan bir oğlan içəri çağırdı. Amma bir azdan Elxan içəridən qara bulud kimi dolu çıxaraq dedi: "İlham içəridə yoxdur, ana". İlham durub orada, qışqırıb ki, silahsız adamları niyə vurursunuz? İlhamı rus əsgərləri güllələyiblər".

İlhamın qardaşı Elxan: "Dostu Faiqi morqa göndərdim. Meyidlərin bir-ikisinə baxıb tanımadım. Öz sinif yoldaşımı gördüm. Fuad Babayev idi. Onu İlhamla bir yerdə telefon budkasının yanında vurmuşdular. Başqa bir meyiti görüb öpüb qucaqladım. Amma gördüm İlham deyil, onun bığı yox idi. Faiq dedi, qabaqdadır İlham. Onu gördüm".

Həkim: "İlhamı əməliyyat edəndə işıqlar sönmüşdü. Əməliyyat vaxtı qaraciyərinin parçalandığını gördük. Narkozu qaranlıqda vurduq. Qarın boşluğu qanla dolu idi. Qaraciyəri imkan daxilində hemostatik tədbirlər görməklə, tamponada etməklə reanimasiyaya verdik. Amma 5-6 saatdan sonra xəbər verdilər ki, xəstə keçinib".

İlhamın anası Ofeliya xala: "7 gün keçdi. Getdim həkimin yanına ki, bəlkə onun son sözü olub. Tibb bacısı dedi ki, elə hey "anamı çağırın" deyib. Məni yandıran odur ki, balamın, bəlkə, mən son sözü vardı".

İlhamın qardaşı Elxan: "Çox pis tikmişdilər. Qaranlıq olub, qan çatışmayıb, öz qanını filtrasiya edib özünə vurublar. Hər yeri dağıdan güllə vurmuşdular ona. Güllə qabaqdan dəymişdi. Bədənindəki tikiş deşiklərdən şlanq sallanırdı. Meyiti yoldaşımın dayısı Ramiz dayı ilə maşına qoyduq, qanaxması vardı. Maşına qoya bilmirdik. O vaxt Alatavada yaşayırdıq. Evə apara bilmədik. Dedim, anamın ürəyi partlar belə qanlı halda meyiti görsə, aparaq məscidə".

İlhamın anası Ofeliya xala: "Elxan mən pis olmayım deyə meyiti yuduzdurub gətirdi".

İlhamın qardaşı Elxan: "Meyiti saxlamaq istədilər. Rusları görüb söydüm. Əsgərin biri mənə güllə tuşladı. Yanındakı əli ilə vurdu. Güllə alnımı yaladı".

Fərizənin atası Çoban Nəbiyev: "Saat 6-da Fərizə bizə gəlib dedi, İlham yoxdur. Dedim, pis olma, bir sən deyilsən ki, bu vəziyyətdə olan. Dedi ata, mən papaq deyiləm ki, başdan-başa qoyulam. Key kimi idi. Bunları deyib qapıdan çıxdı. Mən də onun dalınca evdən çıxdım".

Fərizənin anası Bağda Nəbiyeva: "Fərizə meyiti aparanda Biləcəri yoluna qədər ayaqyalın qaçdı, nə qədər saxlamaq istəsək də, dedi, qoymasanız da, özümü ona çatdıracam".

İlhamın qardaşı Elxan: "İlhamın ilk məzarı Xırdalanda oldu. Heç qəbirqazan da tapmırdıq. Maşın işığında dəfn elədik. Atamın yanına, Ağdama aparmaq istədim. Yarasından qan axdığına görə molla qoymadı. Amma sonra o məzardan İlhamı çıxaranda sonra məzar boş qaldı. Boş məzar da uğursuzluq gətirir. Bunu ilk dəfə sizə danışıram. O məzarda mənim oğlum, İlhamın üzündən öpüb çıxdığı balamı dəfn edəsi olduq".

İlhamın anası Ofeliya xala: "Atası-anası onunla bacarmırdı. Mənim başım qarışıq idi. Qonaqları mən qəbul edirdim. Qardaşının yoldaşı Fəridə dedi ki, Fərizə özünü öldürmək istəyir".

Fərizənin qardaşı arvadı Fəridə Nəbiyeva: "Gördüm narahatdır, nəsə əlində gizlətmək istəyirdi. Mənə dedi: "Get, su gətir". Qayıdanda gördüm ki, qapı bağlıdır. Zorla açdım ki, üstünə neft töküb. Ona nişanda zərli yaylıq gətirmişdilər. Onu da başına bağlamışdı. İçəri girdim ki, kibriti çəkmək istəyir. Əlindən aldım, adamları çağırdım".

İlhamın qardaşı Elxan: "Fərizəyə gəlib yalvardım ki, sənə əlimdən gələni edəcəm, yaxşı bacım, bizi peşman etmə. Öz qardaşı Zakirin sinəsindən itələdi ki, mənə heç kim lazım deyil İlhamdan başqa".

Müəllif: "Fərizənin ilk intihar cəhdi uğursuz oldu. Amma o, öz yarına qovuşmalı idi. Fərizə səhər tezdən intihar edir. Çünki bilirdi ki, İlham səhər tezdən məzardan çıxarılacaq".

İlhamın anası Ofeliya xala: "Mənim qaynanam səhər tezdən durub görüb inilti səsi gəlir, gəlib ki, Fərizə yerdə inildəyir. Deyib nə olub? O da deyib ki, zəhər içmişəm. Arvadın qışqırtısına çıxmışıq. "Semaşko"ya çatdırdıq. Orada canını tapşırdı."

İlhamın bacısı Gülbəniz: "İlhamın geyimlərini, şəkillərini düzmüşdü stola. O, kiçik məktub yazmışdı. Tamamlaya bilməmişdi. O, məktubu polislər aparsalar da, mənim dəqiq yadımdadır".

Fərizənin məktubundakı sözlər: "Ana, məni ağlama. Heç biriniz ağlamayın. Mən İlhamsız yaşaya bilmərəm. Onsuz da..." Bundan sonra heç bir söz yazılmayıb.

Fərizənin anası Bağda xala: "Bütün uksusu içib bitirmişdi. Mədəsi yığılmışdı. Qatıq kömək edə bilmədi. Maşın da tapa bilmirdik. Bir maşının farası yox idi, o biri maşının farasının işığında getdik. Xəstəxana qabağında əsgərlər bizi qoymaq istəmirdilər. Mən maşından düşüb rusca dedim: "Otpusti, umiraet, otpusti". Əsgər silahını çıxarsa da, mənə inandı: "Nu ladno, mamaşa" dedi. Maşında, həkimə çatmamış ayağını cütləyib öldü Fərizə".

İlhamın qardaşı Elxan: "Ölümlərindən sonra İlham və Fərizənin evlərini də qaytardıq".

Müəllif: "Fərizə intihar edərkən İlhamdan başqa heç kimi düşünməmişdi. Nə əzizlərinin kədərlənəcəyini, nə cavan ömrünü puç etdiyini, nə də bətnindəki 2 aylıq körpəsini. Bəlkə çoxları bilmir. Amma Fərizə intihar edərkən onun bətnində 2 aylıq körpə vardı. Çoxları bilmirdi, amma özü bilirdi".

İlhamın bacısı Gülbəniz: "Fərizə ölümündən qabaq demişdi ki, ürəyi şirniyyat, tort istəyir. Bacım gülüb dedi: "Deyəsən, torbada pişik var". Fərizə tort hazır olanda dedi: "Heç kimi qoymayacam dadsın. Özüm yeyəcəm hamısını. Deyəsən, orada uşaqla bağlı bacıma demişdi".

Fərizənin anası Bağda xala: "Ölümündən sonra Əhmədlidə bir arvadın gözünə görünüb Fərizə. Yuxuda yox, gözünə görünüb. Ağ gəlin paltarında o yan-bu yana gedərək deyib: "Xala, and verirəm səni Allaha, get anama-qaynama de ki, mən o gəlin paltarından doymadım. Onu məzarımın üstünə gətirib qoysunlar". Arvad bizi çətinlikə tapıb. Deyir, gördüm tapa bilmirəm sizi, istədim gəlməyəm, evdə oturam, əl çəkmədi məndən Fərizə. Biz də qara xonçalar tutub, Fərizənin gəlin, İlhamın bəy köynəyini götürərək apardıq, qoyduq qəbir üstünə. Elxan səhər gedib görüb ki, yoxdur paltarlar. Kimsə götürüb, yəqin".

İlhamın bacısı Gülbəniz: "Bəlkə, bizə elə gəlir ki, Fərizənin bəxti gətirmədi. Amma bəlkə indi o, yarına qovuşub, xoşbəxtdir".

Müəllif: "Beləcə, bu sevgi dastanına nöqtə qoyuldu. Qoyuldu ki, yenidən oxunsun. Və qəribə bir fakt da var. Şəhidlərimizin önündə yarı üçün özünə qəsd edən cəsur Azərbaycan xanımı durur".

İlhamın qardaşı Elxan: "Şəhidlər xiyabanında birinci İlhamla Fərizəni dəfn etdilər. Adət-ənənəyə görə, İlham birinci, Fərizə ikinci dəfn olunmalı idi. Amma dedilər, iki kişinin arasında olmasın Fərizə. İndi Şəhidlər xiyabanında birinci cəsəd Fərizənindir".

Müəllif: "Deyirlər, o şey üçün ölürlər ki, onun üçün yaşamağa dəyər. Bu gənclər də yaşamağa dəyən bir vətən, bir sevgi üçün canlarından keçdilər. Bu gün Şəhidlər xiyabanında dəfn olunmuş ilk cəsəd Fərizənindir. Yəqin ki, bu da təsadüfi deyil. Bütün şəhidlərimizin önündə yarı üçün özünə qəsd edən dəyanətli bir Azərbaycan xanımı durur. Bəlkə, hamımıza örnək olsun deyə bu ilahi bir siqnaldır.

Müasir dövrdə gənc oğlan və qızların gerçək sevgiyə ümidinin itdiyi zamanda Fərizə sübut etdi ki, saf, ülvi hisslər hələ yaşayır. Məhz bu vəfalı Azərbaycan qadının canına etdiyi qəsdlə vətəni yolunda canına qurban verən İlham digər şəhidlərdən bir neçə addım qabağa keçdi və Şəhidlər xiyabanının birinci şəhidinə çevrildi. Bu məzar müqəddəslik, saflıq rəmzinə çevrildi. Deyirlər, Tanrı insanın intiharını bəyənmir əslində. Amma əminəm ki, bu qəlbləri titrədən sevgi dastanının qarşısında ulu Tanrı da susur. Tarixdə iz qoyacaq bu məzar öz müqəddəsliyi ilə bizim sözlərimizə də nöqtə qoyur. Ruhları şad olsun. Necə ki, bir yerdə şaddırlar". (Press24.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm