İŞİD-in dəhşətli İstanbul planı – 3 bölükdən biri hədəfə çatdı
Bizi izləyin

Dünya

İŞİD-in dəhşətli İstanbul planı – 3 bölükdən biri hədəfə çatdı

İstanbul Atatürk Hava Limanında həyata keçirilən terror aktı ilə əlaqədar bəzi detallar ortaya çıxıb.

Publika.az “Hürriyyət” nəşrinə istinadən xəbər verir ki, İŞİD üzvü olduğu güman edilən terrorçuların hücum planı çox detallı hazırlanıb və hədəfin daha böyük olub.

İddiaya görə, terrorçuların məqsədi insanları girov götürərək daha böyük qətliam törətmək olub.

Nəşr yazır ki, hər şey böyük bir hücum həyata keçirmək üçün İŞİD-in Suriyanın Rakka şəhərindən İstanbula 3 bölük göndərməsi ilə başlanıb. Kəşfiyyat məlumatı alan İstanbul Təhlükəsizlik Müdirliyinin əməkdaşları Çeçenistan sakinləri Bekhan Alim H. və Zəlimxan A. ilə Türkiyə vətəndaşı Fuad G. Pendiki iyunun 18-də Başakşehirdə ələ keçirib.

İkinci bölük Mərsindən İstanbula gəlib. Polis 2 iraqlı kamikadze ilə onlara dəstək verən 4 şübhəlidən ibarət ikinci bölüyü Sancaktəpədə tutub. Həyata keçirilən əməliyyat zamanı terrorçuların qaldıqları ünvanlarda kamikadze kəmərləri, partlayıcılar, silahlar və şifrələnmiş sənədlər ələ keçirilib. Polis hər yerdə üçüncü bölüyü axtarırmış.

Üçüncü bölükdəki 3 kamikadze isə iyunun 28-də bir taksi ilə Atatürk Hava Limanına gəlib. Məlumata görə, terrorçuların əsas planı hava limanındakı insanları girov götürərək kütləvi şəkildə qətliam törətmək olub. Ancaq geyindikləri qış gödəkçələri onların planlarını pozub. Onların geyimi vətəndaşlar və polisin diqqətini çəkib.

Qeyd edək ki, iyunun 29-u axşam saatlarında Atatürk Hava Limanında törədilən terror aktında 42 nəfər həlak olub, 239-u yaralanıb. Hücuma görə hələ heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib. Lakin Türkiyə hakimiyyəti iddia edir ki, terror aktında İŞİD-ə aid elementlər var.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm