“İşğalçılığa görə Ermənistana cavab verilməlidir” - Cəmil Çiçək Publika.az-a DANIŞDI
Bizi izləyin

Nida.az

“İşğalçılığa görə Ermənistana cavab verilməlidir” - Cəmil Çiçək Publika.az-a DANIŞDI

"Qardaş Azərbaycan Türkiyə ilə Rusiya arasında yaranan böhranın aradan qalxmasını ən çox istəyən dövlət olub. Türkiyə ilə Rusiya arasında münasibətlərin müsbətə doğru həllində Azərbaycanın böyük rolu var".

Bu sözləri Publika.az-a eksklüziv açıqlamasında Türkiyə Böyük Millət Məclisin (TBMM) keçmiş sədri, parlamentin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Ankaradan seçilən millət vəkili Cəmil Çiçək bildirib.

C.Çiçək deyib ki, Türkiyə Azərbaycanın bu səylərini alqışlayır və yüksək qiymətləndirir: "Məhz buna görə də Türkiyənin baş naziri Azərbaycana təşəkkürünü çatdırdı. Biz Azərbaycanın bu səylərini əsl qardaşlıq nümunəsi hesab edirik. Doğrudan da Azərbaycan regionun ciddi söz sahibi olan dövlətidir. Eyni zamanda, Azərbaycan regionun strateji əhəmiyyətli dövlətidir. Ümid edirəm ki, Rusiya ilə Türkiyə arasında münasibətlərin normallaşması prosesi Qarabağ münaqişəsinin həlli istiqamətində də baş verəcək".

Sabiq spiker həmçinin qeyd edib ki, Türkiyə Cümhuriyyəti yaranandan bəri xarici siyasətimizin əsasını ölkədə və dünyada sülhün mövcud olması təşkil edir: "Çünki müharibələrin və münaqişələrin nə qədər böyük problemlər yaşatdığını yaxşı bilirik. Ona görə də biz məcbur qalmayanadək, haqqımız və hüququmuz tapdalanmayana qədər hər kəslə sülh olmasına çalışarıq. Xüsusilə də Türkiyə öz coğrafiyasından baxdıqda, ətrafında nə qədər böyük münaqişələrin yaşandığını görür. Türkiyə Suriya və İraqdakı müharibələrin acısını yaşayır. Bütün bunlara görə də Türkiyə hər zaman sülhün tərəfdarı olub və bütün dövlətlərlə münasibətlərin normal olmasına çalışıb. Ancaq zaman-zaman Türkiyədən asılı olmayan səbəblərə görə bir sıra dövlətlərlə münasibətlərdə soyuqluq yaşanıb".

C.Çiçək vurğulayıb ki, Türkiyə nə Rusiya, nə də İsraillə münasibətlərin pisləşməsini arzu edib: "Amma buna rəğmən Türkiyə ilə Rusiya və İsrail arasında məlum problemlər yaşanıb. Hazırda münasibətlərin normallaşması üçün tərəflər arasında yaxşı iradə mövcuddur və ortaq danışıqlar aparılır. Ümid edirəm ki, bu normallaşma prosesi Türkiyənin və digər dövlətlərin indiyədək itirdiklərini qaytarmaq üçün fürsət olacaq. Türkiyə bu istiqamətdə səylərini əvvəllər olduğu kimi, indi davam etdirir. İnanıram ki, bu addım münaqişə yaşayan digər ölkələr üçün də nümunə olacaq. Çünki bu gün dünyada təkcə Türkiyə ilə Suriya və ya Rusiya arasında problem yoxdur. Çox təəssüf ki, Türkiyənin yerləşdiyi regionda sabitlik pozulub. Türkiyənin qonşusu olan İraq və Suriyada baş verən hadisələr dünyaya məlumdur.

Eyni zamanda, Kipr məsələsi də Türkiyə üçün çox əhəmiyyətlidir. Kipr problemi 50 ildir ki, davam edir. Kiprdə də ədalətli sülhün reallaşmasını ümid edirik. Bütün bunlar təkcə Türkiyə üçün deyil, bütövlükdə region üçün də əvəzsiz qazanc və faydalar gətirəcək".

Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə də toxunan C.Çiçək təəssüflə bildirib, Qarabağ münaqişəsinin indiyədək həll olunmaması utancvericidir:

"Çox təəssüf ki, 20 ildən artıqdır ki, Cənubi Qafqazda mövcud olan Qarabağ münaqişəsi ədalətli həllini tapmayıb. Bu qədər müddət ərzində Azərbaycan torpaqlarının haqsız yerə işğalı hələ də aradan qaldırılmayıb. Bu gün Azərbaycandan olan qardaş və bacılarımızın hüquqları tapdalanır. Qarabağdan qaçqın düşən insanlar bizim qardaş və bacılarımızdır. Çox təəssüf ki, dünyanın gözü önündə bu işğal baş verir, ancaq işğalçı dayandırılmır. Təəssüf ki, dünya birliyi bu problemə ədalətsiz və qərəzli yanaşır. Çünki Qarabağın işğalı haqsızlıqdır və bütün dünya da bunu sözdə qəbul edir. Ancaq əməldə də işğalçılığına görə Ermənistana cavab verilməlidir.

Ümid edirəm ki, Qarabağda da Azərbaycanın ərazi bütövlüyünün və azərbaycanlıların hüquqlarının təmin olunması istiqamətində əbədi sülh prosesi başladılacaq".

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm