ATU-da “Məzun Günü” - “İnsanlar həyatlarını həkimlərə etibar edir”
Bizi izləyin

Qırmızı.az

ATU-da “Məzun Günü” - “İnsanlar həyatlarını həkimlərə etibar edir”

İyunun 29-da “Gülüstan” sarayında Azərbaycan Tibb Universitetinin (ATU) tələbələrinin “Məzun Günü” keçirilib.

Publika.az xəbər verir ki, mərasimdə səhiyyə naziri Oqtay Şirəliyev, ATU rektoru, professor Gəray Gəraybəyli, millət vəkilləri, tanınmış ictimai-siyasi xadimlər və səhiyyə işçiləri və digər qonaqlar iştirak edib.

Təbrik nitqi ilə çıxış edən səhiyyə naziri Oqtay Şirəliyev bu günün gələcəyin həkimlərinin yaddaşında gözəl bir gün kimi qalacağını bildirib: “Həyatınızın ən yadda qalan dövrü - tələbəlik illəri bitir, özünüz seçdiyiniz sevimli sənətlə məşğul olmaq üçün sərbəst həyata addım atırsınız. Hər kəs üçün seçdiyi sənət, peşə maraqlıdır. Amma həkim diplomunu almaq daha məsuliyyətlidir. Çünki insanlar ən qiymətli nemətlərini - sağlamlıqlarını, çox vaxt həyatlarını həkimlərə etibar edirlər”.

Nazir O.Şirəliyev Azərbaycanda səhiyyə sahəsindəki problemlərinə həmişə dövlət səviyyəsində böyük diqqət yetirildiyini xatırladıb. Qeyd edib ki, Azərbaycan Respublikasının prezidenti, cənab İlham Əliyev insanların sağlamlığının qorunmasının ölkəmiz üçün ən vacib prioritet məsələlərdən biri kimi müəyyən edib: “Cənab prezident İlham Əliyevin təşəbbüsü ilə yüzlərlə yeni xəstəxanalar, tibb müəssisələri, o cümlədən tədris binaları tikilib, bu müəssisələr unikal avadanlıqlarla təchiz olunub. Bu gün bizim həkimlər Avropada və digər ölkələrdə keçirilən müxtəlif simpoziumlarda, tədbirlərdə iştirak edirlər”.

Azərbaycanda həmişə ziyalılara, alimlərə hörmətlə yanaşıldığını bildirən nazir gəncləri tibb sahəsindəki görkəmli alimlərimiz və mütəxəssislərimizin təcrübəsindən yararlanmağa çağırdı. Nazir O.Şirəliyev “Siz bu gün böyük həkim ailəsinə qoşulursuz. Seçdiyiniz sənət bəzən ağır, çətin olacaq, amma daim xeyirxah olacaq. İlk addımlarınız uğurlu olsun” deyərək məzunları təbrik etdi.

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov ATU-nun bu tədbirdəki hər kəsə doğma məkan olduğunu bildirib: “Tibb Universiteti bizlərin hamımızın universitetidir. Universitetin bugünkü səviyyəyə gəlib çıxmasında, belə yüksək ixtisaslı mütəxəssis hazırlığında əldə etdiyi uğurların təməli 86 il bundan öncə qoyulub. Bu universitetin formalaşmasında, qurulmasında xidməti olan insanları unutmamalıyıq”.

Universitetin rektoru, professor Gəray Gəraybəyli bu əlamətdar gün münasibətilə məzunları və onların valideynlərini təbrik edib. Gəray Gəraybəyli universitetin professor-müəllim heyəti adından gələcəyin həkimlərinə tutduqları bu müqəddəs peşə yolunda uğurlar arzulayıb.

Mərasimin bədii hissəsində Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra məzunlar Hippokrat andı içdilər. Onlar xalqımızın sağlamlığının keşiyində ləyaqətlə duracaqlarına söz verdilər. Ənənəyə uyğun olaraq, ATU-nun məzunları arasında prezident təqaüdçüsü olan gənc birinci kursda təhsil alan tələbəyə həkim libasını və səhiyyəyə aid rəmzi atributları təqdim edib.

Qeyd edək ki, bu il Azərbaycan Tibb Universitetini 962 nəfər məzun bitirir. Onlardan 71 nəfəri ATU-nun hərbi-tibb fakültəsini bitirib, 83 nəfəri əczaçı-bakalavrdır. Builki məzunlar arasında 50 nəfər hərbi-feldşer də var. Məzunların 84 nəfəri xarici ölkə vətəndaşıdır. ATU-nu fərqlənmə diplomu ilə bitirən 10 nəfərdən 3-ü Prezident təqaüdçüsüdür. Hazırda ATU-da 661 nəfər xarici ölkə vətəndaşı təhsil alır. Onlar 22 xarici ölkəni təmsil edirlər. ATU-nun hazırlıq kursunda 175 müdavim var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm