“Həyatımdakı möhtəşəm kişilərdən ayrılmışam...” FOTOLAR
Bizi izləyin

Bizim tərcümə

“Həyatımdakı möhtəşəm kişilərdən ayrılmışam...” FOTOLAR

"Sənin şəklini yataq otağıma qoymuşam..."

Marlen Ditrix və Ernest Heminquey: “Sona qədər oxunulmamış əsər...”

Marlen Heminqueylə aralarındakı hissləri, daha doğrusu, münasibətləri “dostluq sevgi”si adlandırırdı.
Hər iki məşhur bir-birini bəyənsə də, tale daim onları bu və ya digər səbəbdən ayırırdı; Görüşdükləri zaman sevgili baxımından ya Marlen “məşğul olurdu”, ya da ki, Heminquey...

Marlen Ditrix 1992-ci ildə qızı Mariyanın onun haqda yazdığı kitabı oxuduqdan sonra infarktdan vəfat edir...

***

Ditrix Heminqueydən aldığı məktubları heç zaman yaymır, əksinə, uzun müddət onları gizli saxlayır. Məktublara verdiyi dəyərə görə deyil, sadəcə, jurnalistlərin maraq obyektinə çevrilməyi arzulamırdı. Lakin üzə çıxan məktublar onların arasında sevgi deyilən bir hissin olmadığını bir daha sübut etdi...

***

Günlərin bir günü Marlen Ernestlə yenidən rastlaşır və yenidən özünün də anlamadığı hisslər yaşayır, ürək döyüntüsünün sayı birə beş artır. Elə bu vaxt Ernest Marlenə bir qadına dəlicəsinə aşiq olduğunu və dərhal onunla evlənmək istədiyini etiraf edir. Marlen dostunun əzab çəkməsini istəmirdi, odur ki, elə həmin andan etibarən ona necə yardım etməyin yolları barədə düşünməyə başlayır.

Beləliklə, Marlen elçi rolunu üzərinə götürüb miniatür gözəlçə Mari ilə Ernesti evləndirir. Hər şey yaxşı gedirdi, onlar xoşbəxt idilər, övladları da dünyaya gəlmişdi. Lakin, görünür, hər şey göründüyü kimi ideal deyildi, əks halda Ernest intihar edərək həyatına son qoymazdı. Marlen Ditrix üçün Heminquey sona qədər oxunulmamış kitaba çevrilir.

Marlen Heminquey münasibətlərinin tarixinə nəzər salırıq:

İlk dəfə onlar 1934-cü ildə Fransada görüşmüşdülər. Heminquey Afrika səyahətindən qayıdırdı, Ditrix isə faşist Almaniyasında yaşayan qohumlarını səfər etdikdən sonra Hollivuda yollanırdı. Lakin Marlenlə Heminquey arasındakı məktublaşma on beş ildən sonra Marlenin 47, Heminqueyin 50 yaşı olarkən başlayır və 1961-ci ilə qədər - yazıçının intihar etdiyi ana qədər davam edir...

Marlen Ditrixin “Düşüncələr” adlı kitabından parça:

“... Məşhur prodüser Cek Uornerin həyat yoldaşı Enn Uorner gəmidə böyük ziyafət təşkil etmişdi. Dəvətolunanlar arasında mən də vardım. Zala daxil olarkən masa arxasında on iki nəfərin əyləşdiyini gördüm. Bu an söylədim: “Məni üzrlü hesab edin, ancaq mən əyləşə bilmərəm. Deyəsən, mənimlə birgə on üç nəfər alınır, mən isə mövhumatçıyam”. Heç kim yerindən tərpənmədi. Birdən arxamda qüdrətli insan bədəni peyda oldu: “Buyurun, əyləşin, mən on dördüncü olacam!”. Bu böyük insanı diqqətli süzüb soruşdum: “Siz kimsiniz?” İndi bu sualın necə səfeh bir sual olduğumu söyləmək olar...”

“...Sənin barəndə daim düşündüyümü deməyin vaxtı çatıb. Məktublarını dalbadal, təkrar-təkrar oxuyuram. Sənin şəklini yataq otağıma qoymuşam və ona köməksiz halda tamaşa edirəm”...
“O mənim “gibraltar qayam” idi və bu titul onun xoşuna gəlirdi.

Onsuz çox illərim keçdi və hər növbəti il öncəkindən daha ağır oldu mənim üçün . “Zaman yaraları müalicə edir” – bu yalnız söz xatirinə deyilmiş sözlərdir. Doğru deyil, hərçənd bunun həqiqət olmasını istərdim.
Biz Ernest Kubada olduğu müddətdə də yazışırdıq. O, öz əlyazmalarını mənə göndərirdi, saatlarla telefonla danışırdıq.”

“Hətta müharibə getdiyi müddətdə belə o, işıq saçırdı, güclü və məğrur idi. Mən isə əzgin, halsız vaxtımda onunla görüşdən sonra sanki canlanırdım. O, məni “kələm” deyə çağırırdı. Mən isə onu xüsusi heç cür adlandırmırdım.
Onu hamı “ata” deyə çağırırdı, ancaq bu təxəllüs mənə yersiz gəlirdi. Mən onu, sadəcə, “sən” adlandırırdım. “Sən mənə de – söyləyirdim. – Mənə de, sən de...”

“O, mənim məsləhətçilərimdən ən müdriki idi, dinimin əsasını o təşkil edirdi.
Ernest mənə yazmağı öyrədirdi. Mən o vaxt qadınlar üçün nəzərdə tutulmuş “Ladies Home journal”ı üçün kiçik məqalələr yazırdım. Gün ərzində iki dəfə mənə zəng edib soruşurdu: “Soyuducunu artıq söndürmüsən? Çünki o bilirdi ki, yazı adamları birdən evdarlıqla məşğul olmağı qərara alırlar.
O, mənə cümlələrdə yersiz sifətlərdən istifadə etməməyi öyrətdi. İndiyə qədər də bacardığım qədər onları cümlələrimdə ixtisar edirəm. Əgər ixtisar alınmırsa, başqa bir şey fikirləşirəm. Hər bir halda, onun qoyduğu bütün qaydalara riayət etməyə çalışıram.
Onun üçün darıxıram. Əgər ölümdən sonra həyat olsaydı, indi də mənimlə söhbət edərdi, bu uzun gecələrdə...
Ancaq onu ömürlük itirmişəm və heç bir kədər onu geri qaytara bilməz. Qəzəb müalicə etmir, sağaltmır. Məni yalnız buraxdığına görə qəzəbli idim. Lakin burada yaxşı heç nə yoxdur...”

“Meri ilə rastlaşdığı günlər haqda danışmaq istəyirəm. Müharibə dövrü idi. Məni Parisə yollamışdılar. Heminqueyin Parisdə yerləşən “Rits” otelində qaldığını öyrəndikdən sonra onun yanına getdim. O, bir qadına aşiq olduğunu və ilk görüşdəcə ona rədd cavabı verməsinə baxmayaraq, həmin qadınla evlənmək arzusunda olduğunu söylədi. Mən ona kömək etməli, o qızla danışmalıydım. Niyə kişiləri daim bu yox, məhz digər qadın cəlb edir, anlamaq mümkün olmur...
Meri Velş kifayət qədər maraqsız və azyaraşıqlı xanım idi. Mən artıq indi anlayıram ki, onları qovuşdurmaqla elə də yaxşı iş görməmişəm, lakin həmin vaxt mən yalnız Ernestin arzusunu həyata keçirmək barədə düşünürdüm.
Meri onu sevmirdi. Mən buna əmin idim, ancaq onun itiriləsi heç nəyi yox idi. Onunla söhbət etdim, o isə fikrində qəti idi: “Mən onu istəmirəm”.

Fəqət onu fikrindən döndərməyə çalışırdım, Heminqueyin bütün üstünlüklərini ona sadalamağa başladım və belə bir insanla yaşamağın nə demək olduğunu ona başa saldım. Günortaya yaxın o, artıq yumşalmışdı. “Rits” otelində nahar zamanı qızlar güzəştəgedən olurlar. Meri Velş məhz həmin qızlardan idi. O, təklifim barədə ətraflı düşündüyünü söylədi.
Axşam Meri peyda oldu və təbəssümlə Heminqueyin təklifini qəbul etdiyi elan etdi. Bu anın yeganə şahidi mən oldum...

Bundan daha xoşbəxt simanı indiyə qədər görməmişdim. Tezliklə fronta getdim və müharibənin sonuna qədər nə Ernesti, nə Merini görmədim.”

“Mənim Heminqueyə olan məhəbbətim bir anlıq həvəs deyildi. Bizim, sadəcə, uzun müddət birgə və eyni şəhərdə qalmaq imkanımız olmamışdı. Ya onun başı hansısa qıza qarışırdı, ya da mən məşğul olurdum...
Lakin mən “başqa qadın”ın haqqına hörmət etdiyimə görə daim həyatımdakı mükəmməl kişilərdən ayrılmışam... Fəqət əniməm ki, bu “səfeh”liyim olmasa, o kişilərin mənə olan məhbbətləri daha uzunmüddətli olardı..."

Tərcümə: Aytən Cavanşir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm