Hərarət yüksəlir, neftin qiyməti düşür – GÜNÜN İQTİSADİ XÜLASƏSİ
Bizi izləyin

Ekopublika.az

Hərarət yüksəlir, neftin qiyməti düşür – GÜNÜN İQTİSADİ XÜLASƏSİ

Havalar isindikcə, dünya iqtisadiyyatında əsən sərt küləklər azalır.

Başlayaq birjalardan. Brent markalı neft 0,86 dollar ucuzlaşaraq 49,75 dollar, WTI Crude nefti 1,09 dollar düşərək 48,79 dollar təşkil etdi.

Amerika fond bazarında Dow Jones indeksi 1,64% - 17 694,68 bəndədək, S&P 500 1,70% - 2 070,77 bəndədək, NASDAQ 1,86% - 4 779,25 bəndədək artıb. Avropa fond bazarlarında FTSE 100 indeksi 3,58% - 5 360,06 bəndədək, Almaniya DAX-ı 1,75% - 9 612,27 bəndədək, Fransa CAC-40-ı 2,60% - 4 195,32 bəndədək bahalaşıb. COMEX-də sonuncu hərraclarda qızılın unsiyası 9,20 dollar azalaraq 1 317,70 dollara, gümüş isə 0,01 dollar bahalaşaraq 18,42 dollara satılıb.

“Moody”s Böyük Britaniyanın Avropa Birliyindən ayrılmasının ən çox ingilis banklarına mənfi təsir edəcəyini açıqladı. Bildirdi ki, İngiltərədə bu ilin sonuna iqtisadi artım 1,5, gələn il üzrə1,2 faiz səviyyəsində reallaşacaq. İngiltərənin AB ilə ticari əlaqələrinin necə olacağı da hələlik bəlli deyil.

Rusiyanın "Transneft" neft-qaz şirkəti Novorossiysk limanından neft məhsullarının nəqlini dayandırdı. Şirkətin rəsmi nümayəndəsi İqor Demin deyib ki, nəqlin dayandırılmasına səbəb şimşəyin çaxması olub: "Bu gün Novorossiyskdə səhər saatlarında şimşək çaxması səbəbindən iki tankerin yüklənməsi dayandırılıb. İşlər günortadan sonra bərpa ediləcək. Nəqlin müvəqqəti dayandırılması işlərin qrafikinə təsir etməyəcək".

Söz Rusiyadan düşmüşkən, şimal qonşumuzda bankların sanasiyasına (sağlamlaşdırma tədbirləri) dair qaydalar isə dəyişdirilə bilər. Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina bildirib ki, bu ilin payızında Dövlət Dumasına dəyişikliklərlə bağlı qanun layihəsi təqdim ediləcək: "Mərkəzi Bank təkcə əsas maliyyələşdirmə mənbəyi kimi deyil, həm də bu prosesin əsas təşkilatçısı kimi sanasiyanın məhsuldarlığı üçün üzərinə böyük məsuliyyət götürməyə hazırdır". E.Nabiullina qeyd edib ki, yeni qanun layihəsi ödəniş qabiliyyəti bərpa edilməsi nəzərdə tutulan bankların konsolidasiyası üçün xüsusi fondun yaradılmasını nəzərdə tutur. Bankların sanasiyası ilə isə xüsusi yaradılmış şirkət məşğul ola bilər:"Bankların maliyyə sabitliyinin bərpası Mərkəzi Bankın nəzarəti altında həyata keçiriləcək. Onlar üçün əlavə kapitallaşma məsələsi dərhal, təxirə salınmadan həll olunacaq. Zərurət yaranarsa, maliyyə çətinlikləri yaşayan bankların yenidən təşkil edilməsinə və birləşdirilməsinə də baxıla bilər".

Azərbaycana gəlincə, bu gün də dolların bahalaşması davam etdi. Mərkəzi Bank (AMB) ABŞ dollarının iyulun 1-nə rəsmi məzənnəsini 1,5425 AZN/USD səviyyəsində müəyyən edib. Bu, gündəlik 0,20% artım deməkdir.Qeyd edək ki, iyunun 30-na rəsmi məzənnə 1,5394 AZN/USD olub.

Dövlət Neft Fondu (ARDNF) isə növbəti hərracını keçirdi. Fond tərəfindən 50 mln. dollar məbləğində vəsait hərraca çıxarıldı. Vəsait 29 banka satıldı. Yeri gəlmişkən, iyun ayında Dövlət Neft Fondu Mərkəzi Banka və kommenrsiya banklarına 450 milyon dollar satıb. Ay ərzində ümumilikdə 9 valyuta hərracı təşkil edilib. Bu hərracların hər birində 50 milyon dollar olmaqla, ümumilikdə 450 milyon dollar satılıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm