Funt sterlinqin enişi, fürsətcil Fransa və vergidən yayınan “Feysbuk” - HESABAT
Bizi izləyin

Hesabat

Funt sterlinqin enişi, fürsətcil Fransa və vergidən yayınan “Feysbuk” - HESABAT

Yola saldığımız həftə funt sterlinq “Brexit”dən sonra enişinin üçüncü həftəsini yaşadı. Funt valyutalar arasında 2016-cı ildə ən pis performans göstərən valyuta oldu. Beləliklə, Britaniya valyutasının həftəlik itkisi 2.4 faiz səviyyəsində, ilin əvvəlindən bu yana isə12 faiz təşkil etdi. AB-da kənd təsərrüfatı xaric məşğulluq və işsizlik nisbəti açıqlandı. Fransa xarici işçiləri ölkəyə cəlb etmək üçün vergi tənzimlənməsinə hazırlaşdı.

Başlayaq, funt sterlinqdən. "Bloomberg" agentliyi dünyanın 31 əsas valyutasının ABŞ dollarına qarşı məzənnəsindəki dinamikasını araşdırıb. İlin əvvəlindən ABŞ dollarına nisbətdə ən çox ucuzlaşan valyuta Böyük Britaniya funt sterlinqi olub. Agentliyin araşdırması göstərir ki, Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı keçirilən referendumdan ("Brexit") sonra funt ABŞ-ın milli valyutasına nisbətən 3 həftədir ucuzlaşır: "İlin əvvəlindən Böyük Britaniya valyutası dollara nəzərən 13% ucuzlaşıb ki, bu da son 31 ildə ən pis göstərici sayılır. Bununla, funt sterlinq dollara nisbətən ən çox ucuzlaşan valyutalar arasında Argentina pesosunu qabaqlayıb".

Qeyd edək ki, iyulun 6-da funt sterlinqin məzənnəsi 1,2798 dollara qədər ucuzlaşıb ki, bu da son 31 ildə ən aşağı göstəricidir. İyunun sonlarında "Financial Times" nəşrinin analitikləri bir neçə həftə ərzində funtun məzənnəsinin 1,1 dollar ucuzlaşacağını proqnozlaşdırıb. Referendumdan əvvəl milyarder Corc Soros isə funt sterlinqin 20% ucuzlaşacağı ilə bağlı xəbərdarlıq edib. Ümumilikdə, ilin əvvəlindən dollarla müqayisədə Britaniya funtu və Argentina pesosu ilə yanaşı, Meksika pesosu, Çin yuanı, Polşa zlotısı, Hindistan rupisi, İsveç kronu, Türkiyə lirəsi və Honq Konq dolları da dəyərdən düşüb.

"Fitch" beynəlxalq reytinq agentliyi 15 ölkənin suveren kredit reytinqini aşağı salıb. Agentliyin yaydığı xəbərdə deyilir ki, əksər suveren reytinqlərinin endirilməsinə səbəb neftin ucuzlaşmasıdır. Belə ki, reytinqi aşağı salınan ölkələr arasında Yaxın Şərq və Afrika ölkələri üstünlük təşkil edir ki, onların da iqtisadiyyatı birbaşa neftdən asılıdır. Ümumilikdə ilin əvvəlindən "Fitch" 22 neqativ proqnoz verib ki, bunun da 10-u Yaxın Şərq və Afrika ölkələrinin payına düşür. Bundan öncə rekord 2011-ci ildə qeydə alınıb. O zaman agentlik il ərzində 20 ölkənin suveren reytinqini endirib.

Agentlik qeyd edir ki, Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı keçirilən referendumdan sonra krallığın reytinqinin "AA+" səviyyəsindən "AA"-dək endirilməsi tamamilə qanuna uyğundur. Xatırladaq ki, reytinq üzrə proqnoz "mənfi"dir.

Qeyd edək ki, bu ilin fevralın 26-da "Fitch" Azərbaycanın yerli və xarici valyutada uzunmüddətli kredit reytinqini "BBB-" səviyyəsindən "BB+" səviyyəsinə endirib. Reytinq üzrə proqnoz "mənfi"dir. Agentliyin açıqlamasında deyilir ki, buna səbəb neftin ucuzlaşmasıdır.

Yola saldığımız həftə qlobal bazarlar üçün ən vacib məlumatlardan biri olan ABŞ-da kənd təsərrüfatı xaric (qeyri-kənd təsərrüfatı) məşğulluq və işsizlik nisbəti açıqlandı. ABŞ-da kənd təsərrüfatı xaric məşğulluq iyun ayında 180 min proqnoza qarşı 287 min artıb. İşsizlik nisbəti isə 4.8 faiz səviyyəsində proqnoza qarşı 4.9 faiz səviyyəsində reallaşıb. ABŞ-da kənd təsərrüfatı xaric məşğulluq 2 aylıq durğunluqdan sonra 8 ayın ən yüksək zirvəsinə qalxıb. Bu, FED-in faiz artımına getməmək üçün heç bir səbəbinin qalmaması deməkdir. Belə ki, məşğulluğun artması ölkənin pul vahidinə müsbət təsir göstərir. Kənd təsərrüfatı xaric məşğulluq məlumatının proqnozdan yüksək çıxması dollar üçün pozitiv, aşağı çıxması isə neqativ bazardır. ABŞ-da qeyri-kənd təsərrüfatı məşğulluq göstəricisi FED-in faiz qərarına təsir edə bilən ən mühüm göstəricilərdən biridir. Yeri gəlmişkən, ABŞ-ın əmək bazarı ilə bağlı statistika açıqlanandan sonra dollar sürətlə bahalaşdı.

Fransa Birləşmiş Krallığın AB-dən ayrılma qərarından sonra xüsusi ixtisaslı xarici işçiləri (expat) ölkəyə cəlb etmək üçün vergi tənzimləməsinə getməyə hazırlaşır. Publika.az xarici mətbuata istinadən xəbər verir ki, baş nazir Manuel Valls bu haqda "gələcəyin maliyyə mərkəzini meydana gətirməyə çalışırıq" deyə bildirib. O, qeyd edib ki, bunun sayəsində maliyyə sektorunu paytaxt Parisə çəkməyi hədəfləyirlər.

Bu arada Fransanın maliyyə sektorundakı yüksək vergilər daim tənqid mərkəzi olub. Ancaq “Brexit”dən sonra Fransanın Avropanın yeni maliyyə mərkəzi olma şansı yaranıb.

Strasburqda Avropa Parlamentinin (AP) Xarici Əlaqələr Komitəsi Gürcüstan, Ukrayna və Kosovanın viza sərbəstliyi üçün tələb olunan şərtləri yerinə yetirdikləri və tezliklə Avropa Birliyi ölkələrinə vizasız səyahət edə bilən ölkələr siyahısına əlavə olunması istiqamətində fikir bildirilib. Komitədə keçirilən səsvermədə Ukraynaya viza sərbəstliyi üçün 42 səs lehinə, 3 səs əleyhinə çıxıb, 6 səs bitərəf olub. Gürcüstan üçün bu göstərici 43 lehinə, 5 əleyhinə, 3 bitərəf, Kosovo üçün isə 38 lehinə, 7 əleyhinə və 6 bitərəf olub. Xarici Əlaqələr Komitəsinin hesabatı AP Mülki Azadlıqlar Komitəsinə göndəriləcək və sentyabr ayında burada müzakirə olunub qiymətləndiriləcək. Ukrayna, Gürcüstan və Kosovoya viza sərbəstliyi qərarının bu il ərzində çıxması gözlənilir.

İngiltərənin Avropa Birliyindən ayrılma istiqamətində etdiyi Brexit referendumunun ardından mənzil bazarı böyük zərbə aldı. Birlikdən ayrılma qərarının alındığı referendumdan investorlar əmlak fondlarına qaçaraq pullarını çəkmək istədi. Yaşanan xaosla birlikdə ölkədəki altı böyük investisiya fondu, həftə başından etibarən varlıq alımlarını dayandığını açıqladı.

İş dünyası

Markın başı dərddədir. Belə ki, "Facebook"un vergi qaçırdığı iddiasıyla istintaq başlayıb. Ədalət Nazirliyinin federal məhkəməyə müraciəti ilə sosial media nəhənginin vəsaitləri İrlandiyaya transfer edərək vergi qaçırdığı irəli sürülüb. Müraciətdə 1,5 milyard istifadəçisi olan ictimai media nəhənginin 2010-cu ildə vəsaitlərinin bir hissəsini İrlandiyaya köçürdüyü irəli sürülür. Şirkətin bu yolla Amerikada 35 faizlik təşkilat vergisindən qaçaraq, İrlandiyaya 12 faizik vergi ödədiyi qeyd edilir.

Azərbaycan

Cari ilin yanvar-iyun ayları ərzində Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə keçirilən əqdlərin ümumi həcmi 1 856 417 131,09 manat olub, Ötən ilin müvafiq dövrü ilə müqayisədə BFB-da kəskin azalma (-3,7 dəfə) müşahidə olunub.

Hesabat dövründə dövlət qiymətli kağızlar bazarı 14,8 dəfə artaraq 17 459 725,71 manatdan 259 173 678,91 manata çatıb. Pay bazarı isə 21,2 dəfə azalaraq 136 802 912,08 manatdan 6 456 656,27 manata, borc alətləri bazarı 32,7 dəfə azalaraq 1 240 700 392,15 manatdan 37 960 422,84 manata enib.

AZAL biletləri 264% bahalaşdırıb. Moskva-Antalya müntəzəm aviareysi bərpa olunduqdan sonra biletlər orta hesabla 75,6% bahalaşıb. Bu barədə "Aviakassa" onlayn agentliyinin hesabatına istinadən Rusiyanın turizm operatorları assosiasiyası məlumat yayıb. Hesabat assosiasiyanın sifarişi ilə hazırlanıb.

Türkiyəyə səfər etmək istəyən turistlərin sayı artdıqca, biletlərin qiyməti də bahalaşır. Məsələn, Moskva-Antalya aviareysinə biletin qiyməti orta hesabla 75,5% artıb. İyunun sonunda "Pegasus Airlines" aviaşirkəti ilə uçmaq istəyənlər (bir istiqamətdə) bileti 7,5 min rubla alırdısa, hazırda biletlər 30,7% bahalaşaraq 9,8 min rubl olub. AZAL-ın biletləri isə 264% bahalaşaraq 13,5 min rubla çatıb. "Aeroflot" və "Turkish Airlines" aviaşirkətlərinin biletləri isə daha yüksək qiymətə tapılır. Belə ki, "Aeroflot"un xidmətlərindən yararlanaraq qeyd edilən istiqamət üzrə uçmaq istəyən 1 şəxs 21,4 min rubl, "Turkish Airlines"la uçmaq istəyən isə 48 min rubl xərcə düşəcək. Sankt-Peterburqdan Antalyaya olan aviareyslərə biletlər isə orta hesabla 25% bahalaşıb. Moskva-İstanbul aviareysinin biletlərinin qiyməti 39% artıb.

Bu ilin yanvar-may aylarında valyuta bazarının həcmi ötən ilin müvafiq dövrünə nisbətən kəskin azalıb. Mərkəzi Bankın statistikasına görə, ötən ilin eyni dövrü ilə müqayisədə hesabat dövründə ABŞ dolları ilə valyuta əməliyyatlarının həcmi 3 dəfə azalıb. Başqa sözlə, bu ilin iyun ayının 1-nə ABŞ dolları ilə mübadilə əməliyyatlarının həcmi 2 mlrd. 792 mln. 258,7 min ABŞ dolları olubsa, ötən ilin eyni dövründə bu göstərici 8 mlrd. 298 mln. 501,8 min manat təşkil edib.

Bu ilin yanvar-may aylarında nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 1 mlrd. 377 mln. 263,8 mln. ABŞ dolları satılıb ki, bu da 1 il əvvəl ilə müqayisədə 5 dəfə azdır. Bu ilin 5 ayında nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 1 mlrd. 414 mln. 994,9 min ABŞ dolları alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,3% çoxdur. Cari ilin 5 ayında avro ilə əməliyyatların həcmi isə 1,8 dəfə azalıb. Başqa sözlə, bu ilin yanvar-may aylarında avro ilə mübadilə əməliyyatlarının həcmi 363 mln. 52,5 min avro olubsa, ötən ilin eyni dövründə bu göstərici 641 mln. 772,5 min avro təşkil edib.

5 ayda nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 221 mln. 944,8 mln. avro satılıb ki, bu da 1 il əvvəl ilə müqayisədə 2,3 dəfə azdır. Bu ilin yanvar-may aylarında nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 141 mln. 107,4 min avro alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,3% azdır.

Məndən bu qədər

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm