Banklar niyə bağlandı? – RƏY
Bizi izləyin

Ekopublika.az

Banklar niyə bağlandı? – RƏY

Xəbər verdiyimiz kimi, Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarına əsasən “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin bank lisenziyaları ləğv edildi. Bununla da bağlanan bankların sayı 7 oldu. Belə ki, ilin əvvəlindən “Bank of Azerbaijan”, “Texnikabank” ASC və “Gəncəbank”ASC-nin lisenziyası alındı.

Publika.az xəbər verir ki, lisenziyası alınan banklarda problemlər yeni deyil. Artıq bir neçə ildir ki, sözügedən banklar aktivlərini qanunvericiliklə tələb olunan qaydada təsnifləşdirmir, maliyyə hesabatları təqdim etmirdilər.

“Zaminbank” ASC sonuncu dəfə 2014-cü ildə maliyyə hesabatı verib. Bu da onu göstərir bankın problemləri bu ildən başlamayıb.2014-cü ildə cəmi öhdəlikləri 252,915,649 manat olub. Halbuki 2013-cü ildə bu rəqəm 219,639,381 manat təşkil edib. Bankdakı müştəri hesabları da azalıb. 2013-cü ilin sonunda bu rəqəm 70,174,389 manat təşkil edirdisə, 2014-cü ildə həmin rəqəm 70,174,389 manat olub. Digər maliyyə öhdəlikləri 2014-cü ildə 2013-cü ildəki 2,251,462 manatdab 6,335,533 manata yüksəlib.

“Dekabank” da sonuncu dəfə 2015-ci ilin 3-cü rübündə maliyyə hesabatı verib. “Parabank” isə lisenziyasının ləğv edilməsindən dərhal sonra rəsmi internet ünvanını deaktiv etdiyindən hesabatları saf-çürük edə bilmədik. Lakin mətbuatda zaman-zaman yer alan məlumatlara görə, bank 2015-ci ildən bu yana hesabat verməyib. Eləcə də bankda 42 503,90 milyon manat vaxtı keçmiş kredit olub. 2015-ci ilin ikinci rübündə bu rəqəm 19 811,65 milyon manat idi.

Nəzərə çatdıraq ki, ötən ilin sonuna qədər ölkədə zərərlə işləyən bankların sayı 8 idi. Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı digər banklarda risk olmadığını bəyan edir. Onun sözlərinə görə, banklar normal fəaliyyət göstərirlər, risk yoxdur. Hətta lisenziyası ləğv edilmiş 4 bank son günə qədər xidmət göstəriblər.

Bununla belə “Moody’s reytinq agentliyi son hesabatında Azərbaycan bankları və bank sektorunun vəziyyəti ilə bağlı neqativ proqnozunu qoruyub saxlayıb. Agentlik iddia edir ki, Azərbaycan banklarının aktivlərinin keyfiyyəti pisləşib: “Ümumi kreditlərin 20%-ni təşkil edən problemli kreditlərin həcmində 2015-ci illə müqayisədə 15% artım gözlənilir. Artan kredit xərcləri güman ki, bankların gəlirliliyi və kapitallaşmasında daha böyük enişlərə aparacaq. Bu il xərclər gəlirləri üstələyəcək. Sistemin kapitallaşdırılması 100 əsas baldan daha da aşağı enəcək”.

Nəzərə çatdıraq ki, hazırda rəsmi məlumatlara görə, problemli kreditlərin payı 8,3%-dir ki, bu da son 12 ildən ən yüksək göstəricidir. Ödənilməyən kreditlərin həcmi isə rekord səviyyəyə - 1,5 milyard manata yüksəlib. Müstəqil qiymətləndirmələrdə problemli kreditlərin həcminin daha çox olduğu göstərilir.

Ekspertlər bankların vəziyyətdən çıxması üçün bir neçə təcrübəni irəli sürürlər.

Ekspert Samir Əliyev bildirir ki, maliyyə qurumlarında problemli aktivlərin sağlamlaşdırılması məqsədilə keyfiyyətsiz (zərərli) aktivlərin alınması - Almaniya, İrlandiya, Cənubi Koreya, İsveçrə, ABŞ, Böyük Britaniya, Fransa kimi ölkələrdə həyata keçirilib. ABŞ-da Toksik aktivlərin sağlamlaşdırılması üçün xüsusi proqram (Troubled Assest Relief Program - TARP) qəbul edilib. ABŞ-ın mərkəzi bankı olan Federal Ehtiyat Sistemi Fannie Mae və Freddie Mac korporasiyalarının ipoteka istiqrazlarını alıb. ABŞ hökuməti zərərli aktivlərin alınmasına 1 trilyon dollar, Britaniya hökuməti isə 600 milyard funt sterlinq xərcləyib. Zərərli aktivlərin alınmasının mahiyyəti belədir ki, əvvəlcə, xüsusi dövlət şirkəti yaradılır. Sonra həmin şirkət tərəfindən alınacaq aktivlərin həcmi və proqrama cəlb ediləcək maliyyə təşkilatlarının siyahısı müəyyənləşdirilir. Prosesin əsas elementi alınacaq aktivlərin dəyərinin müəyyənləşdirilməsidir. Alış qiyməti balans dəyəri, bazar dəyəri və ya hər ikisinin orta səviyyəsi götürülə bilər. Alış əks hərrac (ən aşağı qiymətə alış) prinsipi ilə aparılır.

Vəziyyətdən daha bir çıxış yolu rekapitalizasiyadır (səhmlərin alınması yolu ilə, o cümlədən subardinasiya borcu şəraitində mülkiyyətdə iştirak etməklə əlavə kapitalın cəlbi): “Rekapitalizasiyanın əsas məqsədi bankların ödəmə qabiliyyətinin yaxşılaşdırılması və kredit aktivliyini dəstəkləməkdir. Rekapitalizasiya Niderland, Belçika, Yaponiya, ABŞ, Böyük Britaniya, Rusiya, Almaniya, Portuqaliya, İsveçrə, Cənubi Koreya kimi ölkələrdə həyata keçirilib.

Əsas antiböhran strategiyası qismində əksər ölkələr bankların səhmlərinin dövlət tərəfindən alınması siyasətinə üstünlük veriblər. Bu siyasət daha çox iri banklara, yəni bağlanması ölkə iqtisadiyyatının makroiqtisadi sabitliyini təhlükə altına ala biləcək maliyyə təşkilatlarına münasibətdə atılıb. Rekapitalizasiya mexanizmi hər bir ölkədə özünəməxsus aparılıb. Məsələn, Böyük Britaniyada hökumət ən böyük banklara, Çində ən böyük bank olan Aqrar banka, Yaponiyada isə real sektoru maliyyələşdirən banklara dəstək göstərilib. Böyük Britaniyada dövlət tərəfindən dəstək kommersiya əsasında aparılıb və müvəqqəti xarakter daşıyıb. Yaponiyada maliyyə təşkilatlarının yenidən kapitallaşması proqramına 222 milyard dollar, Çində 29 milyard dollar, Böyük Britaniyada 50 milyard funt sterlinq, ABŞ-da 700 milyard dollara qədər vəsait xərclənib. Növbəti addım əmanətlərin sığortalanmasıdır. Bu mexanizmin əsas məqsədi əhalinin banklara inamını artırmaqdır. Praktiki olaraq bütün ölkələr bankların ödəmə qabiliyyəti itəcəyi təqdirdə əmanətləri qaytarmaq üçün əmanətləri sığortalanma mexanizmi yaradıblar. ABŞ-da bank əmanətlərinin sığortalanması məbləği 100 min dollardan 200 min dollara qədər artırılıb. Nəhayət, digər öhdəliklərə zəmanət verilməsidir (yeni borc qiymətli kağızları buraxılışı yolu ilə borcun konvertasiyası). Bank qurumlarına inamı artırmaq, banklardan əmanət çıxarılmasının qarşısını almaq və ya öhdəliklərin vaxtından əvvəl icrası tələblərinin yaranması ilə əlaqədar əksər ölkələrdə dövlətin maliyyə resursları hesabına bankların borclarına zəmanət verilməsi təcrübəsi mövcuddur. Məsələn, ABŞ-da likvidliyin artırılması üçün FES banklararası kreditlərlərə və digər bank borclarına zəmanət verib. Britaniyada da hökumət banklararsı ssudalara zəmanət verib. Belə proqramların maliyyələşdirilməsinə ABŞ hökuməti 700 milyard dollar, Britaniya 250 milyard funt sterlinq, Rusiya isə 50 milyard dollar sərf edib.

Mexanizmlər bunlarla məhdudlaşmır. Geniş olmasa da rekapitalizasiyanın digər forması - dövlətin dəstəyi ilə bankın xarici investor tərəfindən alınması mexanizmi də mövcuddur. Bundan başqa prudensial tənzimləmənin məhdudlaşdırıcı normalarını, aşağı likvidli istiqrazların daha liberal qiymətləndirmə formasını tətbiq etmək olar. Belə tədbirlər bir tərəfdən bankın kapitallaşmasını gəlirlər vasitəsilə artırmağa imkan versə də, digər tərəfdən bu, zəruri aktivlərin silinməsinin ləngiməsinə və əməliyyatların şəffaflığının azalmasına gətirib çıxara bilər. Qeyd etmək yerinə düşər ki, İrlandiya, İsveç, Böyük Britaniya və ABŞ kimi ölkələrdə maliyyə intervensiyasının ümumi həcmi ÜDM-in 50%-i səviyyəsində olub. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının ölkələrinin yarısında belə intervensiyaların həcmi ÜDM-in 10%-i həddində olub”.

Bu arada qeyd edək ki, Azərbaycanda hələ ki beynəlxalq təcrübədə geniş yayılmış variantlardan yalnız 2-dən yararlanıb. Onlardan biri əmanətlərə dövlət zəmanətinin verilməsi, digəri isə Beynəlxalq Bank nümunəsində zərərli aktivlərin dövlət tərəfindən sağlamlaşdırılmasıdır.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm