Konstitusiya Məhkəməsi Referendum Aktına rəy verdi (YENİLƏNİB)
Bizi izləyin

Nida.az

Konstitusiya Məhkəməsi Referendum Aktına rəy verdi (YENİLƏNİB)

Bu il iyulun 18-də Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 153-cü maddəsinin tələbinə əsasən Konstitusiya Məhkəməsinin rəyinin alınması üçün təqdim olunan "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının layihəsi ilə bağlı bu gün Konstitusiya Məhkəməsi Plenumunun xüsusi iclası keçirilib.

Publika.az xəbər verir ki, iclasda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Konstitusiyaya təklif edilən dəyişikliklərin Azərbaycan Konstitusiyasının tələblərinə uyğunluğu barədə əsaslandırılmış rəy verilib.

Qəbul edilmiş qərarda deyilir: "Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun iclasında "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Referendum Aktının layihəsi ilə bağlı belə nəticəyə gəlindi ki, dəyişiklik layihəsi Konstitusiyaya zidd deyil. Referendum xalqın iradəsini əks etdirdiyi üçün ümumxalq səsverməsinə çıxarıla bilər. Plenum Azərbaycan Konstitusiyasında dəyişiklik edilməsi ilə bağlı rəy verib".

Rəydə bildirilir ki, Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişikliklərin edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin təklifləri xalq hakimiyyəti və dövlətin əsaslarına dair Azərbaycan Respublikası Konstitusiyasının ümumi müddəalarına və Azərbaycan Respublikası Konstitusiyasının 155-ci maddəsinin müddəalarına uyğundur.

Qeyd edək ki, Konstitusiya Məhkəməsi Plenumu "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Referendum Aktının layihəsi ilə bağlı qərarı iyulun 26-da dərc olunacaq.

Konstitusiya Məhkəməsinə göndərilən Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması, prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılması, prezidentə Milli Məclisi buraxmaq və növbədənkənar prezident seçkilərinin elan edilməsi səlahiyyətinin verilməsi, prezident seçkilərində yaş məhdudiyyətinin aradan qaldırılması, parlament seçkilərində iştirak üçün yaş həddinin 25-dən 18-ə endirilməsi nəzərdə tutulur.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm