Deputatlardan nazirliyə ETİRAZ
Bizi izləyin

Qırmızı.az

Deputatlardan nazirliyə ETİRAZ

Avqustun 23-də Ağdamın işğal günündə Bakı bulvarında "Salsa party" təşkil edilib. Dənizkənarı Bulvar İdarəsinin yaydığı açıqlamada tədbirin Mədəniyyət və Turizm nazirliyinin layihəsi olduğunu bildirib.

Ağdamın işğal günü matəm olmasa da, mənəvi baxımdan Azərbaycan xalqı üçün əhəmiyyətli gündür. Məhz həmin gün Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə belə bir tədbirin keçirilməsinə səbəb və məqsəd nə ola bilər?

Qarabağdan olan millət vəkilləri nazirliyin bu addımına münasibət bildirib.

124 saylı Şuşa-Füzuli-Xocalı-Xocavənd seçki dairəsindən deputat Elman Məmmədov Publika.az-a açıqlamasında bildirib ki, bu günlərlə bağlı heç kimə xəbərdarlıq etmək, qadağa qoymaq lazım deyil. Sadə vətəndaşdan tutmuş, ən yüksək vəzifəli məmura qədər hər kəs bizim qan yaddaşımız olan işğal günlərimizi bilməli və hörmətlə yanaşmalıdır.

“Bu, yolverilməz hərəkətdir. Qazanc, pul, əyləncə yaxşıdır, ancaq işğal günlərimiz, soyqırımı günümüz, tariximizdəki bəzi günlərə heç olmazsa sayğılı, diqqətli olmalıyıq. Vətənpərvərlik, vətəndaşlıq mövqeyindən çıxış etməliyik. Həmin tədbiri təşkil edən, dəstək olan, sponsorluğunu edənlər pislənməlidir. Buna ictimai qınaq olmalıdır. Azərbaycanda xarici ölkələrin nümayəndəlikləri, turistlər var. Ağdamın işğal günündə Azərbaycanda vur-çatlasın olduğunu biləndə adamı söyüb, qınamazlarmı? Hesab edirəm ki, bu, yaraşmaz hərəkətdir”.

122 saylı Xankəndi seçki dairəsindan millət vəkili Flora Qasımova bildirib ki, nazirlik həmin günün tarixini bilməli idi.

“Nazirlik belə hala yol verməməli idi. Mədəniyyət və Turizm Nazirliyi dəfələrlə işğal günü ilə bağlı tədbir keçirib. Necə ola bilər ki, Ağdamın işğal gününü unutsunlar? Ağdam 6 min şəhid verib, heç olmazsa, onların ruhu naminə tədbir keçirilməməli idi. Ağdam kimi bir şəhər- 160 min əhalisi olan bir şəhər yerlə-yeksan olub. Bunu necə unutmaq olar? Keçiriblərsə belə heç olmazsa, həmin günlə bağlı bir xatırlatma olardı, şəhidlər, itkilər anılardı. Həmin tədbirdə iştirak edən xaricilərə məlumat verilə, bununla da bir təbliğat edə bilərdilər”.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumatda bildirilib ki, Ağdamın işğal günü təşkil olunmuş tədbirə Mədəniyyət və Turizm Nazirliyi sadəcə dəstək verib, tədbiri təşkil etməyib.

Açıqlamada vurğulanıb ki, hər il yay aylarında həm daxili turistlər, həm də xaricdən gələnlərin mənalı istirahəti üçün bu cür tədbirlər təşkil edilir: “Bu tədbirlər yalnız paytaxtda deyil, bölgələrdə də keçirilir. Müxtəlif təşkilatlar və gənclərdən daxil olan layihələrə nazirlik tərəfindən dəstək verilir. Məqsəd şəhərin müxtəlif məkanlarında kiçik rəqslər, konsertlər formasında turistlərin maraqlı istirahətini təmin etməkdir. Müxtəlif vaxtlarda belə tədbirlər olub və nazirlik tərəfindən təşkilatı dəstək göstərilib. İyulun 23-də Bulvarda təşkil olunan həmin tədbirə nazirlik ümumən dəstək verib. Lakin konserti nazirliyin təşkil etməsi məlumatı doğru deyil. Nazirlik tərəfindən müəyyən dəstək və köməklik göstərilə bilər, xeyir-dua verilə bilər. Lakin həmin tədbirin işğal günündə nazirlik tərəfindən keçirilməsi xəbəri doğru deyil”.

Şöbədən o da bildirilib ki, Mədəniyyət və Turizm Nazirliyi həmin gün tədbirin təşkil edilməsini təşkilatçıların və nazirlik əməkdaşlarının diqqətsizliyi kimi qeydə alır: “Həmin təşkilatçıların diqqətinə çatdırılıb ki, bundan sonra belə məsələlərə daha diqqətlə yanaşılsın. Nazirlik diqqətsizliyə görə təəssüflənir. Bu barədə lazımı tapşırıqlar verilib. Mədəniyyət və Turizm Nazirliyi həmin tədbirə razılıq versə də, əməkdaşlarımızın diqqətsizliyi səbəbindən həmin tədbirin keçirilməsinin qarşısı alınmayıb. Təşkilatçılarla yanaşı, bizim əməkdaşlarımız da bu məsələdə diqqətli olmalı idi”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm