Beriyanın ölümünə səbəb olan MƏKTUB
Bizi izləyin

Bilgi.az

Beriyanın ölümünə səbəb olan MƏKTUB

Lavrenti Beriya ilə bağlı müxtəlif müəlliflərin müxtəlif yazılarını, arxiv materialları əsasında hazırlanmış araşdırmalarını oxumuşuq. Elə həbs olunduğu zaman istintaq meteriallarından da görünür ki, onu digər hadisələrlə yanaşı Müsavat hökumətində işlədiyinə görə də suçlayıblar...

Beriya ilə bağlı olduqca maraq doğuran məqamlara Demokratik Cümhuriyyətin Əks-inqilab ilə Mübarizə Təşkilatının rəisi olmuş Nağı bəy Şeyxzamanlının xatirələrində rast gəldik. Nağı bəyin xatirələrindən Beriya ilə bağlı olan hissəni təqdim edirik:

Beriya "Hümmət" partiyasının zəmanəti ilə Əks-inqilab ilə Mübarizə Təşkilatına işə götürülmüşdü. O zamanlarda sərhədlərimizi çar generalı Denikin hədələyirdi. O, rus çar üsuli-idarəsinin yenidən bərpa olunmasını istəyirdi. Beriya sosialist kimi çar üsul-idarəsinin qatı əleyhinə idi. İşimizə yarayacağını bildiyimdən qəbul etmişdim. 21 yaşında ciddi görkəmli şəxs idi. Onu senzura şöbəsinə götürmüşdüm. Az sonra işə çox can yandırdığını görüb şöbəyə şef təyin etdim. O, bir anası olduğunu və çox kasıb yaşadıqlarını mənə demişdi. İdarədən aldığı maaş və ərzaqla maddi vəziyyətini bir az düzəldə bilmişdi. Təmiz işi, enerjisi, qafqazlı gürcü olması və ruslara qarşı son dərəcə nifrət bəsləməsi onu mənə sevdirmişdi. Xəzər dənizi yolu ilə limanımıza gələn paraxodların sərnişinlərindən ələ keçirdiyi məlumatları mənə ətraflı surətdə raport verirdi...

Bolşeviklər Qafqazda general Denikin ordusunu darmadağın etdikdən sonra artıq bizim üçün ağqvardiyaçı təhlükəsi qalmamışdı. Ancaq Denikinin yerində arxasını Rusiyanın mərkəzi olan Moskvaya dayanan bolşeviklər kimi təhlükəli qüvvə vardı. Artıq biz də fəaliyyətimizi bolşeviklər əleyhinə çevirmişdik. Mən hələlik Beriyanı vəzifədən çıxarmamışdım. Yerli bolşeviklər artıq əleyhimizə fəaliyyətə keçmişdilər. Biz də onları daima təqib edir və göz açmağa aman vermirdik. Bu zaman Beriya yoxa çıxdı. Bir müddət axtardım, ancaq ondan soraq verən olmadı. Nəticədə belə bir qənaətə gəldim ki, artıq respublikada yoxdur. İki aylıq maaşını da anasına göndərdim.

Elə bir vaxt gəldi ki, Azərbaycan rus bolşevikləri tərəfindən işğal edildi və mən Gürcüstana keçməyə məcbur oldum. Bir şiniyyat mağazasında rastlaşdıq. Bu zaman gürcü hökuməti menşevik olub bolşevikləri təqib edirdi. Beriya məni görən kimi yaxınlaşıb əl verib salamlaşdıq. Hiss etdim ki, mənimlə qarşılaşdığı üçün o qədər də məmnun deyil. Ancaq xoş münasibətimi görüb bir az toxtadı. Ondan: "Beriya, nə üçün mənə bildirmədən Gürcüstana keçdin?" – deyə soruşdum. Beriya da: "Hiss edirdim ki, sizin tərəfdən kommunist yoldaşlarım təqib olunurlar. Ona görə də təşkilatda qalmağın daha mümkün olmadığı qərarına gəldim. Artıq sizinlə yolumuz tamamilə ayrılmışdı. Anama maaşımı vermisiniz, təşəkkür edirəm" - dedi. Mən ona: "Beriya, Azərbaycanda rusların törətdiklərindən xəbərin varmı? Xalq rus çarına rəhmət oxuyur" – dedim. Beriya mənə: "Nağı bəy, yanılırsınız, bu gün siz bolşeviklərdən qaçırsınız. Ancaq bolşevik rusluq deyil. Bolşeviklər Qafqaza azadlıq və səadət gətirirlər. Sabah sizin sevdiyiniz türk, Şərq və İslam dünyası bolşeviklərin sayəsində kapitalistlərin əlindən xilas olacaqlar. Nə isə... Bunu istiqlal göstərəcək. Ancaq siz söyləyin, nə etmək sitəyirsiniz?" – dedi.

news-detail

Mən yola düşmək üçün hər hazırlığımı tamamlamışdım. Ancaq hələ qəti qərara gəlmədiyimi söylədim. Beriya: "Nağı bəy, inanın mənə. Yaxınlarda bolşeviklər buraya da gələcəklər. Sizin buradan uzaqlaşmağınızı tövsiyə edirəm" – dedi. Mən də Beriyaya: "Əgər burada qalsam və məni yaxalasalar, qurtara bilməzsən, eləmi?" – deyə soruşdum. O isə cavabında "Qurtara bilmərəm" dedi. Onda: "Bax, Beriya burda sərbəstcə bir-birimizlə söhbət edirik. Sən kommunistsən. Bir an təsəvvür et ki, mən müttəhiməm, sən də ittihamçı. Məni ən azı özün qədər tanıyırsan. Nə ilə ittiham edəcəksən? Ədalətsiz bir hərəkətimi söyləyə bilməzsən. Heç bir kasıbı varlının ayağına vermədim. Daima onlara kömək etməyə çalışdım. Ancaq bolşevik yoldaşların məni utanmadan "xalq düşməni" elan etdilər. Söylə, çəkinmə. Hansı hərəkətim xalqa qarşı olmuşdur?" – deyə soruşdum. Beriya sussa da hiss edirdim ki, cavab vermək istəyir... Nəhayət, - "Bu, bolşevik inqilabıdır. Bəlkə içərisində günhkar olan 100 nəfəri gülləyəcəklər" – dedi. Mən, - "Beriya, artıq sənə nə söyləyim?"- dedim. Əliheydər deputatdı. Məni inandırmaq istəyirdi ki, bütövlükdə "Müsavat" partiyası hakimiyyəti sosialistlərə verərsə, Qızıl Ordu Azərbaycana girməyəcəksə, Azərbaycanın istiqlaliyyətini tanıyacaqlar. Mən Əliheydərin bu sözlərinə cavab olaraq dedim: "Əliheydər, bu gələn rusdur. Nə rəngə bürünürlərsə bürünsünlər, rusluqlarını edəcəklər. Beriya, əmin ol ki, öldürülmək növbəsi sən Beriyaya da gələcəkdir"- söylədim...

İstanbuldan Beriyaya yazılan məktub

1950-ci il idi. İstanbulun Qapalı Çarşısının bir guşəsində antik əşyalar ticarəti ilə məşğul olaraq yaşayışımı təmin edirdim. Günlərin bir günü qarşı tərəfdəki qonşumun dükanına bir xarici gəldi. O, qonşuma: "Siz bu malın əski rus mənşəli olduğunu hardan bilirsiniz?" deyə sual verdi. Qonşum cavab verdi ki, malın üstündə hardan olması yazılıb. Sonra da məni göstərərək: "qonşum rusca bilir, o oxuyur" – dedi. Xarici təmiz türk dilində məndən: "Deməli, siz rusca bilirisiniz... Harada öyrənmisiniz?" – deyə soruşdu. Mən də ona Qafqaz Azərbaycanında öyrəndiyimi söylədim. O, Qafqazda antik mallar ticarəti ilə məşğul olub-olmadığımı soruşdu. Mən də vətənimdə torpaq sahibi olub kənd təsərrüfatı ilə məşğul olduğumu söylədim. Sonra ona - "Eyni zamanda, milli istiqlal uğrunda mübarizədə də iştirak etmişəm. Qayəmiz istiqlal idi. Onu da əldə etdik, yəni Milli Cümhuriyyətimizi qurduq, ancaq təəssüf ki, yaşada bilmədik. Moskvanın hücumuna məruz qaldıq. Ölkəmizi işğal etdilər. Bəs siz kimsiniz?" – deyə soruşdum. O, sovet tələbəsi və rus olduğunu söylədi. Mən bu adamın Sovetlər Birliyindən olmasını ağlıma gətirməmişdim. Ondan: "türkcə çox təmiz danışırsınız. Tələffüzünüz də sizin rus olduğunuzu hiss etdirmir. Bəs burada nə işlə məşğulsunuz?" deyə soruşdum. Sovet konsulluğunda məmur olduğunu söyləyincə: "Anladım, həm də görünür ki, yüksək rütbəli məmursunuz" – dedim. Yüksək rütbəli məmur olduğunu haradan anladığımı xəbər aldı. Artıq söhbətimiz ciddiləşmişdi. Mən sözümü belə davam etdirim: "Yüksək rütbəli məmur olduğunuzu necə anldım? Mən sovet konsulxanasının nə kiçik, nə də yüksək rütbəli heç bir məmurunu şəxsən tanımıram. Onlarla əlaqə saxlamıram və saxlamaq istəmirəm. Ancaq konsulxana işçiləri məni tanıyırlar və mənimlə görüşməkdən çəkinirlər. Bunu siz məndən yaxşı bilirsiniz. Onların çəkindikləri və qorxduqları adam yalnız konsulxanadakı siyasi komissardır. Əgər onlardan azacıq şübhələnsələr ya vəzifədən götürür, ya da sovetlər birliyinə göndərib orada cəzalandırırlar."

news-detail

Bu zaman dükana bir müştəri gəldi və mən onunla məşğul olmağa başladım. Özünü konsulxana məmuru kimi təqdim edən şəxs artıq dükandan getmişdi. Mən elə həmin gün bu şəxsin İstanbuldakı sovet konsulxanasının baş konsulu olduğunu öyrəndim. Aradan beş gün keçmişdi. O yenə gəldi və mən onu çox soyuq qarşıladım. O, bunu hiss etsə də, mənimlə bir məsələni aydınlaşdırmaq istədiyini bildirdi. Mən də təəccüblə onun üzünə baxdım və "Sizinlə müzakirə edəcək heç bir məsələm yoxdur, ola da bilməz"- dedim. O mənə: "Siz çox sərt danışırsınız, əsəbinizə hakim olun və məni dinləyin. Əgər dediklərim xoşunuza gəlməsə, rədd edə bilərsiniz. Siz dünyada sülh olmasını istəməzsinizmi? Bilirsiniz ki, Stalin öldükdən sonra Rusiyanı idarə edən üç şəxsdir. Beriya, Malenkov və Molotov. Öyrəndiyimə görə, Beriya vaxtilə sizin idarənizdə məmur olmuşdur və bu gün o, digərilərindən fikrən fərqlənən yeganə insandır. Moskvada da hamıya məlumdur ki, Beriya liberalizmə yuvarlanmışdır. Kolxoz quruluşunun dağıdılmasının tərəfdarıdır. Siz ona bir məktub yazın, qoy Qərb dünyası ilə müqavilə bağlasın. Bəlkə sizin tövsiyələrinizi dinlər və siz də dünya sülhü üçün bir xidmət göstərmiş olarsınız. Beriyaya məkub yazın, ancaq ikinizə aid hadisələrdən də bəhs edin ki, məktubun sizdən olduğunu anlasın. Mən də məktubu kuryer ilə göndərim, bir həftəyə qədər çatdırsın" – dedi.

O, sözünü bitirib məndən cavab gözləyirdi. Mən də: "Bəli, dünyada sülh olmasının tərəfdarıyam, Bu sülhü bütün dünya əhalisi istəyir. Ancaq məktubla hər hansı bir sülhün baş tutacağına inanmıram. Bir də sizin gəlib mənimlə söhbət etməyinizi düzgün hesab etmirəm və istəmirəm" – dedim.

O, bir daha mənim yanıma gəlmədi. Aradan bir müddət keçəndən sonra xəbər agentlikləri Beriyanın Kremldə öldürülməsi xəbərini dünyaya yaydı. O günlərdə İstanbulda nəşr olunan "Vətən" qəzetinin müxbirlərindən biri yanıma gələrək Beriya haqqında müəyyən məlumat istədi. Mən də onu maraqlandıran suallara cavab verdim. Aradan bir müddət keçdi, Moskva Kommunist Partiyasının XX qurultayı öz işinə başladı. Qurultayda Molotov, Malenkov və Kakanoviçə tərəf dönən Xruşşov: "Əgər Beriya ölməsəydi, siz sağ qalıb burada oturmayacaqdınız. O alçaq Milli Azərbaycan Cümhuriyyətinin kəşfiyyat orqanında işləmiş, xaricdəki müsavatçılarla əlaqə saxlayaraq sovet rejimini devirmək istəmişdir" – dedi. Mən bu sözləri oxuduğum zaman Moskvanın Beriyaya nə üçün məktub yazdırmaq istədiyini anladım. Məktubu yazmadığıma sevindim. Demək, mənim ağzımdan uydurma bir şey yazmış, Beriyanı da buna əsaslanaraq öldürmüşdülər. Bu məsələ artıq aydın idi...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm