26 İYUL
Bizi izləyin

Qırmızı.az

26 İYUL

1887-ci il. Göz həkimi Lüdviq Markoviç Zamenqof (Ludwig Zamenhof) tərəfindən dünyada ilk süni dil - esperanto yaradılıb. Lüdviq Zamenqof indi Polşa ərazisində yerləşən Belostoke şəhərində doğulub. XIX əsrdə isə bu şəhər Rusiya imperiyasının tərkibində olub. Onun qonşuları ruslar, belaruslar, litvalılar, polyaklar, yəhudilər, almanlar idi və bu insanlarla ünsiyyət saxlamaq çətinlik yaradırdı. Məhz bu amil Zamenqofu dünyada hamının başa düşə biləcəyi bir dil yaratmağa vadar edib. O, birinci işini Esperanto təxəllüsü ilə dərc edib. Tərcümədə "İnanan" mənasını verən bu söz sonradan dilin adı olub. Hazırda nə qədər adamın esperantodan istifadə etdiyini demək çətindir, çünki rəsmi statistika aparılmır. Ancaq "Etnologiya" saytının məlumatına görə, bu dildə danışan insanların sayı 2 milyon nəfərdir.

1730-cu il. Rusiya imperatriçəsi Anna İoannovna Moskvadakı Kreml zənglərinin (Çar zəngləri) tökülməsi barədə fərman imzalayıb. Çar zənglərinin hündürlüyü 6 metr 14 santimetr, diametri 6 metr 60 santimetr, çəkisi 200 tondan artıqdır. Zəngin tökülməsi Paris ustalarına sifariş edilib. Lakin onlar rədd cavabı göndəriblər. Bundan sonra işin icrası moskvalı metaltökən İvan Motorinə (1660-1735) tapşırılıb. Amma ilk cəhd uğursuz alınıb. Həm də İvan Motorin öldüyündən iş yarımçıq qalıb. Motorinin başladığı işi onun oğlu başa çatdırıb. O, 1735-ci il noyabrın 25-də bürüncdən tökmə sənətinin ən məşhur abidələrindən birini yaradıb.

1908-ci il. ABŞ-da Federal Təhqiqatlar Bürosu (FTB) yaradılıb. Təşkilat indiki adını 1935-ci ildə alıb. FTB ABŞ-ın Ədliyyə Nazirliyi sisteminə daxildir və ölkənin Baş prokuroruna tabedir. Onun rəsmi şüarı belədir: "düzlük, sədaqət və cəsarət". FTB-nin fəaliyyətinin əsas sahələri terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizədir. FTB-nin direktorunu ABŞ Prezidenti "senatın razılığı və məsləhəti ilə" on il müddətinə bu vəzifəyə təyin edir. Təşkilatın mənzil-qərargahı Vaşinqtonda yerləşir.

1992-ci il. SSRİ Hərbi Dəniz Qüvvələrinin Xəzərdəki hərbi donanmasının Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında bölüşdürülməsi başa çatıb və ölkəmizin sərəncamına keçən hərbi gəmilərin üzərində ilk dəfə Azərbaycanın üçrəngli bayrağı qaldırılıb. SSRİ dağıldıqdan sonra Xəzərdəki hərbi donanmanın bölüşdürülməsi üzrə danışıqlar 1992-ci ilin əvvəlində başlamışdı. 1992-ci ilin aprelində Azərbaycan Respublikası Hərbi-Dəniz Qüvvələri Qərargahı, mühafizə və təminat rotası yaradılmışdı. Rusiya ilə aparılan gərgin danışıqlar Xəzər hərbi donanmasının 25 faizinin və Bakı Hərbi Dənizçilik Məktəbinin Azərbaycan Respublikasının sərəncamına verilməsi ilə yekunlaşdı.

1856-cı il. Böyük Britaniya yazıçısı, dramaturq, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Corc Bernard Şou Dublində (İrlandiya) anadan olub. O, janr və forma baxımından seçilən 60-dan çox pyesin müəllifidir. Şounu dramaturq kimi tanıdan ilk əsəri 1897-ci ildə ABŞ-da tamaşaya qoyulan "Şeytanın şagirdi" pyesi olub. Bunun ardınca müəllifin 1903-cü ildə "Kandid" pyesi də ABŞ səhnəsində göstərilib. Növbəti ildə isə onun Londonun Kort teatrında oynanılan "Con Bullun başqa adası" pyesi böyük rəğbətlə qarşılanıb. Deyilənə görə, tamaşaçıların arasında olan ingilis kralı VII Edvard o qədər gülmüşdü ki, altındakı kreslo sınmışdı.1904-1907-ci illərdə Kort teatrında göstərilən 988 tamaşanın 701-i Bernard Şounun pyesləri əsasında hazırlanmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm