Onlar seçildilər
Bizi izləyin

Qırmızı.az

Onlar seçildilər

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 23-də ali təhsil müəssisələrinə cari ilin məzunları üçün II və III ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrini elan edib.

Nəticələrə əsasən, imtahanda II ixtisas qrupu üzrə 2 abituriyent (Bakı şəhəri, İ.Hacıyev adına “Tərəqqi” liseyi və BDU-nun nəzdindəki Bakı Türk liseyinin məzunları) , III ixtisas qrupu üzrə də 2 abituriyent (Kürdəmir rayonu, 2 saylı şəhər orta məktəbi və Bakı şəhəri, 220 saylı məktəb-liseyin məzunları) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.

Publika.az maksimum nəticə göstərən abituriyentləri təqdim edir:

Bakı şəhəri, 220 saylı məktəb-liseyin məzunu Elvin İsayev maksimum nəticə göstərməsinin səbəbini mütəmadi hazırlaşmaqda görür: “Məqsədim 700 bal toplamaq idi, ona görə də, çox çalışırdım. Son 3 ili evdən dərsə, dərsdən də evə getmişəm. Əsas işim dərslər olub, evdə olanda da ancaq öz otağımda kitabların əhatəsində olmuşam. İmtahana girəndə heç bir həyəcan keçirmədim. Çox yaxşı hazırlaşmışdım. Bir sualda tərəddüd edirdim. O da doğru oldu. 9-10-cu siniflərdə “Hədəf” kurslarına getmişəm, 11-ci sinifdə isə fərdi hazırlıqda olmuşam”.

III ixtisas qrupu üzrə hazırlaşan E.İsayev hələ ki, hansı ali məktəbdə təhsil alacağı barədə qərar verməyib. Lakin xaricdə yox, məhz Azərbaycanda təhsil almaq istəyir.

Kürdəmir rayonu, 2 saylı şəhər orta məktəbin məzunu Təbriz Qasımov son üç ili çox ciddi hazırlaşıb və 700 balı toplayıb: “Bu nəticəni göstərəcəyimə məni əvvəl müəllimlərim, yaxınlarım inandırdı. Onların inamını boşa çıxartmamaq üçün çalışdım. 10-cu sinifdə sınaqlarda 500-dən çox bal toplayırdım. Bu il sınaqlarda 600 balı keçsəm də, 700 bala inamım bir az azalmışdı. İmtahandan çıxanda 680 bal topladığımı düşünürdüm. Bir-iki sualda tərəddüd var idi, həm də kodlaşdırmada da səhv edə bilərdim. Amma dünən nəticələr açıqlandı və maksimum nəticə göstərdiyimi öyrəndim. Mənim, yaxınlarım, müəllimlərim üçün çox sevincli gündür”.

T.Qasımov da III ixtisas qrupu üzrə hazırlaşıb. Elvindən fərqli olaraq o artıq ixtisasını seçib. Hüquqşünas olmaq istəyir. Ali məktəblə bağlı isə hələ dəqiq qərar verməyib: “Əvvəl Bakı Dövlət Universitetini istəyirdim. İndi Azərbaycan Diplomatik Akademiyasını da düşünürəm. Hələ qərar verməmişəm. Daha sonra təhsilimi xaricdə davam etdirmək istəyirəm”.

BDU-nun nəzdindəki Bakı Türk liseyinin məzunu, II ixtisas qrupu üzrə yüksək nəticə göstərən Fərid Hüseynov 700 balı yalnız məktəb dərsləri hesabına qazanıb: “Əlavə hazırlığa getməmişəm. Birinci sinifdən əlaçı olmuşam. Əsas istəyim Biznesin idarə edilməsi ixtisasına qəbul olmaq idi. 700 balı isə müəllimlərim, anam və nənəmə təşəkkür əlaməti olaraq toplamaq istəyirdim. Onların əziyyətinə, mənə görə etdiklərinə bir təşəkkür idi 700 bal. Həm də hesab edirəm ki, 700 bal mənim gələcək təhsilim, bundan sonrakı uğurlarım üçün bir başlanğıc və avantaj olacaq”.

Hələ ki, təhsil alacağı ali məktəb barədə qərar verməsə də, Fərid gələcəkdə xaricdə təhsil barədə də düşündüyünü deyir.

II ixtisas qrupu üzrə yüksək nəticə göstərən Bakı şəhəri, İ.Hacıyev adına “Tərəqqi” liseyi- Şahbaba Məmmədovdur. Onunla danışmağımız isə mümkün olmadı.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm