Onların ən böyük istəyi kökəlməkdir - FOTOLAR
Bizi izləyin

Qırmızı xətt

Onların ən böyük istəyi kökəlməkdir - FOTOLAR

Bütün günü yorğun oluram, hətta oturduğum yerdən durmaq istəmirəm. Evə çatan kimi yüngül nəsə yeyib yatmaq istəyirəm. Nəticədə daxili orqanlarımda ağrılar artmağa başlayıb. Neçə həkimə müraciət eləmişəm, hamısı deyir “yemək ye keçəcək”. Mən isə gün ərzində dəfələrlə yemək yeyirəm, amma yenə də kökəlmirəm. Boyum 1.60 metr, çəkim isə 36 kilodur. Orta məktəbdə uşaqlar mənə həmişə çöp qız deyərdilər. Geyinmək istədiyim heç bir paltar yaraşmır. Bəziləri mənim kimi arıq olmaq istəyir, amma mən bezmişəm.

Müsahibim Jalə Həsənovanın çox arıq olması onda psixoloji problemə çevrilib. Onun kimi bu problemdən əziyyət çəkənlər az deyil. Onlar nə qədər çox yesələr də kökəlmədiklərini iddia edirlər. Günümüzün əsas problemi köklük olsa da, arıq, çəkisi normadan çox aşağı olanların da sayı az deyil. Köklüyün səbəbləri bəllidir, bəs insanların çəkisi nə üçün normadan aşağı olur?

Publika.Az-ın “Qırmızı xətt” layihəsində arıq insanların kökələ bilməmək problemini araşdıracağıq.

Arıq olmaq niyə yaxşı deyil?

Bəzən görünüşcə, çəkisi az görünən insanlar boylarının nisbəti nəzərə alındıqda normal çəkili hesab oluna bilərlər. Yaxud da əksinə çəkiniz normal görünə bilər, lakin çəki indeksinizi hesablamadan dəqiq fikir demək çətindir. Əvvəlcə çəki indeksimizi necə müəyyən edə biləcəyimizə baxaq. Bunun üçün boyunuzu çəkinizin kvadratına bölməlisiniz. Məsələn, boyunuz 1.75sm, çəki 70kq indeks = 70/ (1.75*1.75)= 70/3.06=22.9

Bu ölçülərə sahibsinizsə, bədən çəkiniz normal hesab edilə bilər. Ümumdünya Səhiyyə Təşkilatının normalarına görə, indeks 18-dən azdırsa, çəki normadan az; 18.5-25 arasıdırsa, normal; 25-30 arasıdırsa, piylənmə ərəfəsi; 30-dan yuxarı həddən artıq piylənmədir.

Bədənin normal çəkisi bədən çəki indeksindən 10-15 kiloqram azdırsa, zəiflik və 15-20 kilonun atında olması, ciddi zəiflikdir. Məsələn, 160sm boyu olan biri üçün ideal kilo 54kq-dır. Həmin insanın 46-48 kilo olması zəiflik, 43-46 kilo olması az zəiflik, 42 kilodan az olması ciddi zəiflik olaraq dəyərləndirilir.

2012-ci ilin statistikasına əsasən, ölkə əhalisinin bədən çəki indeksi 18.5-dən az olanlar əsasən, 15-19 yaş arasında daha çoxdur. Ümumilikdə, yaşı 15-dən yuxarı olan əhalinin 1.1 %-nin çəkisi normadan azdır, bu qadınlar üzrə 1.3, kişilər üçün isə 0.8 % təşkil edir. 15-19 yaş arası əhalinin isə 8.2%-i, müvafiq olaraq qadınların 9.3, kişilərin isə 6.9 %-nin çəkisi normadan azdır. Yaş artdıqca bu faiz azalır.

Dünyada olduğu kimi ölkəmizdə də bu insanların sayı çox deyil. Lakin çəkinin az olmasının yaratdığı problemləri nəzərə alsaq, bu barədə ciddi düşünməliyik.

Bu köklükdən daha qorxuludur

Kök olmaq həddindən artıq arıq olmaqdan daha yaxşıdır. Həddindən artıq arıq olan insanların vaxtından qabaq ölmək riski yüksəkdir. Torontodakı Müqəddəs Mixaila xəstəxanasının həkimləri 51 araşdırmanın nəticələrini tədqiq edəndən sonra belə qənaətə gəliblər.

Onların fikrincə, həddindən artıq arıqlıqdan əziyyət çəkən böyüklərdə vaxtından tez ölmək riski normal çəkisi olanlarla müqayisədə 1,8 dəfə yüksəkdir. Artıq çəkidən əziyyət çəkənlərdə bu risk 1,2, köklərdə isə 1,3 kimi qiymətləndirilir.

Genetik və hormonal pozğunluqdan yaranan zəiflik uşaqların inkişafına mənfi təsir edir, gənc və orta nəsildə isə iş potensialını aşağı salır.

Çəki azlığı insanlarda qəbzlik, titrəmə, əzələnin və ürəyin fəaliyyətinin zəifləməsi, diqqət pozğunluqları kimi problemlərə səbəb olur. Sinir sistemində yaratdığı pozğunluqlar isə uzun müddətli ola bilər. Bu həmçinin tez qocalmaya da səbəb ola bilir. Çünki bədəndə dərinin qırışmasının qarşısını alan C və E vitaminləri azalır, bu da qırışlara səbəb olur. Vitaminlər normal qəbul edilmədiyinə görə, insan tez yorulur. Bağırsaqdan qana keçən vitaminlər azalır və bu da orqanlar üçün yetərli olmur. Daha az enerji sərf etmək üçün insanların hərəkətliliyi azalır. Bu insanlar içki və siqaretdən istifadə etsələr, ürək-damar xəstəliklərinə tutulma riskləri artacaq.

İlk növbədə həmin şəxs yemək istəyinin azalmasının problem olduğunu anlamalı və bunun üçün həkimə müraciət etməlidir.

Amma reallıq göstərir ki, insanlar dietoloqa müracitə etməkdənsə, sadəcə daha çox yeməyə, kökəlmək üçün iynə və dərmanlardan istifadəyə cəhd edirlər. Bu isə daha ciddi xəstəliklər yaradır.

Dietoloq Leyla Zülfüqarovanın sözlərinə görə, statistik rəqəmlərə baxdıqda artıq çəkidən əziyyət çəkənlərin sayı daha çoxdur. Amma çəkinin normadan az olması daha ciddi xəstəlikdir.

“Artıq son illər bu problemlə bağlı müraciət edənlərin sayı artıb. Ötən il ayda bir xəstə müraciət edirdisə, indi bu rəqəm 5-6 olur. Müraciət edən xəstələrimiz arasında illərdir bu xəstəlikdən əziyyət çəkən, hətta xarici ölkələrə də müraciət edənlər olur”.

Dietoloqun sözlərinə görə, bu xəstəlik genetik, qalxanvari vəzdə çatışmazlıq olarkən, mədə - bağırsaq problemləri, qurd xəstəlikləri, metobolizmada metobolizma pozqunluqları və alimentar dəyişikliklərdən yarana bilir:

“Elə insanlar var ki, onlarda anadangəlmə piy və əzələ toxumaları normadan az olur. Bu insanlara baxanda ancaq sümük görünür. Onlar bəzən deyirlər ki, “çox yeyirəm, amma kökəlmirəm”. Buna əsas səbəb lazım olan vitaminləri qəbul etməmələridir”.

İstər artıq, istərsə də çəkisi normadan az olanlar adətən öz-özünə müalicəyə daha çox üstünlük verirlər. Gün ərzində dəfələrlə yeməklə kökələcəklərini düşünürlər. Bəs bu üsulla kökəlmək düzgündürmü?

L.Zülfüqarovanın sözlərinə görə, həkimə müraciət etmədən, öz-özünə müalicə daha ciddi fəsadlar yaradır:

“Kök insanlar özbaşına arıqlamağa çalışsalar, yeni problemlər yaranır. Təcrübə göstərir ki, özbaşına arıqlamaq istəyən hər 10 nəfərdən 6-da fəsad yarana bilir. Az çəkili insanlar isə özləri kökəlməyə çalışsalar, vəziyyət daha ağır olar. Belə insanların hamısında ciddi fəsadlar yaranır. Çünki korlanmış metobolizma bir az da pozulur. Hətta bu çəkinin birdən-birə artmasına səbəb olur. İnsanlar bilməlidirlər ki, ayda 5-6 kiloqram kökəlmə yağ toxumasını artırır. Bizə müraciət edənlər arasında əvvəllər az çəkidən əziyyət çəkmiş olanların sayı yetərincədir”.

Bəs az çəki ən çox hansı yaş qrupunda müşahidə edilir?

Dietoloqun fikrincə bu məsələdə konkret bölgü aparmaq çətindir. Bütün yaş qruplarına hətta 40 yaşlı övladı olan qadınlar, gənc qızlar, kişilər də müraciət edir:

“Onu deyə bilərik ki, bu problem kişilərdə daha çoxdur. Amma onlarda səbəb metobolizmadakı problemdir ki, bu da ağır iş və düzgün qidalanmamadır. Qadınlarda irsi və ciddi xəstəliklər nəticəsində olur”.

Dietoloq müalicə üsullarından da danışdı. Onun sözlərinə görə, çəkini artırmaq azaltmaqdan daha çətindir:

“Çəkini artırmaq qısa zamanda baş vermir. Kök insanlar ayda 10 kiloqram arıqlaya bildikləri halda, arıqlar ancaq bir kilo çəki artıra bilərlər. Bu da əzələ toxumalarında hiss olunmalıdır, ancaq piy toxumalarının artması ciddi problemlər yarada bilər”.

L.Zülfüqarova çəkinin normadan az olmasının bir sıra ciddi xəstəliklərə səbəb olduğunu dedi. Bu ilk növbədə anareksiyaya səbəb ola bilir. Hətta bu ölümlə nəticələnə bilər. Hüceyrələr arasında mübadilə prosesinin normal getməməsi, mədə-bağırsaq, xərçəng xəstəliyinə səbəb ola bilir. Aqressiv olurlar. Bu da onların gündəlik həyatına təsir edir”.

Dietoloq Ləman Süleymanova da son vaxtlar müraciət edənlər arasında piy vəzi normadan az olan xəstələrin sayının artdığını bildirdi. Bu insanların immuniteti zəif olur, nə qədər yesə də arıqlayır, virus infeksiyalarına tez yoluxur, çəki artımı olmur. Bunun səbəbləri isə müxtəlifdir.

"Genetik olaraq bədən çəkisi normadan az olan insanlarda piyləri parçalayan fermetlər çoxdur. Bunun üçün də normal qidalanmaq lazımdır ki, piyləri bərpa edə bilək. Qalxanvari vəzin normadan az fəaliyyəti, şəkərli diabet, ən əsas isə qurd xəstəlikləri çəkinin azalmasına səbəb olur.

Genetik olaraq çəki indeksi az olanlara müəyyən qidalanma proseduru tətbiq edilməlidir. Sadaladığımız digər səbəblərlə bağlıdırsa, əvvəl müalicə edilir, sonra qidalanma proqramı müəyyənləşdirilir.

Son vaxtlar müraciət edən xəstələr arasında əsas problem qurdlarla bağlı olur. müraciət edənlər əsasən gənclər, xüsusən də oğlanlardır".

Dietoloq bildirdi ki, qurdlarla bağlı problemin son vaxtlar aktual olması, bədən çəkisi normadan az olanların da sayını artırır. Bunun üçün isə əvvəl bu problem həll edilməlidir. Son zamanlar aparatla qurdların təmizlənməsi proseduru həyata keçirilir ki, bu da düzgün deyil. O, valideynlərə də bəzi xəbərdarlıq etdi:

"Azyaşlı uşaqlarda çəki itirmənin əsas səbəbi qurdlar olur. Amma bəzən valideynlər uşaqlarının arıq olmasından narahat olaraq müxtəlif iynələr, çox yedizdirməklə kökəltməyə çalışırlar. Sonradan həmin uşaqlar köklükdən əziyyət çəkir.

Dərmanlar, ac qalmaqla çəkini azaltmağa çalışanda anereksiya xəstəliyi yaranır. Bu insanlar gündən-günə arıqlayırlar, səbəb bədəndəki vitamin, mineralların dərmanlar tərəfindən məhv edilməsidir. Onları yenidən həyata qaytarmaq bəzən çox çətin olur, bəzən isə ümumiyyətlə, mümkün olmur".

L.Süleymanovanın sözlərinə görə, bu insanlara istədiyi çəkiyə çatandan sonra qoruyucu proqram verilməlidir:

“Hər bir orqanizmin sirrlərinə uyğun qidalanma proqramı veririk. Həmin proqrama riayət edənlər normal çəkidə qalırlar. Sadəcə hansı qidanın harda, hansı ardıcıllıqla yeyilməli olduğunu bilirlər. Müraciət edən xəstələrdən biri 19 yaşlı qız idi. 1.60 boyu, 34 kilo çəki ilə müraciət etmişdi. Əvvəlcə bədəniqurdlardan təmizlədik, artıq qız 51 kilodur.

İnsanlar bilməlidirlər ki, gündə 4 dəfə qidalanmaq lazımdır. İstər arıqlamaq, istərsə də kökəlmək istəyənlər arzuladıqları çəkiyə çatmaq üçün metobolizmanı sürətləndirməlidirlər. Bunun üçün də gündəlik yağa, minerala, zülala, karbohidrata olan təlabat ödənilməlidir. Hər kəs səhər yeməyini mütləq yeməlidir, yeməklər arasında da meyvə, çərəzlər yeyilməlidir. Ümumiyyətlə, insanların qidalanma ilə bağlı maariflənməyə ehtiyacları var”.

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm