Silah zavodunda pratlayış: Ölən yoxdur, yaralıların sayı 21-ə çatdı - FOTOLAR/VİDEO (YENİLƏNİR)
Bizi izləyin

Hadisə

Silah zavodunda pratlayış: Ölən yoxdur, yaralıların sayı 21-ə çatdı - FOTOLAR/VİDEO (YENİLƏNİR)

Şirvan rayonunda baş vermiş hadisədə ilə əlaqədar səhiyyə naziri Oqtay Şirəliyev Şirvan Mərkəzi Rayon Xəstəxanasına gedib.

Səhiyyə Nazirliyindən Publika.az-a verilən məlumata görə, indiyə kimi Şirvan Mərkəzi Rayon Xəstəxanasına 21 nəfər xəsarət alan şəxs gətirilib. Xəsarət alanlara yüksək səviyyədə zəruri tibbi yardım göstərilir.

***

Hadisə nəticəsində ölən yoxdur, 11 nəfər yüngül formada xəsarət alan var. Xəsarət alanlara tibbi yardım göstərilir və hazırda həkim nəzarətindədirlər.

Bu barədə Publika.az-a Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib. Məlumata görə, fasilələrlə yaranan partlayış səslərinin səbəbi utilizasiya olunması üçün Müdafiə Nazirliyi tərfindən sifariş olunan 1500 ton məmulatdan qalan 146 tonda yaranan qığılcımlardır.

Müdafiə sənayesi naziri Yavər Camalov hadisə baş verdiyi andan etibarən Şirvan şəhərinə yola düşüb. Hazırda hadisə yerindədir.

Hadisənin baş vermə səbəbləri ilə bağlı məlumatlar araşdırmalardan sonra veriləcəkdir.

****

Şirvandakı partlayışda yaralananların sayı 20 nəfərə çatıb.

Bu barədə Publika.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Hadisə nəticəsində ölən yoxdur.

***

FHN-dən Publika.az-a verilən məlumata görə, yanğının söndürülməsinə nazirliyin helikopterləri də cəlb edilib.

Şirvan şəhər sakinlərinin sosial şəbəklərdə paylaşdığı fotolarda şəhər səmasında helikopterlər görüntülənib.

***

Fövqəladə Hallar Nazirliyi zavodda baş vermiş partlayışla bağlı məlumat yayıb.

Publika.az-a daxil olan məlumatda deyilir ki, 26 iyul 2016-cı il tarixində saat 15:30 radələrində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə daxil olmuş məlumata əsasən, Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən “Araz” zavodunda partlayış baş verib.

Dərhal nazirliyin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub, zəruri tədbirlərin görülməsinə başlanılıb. Hazırda aidiyyəti orqanların qüvvələri ilə birlikdə ərazidə müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi, hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində işlər həyata keçirilir.

Fövqəladə Hallar Nazirliyinin rəhbər heyəti və əlaqədar struktur bölmələrinin rəhbərləri hadisə yerindədir. Əlavə məlumat veriləcək.

***

Şirvanda baş vermiş hadisədə xəsarət alanlar səhiyyə naziri Oqtay Şirəliyevin şəxsi nəzarətinə götürülüb.

Bu barədə Publika.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, bu ana qədər Şirvan Mərkəzi Rayon xəstəxanasına 11 yaralı çatdırılıb. Xəsarət alanlara mütəxəssislər tərəfindən zəruri tibbi yardım göstərilir. Hadisə yerində təcili yardım briqadaları işini davam etdirir.

***

Şirvan Şəhər Mərkəzi Xəstəxanasından Publika.az-a bildirilib ki, bu dəqiqəyə olan məlumata görə, xəstəxanaya 10 nəfər yaralı yerləşdirilib. Onlardan biri reanimasiya şöbəsində olsa da, vəziyyəti ağır deyil. O, qəlpə yarası alıb. 4 nəfərə isə ilkin yardım göstərildikdən sonra evə buraxılıb. Qalan xəstələrin vəziyyəti normaldır. Onlara da yardım göstərilir.

***

Müdafiə Sənayesi Nazirliyi zavodda baş verən yanğınla bağlı ilkin məlumat yayıb.

Müdafiə Sənayesi Nazirliyindən bildirilib ki, bu gün saat 15:35 radələrində nazirliyin Şirvan ”Araz” zavodunda yanğın hadisəsi baş verib. Hadisə ilə bağlı nazirlik tərəfindən rəsmi məlumat veriləcək.

Xahiş edirik, hadisə ilə bağlı məlumat yayarkən nazirliyin mətbuat xidməti ilə əlaqə saxlanılsın.

***

Şirvan Şəhər Polis İdarəsindən Publika.az-a hadisə zamanı ölənlərin olduğu bildirilib. Hadisə barədə ətraflı məlumat verilməyib.

***

Şirvan Şəhər Mərkəzi Xəstəxanasından Publika.az-a verilən məlumata görə, hadisə zamanı yaralanan 8 nəfər xəstəxanaya gətirilib. Onlardan biri reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəxanaya gətirilənlərdən bir neçəsi hadisə zamanı güclü stress keçirib, onlara da ilkin yardım göstərilir.

Xəstəxanadan hadisə zamanı ölənlərlə bağlı hələlik məlumat olmadığı bildirilib.

***

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, ölən və yaralananlar barədə hələlik məlumat yoxdur. Hadisə yerinə 5 təcili yardım briqadası göndərilib.

Qeyd edək ki, ötən il iyulun 6-da Şirvanda Müdafiə Sənayesi Nazirliyinin “Telemexanika” zavodunda partlayış baş vermişdi. Hadisə nəticəsində 1 nəfər ölüb, 19 nəfər yaralanıb.

***

Şirvan şəhərində güclü partlayış baş verib.

Trend-in məlumatına görə, Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən "Araz" zavodda partlayış olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm