Çernobılda minlərlə insan qan qusur, ətləri tikə-tikə tökülürdü
Bizi izləyin

Bilgi.az

Çernobılda minlərlə insan qan qusur, ətləri tikə-tikə tökülürdü

30 il əvvəl, 1986-cı il aprel ayının 25-i...

İlk AES qəzası ABŞ-da baş vermişdi, amma onun nəticələri elə də ağır olmamışdı. Tarixdə ilk və ən böyük texnogen atom qəzası isə SSRİ-də baş verdi. Bütün dünyanı sarsıdan bir faciənin qısa tarixçəsini xatırlayaq.

Ukraynanın paytaxtı Kiyev şəhəri yaxınlığında yerləşən Çernobıl Atom Elektrik Stansiyasının 4 nömrəli reaktorunda elektrik cərəyanını dövrədən ayırandan sonra turbinlərin nə qədər dövr edəcəyini və bu yolla onun növbəti iş gününə hansı səviyyədə hazır olacağını müəyyən etmək üçün yoxlama işləri aparılırdı.

Bu, həddən artıq təhlükəli sınaq idi. Baxmayaraq ki, əvvəllər də belə bir sınaq keçirilmişdi və heç bir problem yaranmamışdı.

news-detail

26 aprel saat 01.00. Bir neçə dəqiqədən sonra dünyaya hansı fəlakətin üz verəcəyini ağlına belə gətirməyən texniki personal elektrik cərəyanını kəsir, turbinlərə gedən soyuducu su tədricən azalmağa başlayır.

Saat 01.23. Operator aztəzyiqli reaktoru bağlamaq istəyir. Lakin artıq gec idi. Sınaq zamanı ilk anlardan özünü göstərən və çox zəif hiss edilən nasazlıq zəncirvari prosesə çevrilərək reaktorun sürətinin kəskin şəkildə artmasına gətirib çıxarır. Nəticədə, reaktorun daxilində güclü buxarlanma və ardınca da dəhşətli partlayışlar başlayır.

Güclü partlayışlar reaktoru əhatə edərək, onun xarici aləmlə əlaqəsinə imkan verməyən 1000 tonluq qoruyucu çəmbəri yerlə yeksan edir. Partlayışdan dərhal sonra böyük yanğın başlayır. Gecəni gündüzə çevirən güclü alovları onlarla kilometr məsafədən seyr etmək mümkün idi.

İlk anda nə baş verdiyini heç kim anlaya bilmir. Reaktordakılar buna macal belə tapa bilmirlər. Son gördükləri güclü alov, son eşitdikləri isə partlayış səsi olur…

Bu, atom elektrik stansiyaları tarixində indiyədək rast gəlinməmiş dəhşətli qəza idi. Onunla necə mübarizə aparılacağı heç kimə aydın deyildi. Yanğını söndürmək və şüalanmanın qarşısını almaq məqsədilə dərhal helikopterlər çağırılır.

9 gün onlarla helikopter partlayış baş verən 4-cü blokun üzərinə qum, çınqıl və digər maddələr tökürlər. Qısa müddətdə blokun üzərində 5 min tondan ibarət qum və çınqıl dağı əmələ gəlir. 130-dək Azərbaycan vətəndaşının da qatıldığı "Sarkofaq" əməliyyatı da ciddi nəticə vermir, təhlükəli şüalanma yenə də davam etməkdə idi…

İlk anlardan etibarən heç bir sərhəd tanımayan radioaktiv şüalanma on minlərlə kvadrat kilometr məsafəni öz təsiri altına alır. Böyük bir bölgədə bütün canlı aləmə zərbə dəyir, nəinki insanlar, bitkilər və heyvanlar da güclü şüalanmadan və radioaktiv tozdan dəhşətli zərər çəkir.

news-detail

Ölən və yaralananlarla bağlı müxtəlif rəqəmlər səslənir. Lakin bu rəqəmləri yuvarlaşdıraraq, orta sayı götürərək, saysaq, qəzanın ilk günlərində 10 minə yaxın, sonrakı aylarda daha 15 min insanın öldüyünü, sonrakı illərdə isə bu rəqəmin 100 mini keçdiyini deyə bilərik.

Qəzanın nəticələrini aradan qaldırmaq üçün uzun müddət güclü mübarizə aparıldı, 600 mindən artıq sovet insanı əsl qəhrəmanlıq göstərdi. Onların hamısı – 5 milyon ukraynalıdan əlavə, SSRİ respublikalarında və Avropa ölkələrində yaşayan azı 10 milyon nəfər şüalanmaya məruz qalaraq ağır xəstəliklərə tutuldular.

İlk günlərdə qəzanın səviyyəsini əhalidən gizlətməyə çalışdılar. Sovet rəhbərliyi qısa müddətdə radiasiyanın azalacağına və nəticələrin aradan qaldırılacağına ümid edirdi. Lakin artıq bölgədə yaşayanlar güclü şüalanmanı aşkar hiss etmişdilər və SSRİ-nin hər yerində Çernobılda baş verən faciədən xəbər tutmuşdular. 2 həftəlik mübarizədən sonra Sovet İttifaqının rəhbəri Mixail Qorbaçov Çernobılda dəhşətli atom qəzası baş verdiyini etiraf etdi.

Bu açıqlamadan sonra Çernobıl ətrafında yaşayan əhali kütləvi şəkildə ərazini tərk etdi. Bölgəni tərk edənlərin evləri isə müəyyən qrup adamlar tərəfindən talan edildi. Nəticədə, radioaktiv şüalanmaya məruz qalan məişət əşyaları satışa çıxarıldı və bu, əhali arasında xəstəliyə tutulanların sayının daha da artmasına səbəb oldu.

Bu, elə bir qəza idi ki, uzaqdan idarə olunan maşınlar kömək etmədi. Yüksək radiasiya bütün dünyanın rahatlığını əlindən aldı. Həmin vaxt ən etibarlı robotlar insanlar idi. Qəzadan sonra Çernobıl ətrafında işləyən minlərlə insan sonradan qan qusaraq, ətləri tikə-tikə tökülərək və ağrı-acı içində qıvrılaraq can verdi. Bu insanlar fiziki qanunların qarşısında çarəsiz olduqlarını həyatları bahasına öyrəndilər. Düzdür, onların qoruyucu geyimləri var idi, lakin radiasiya çox olduğu üçün o geyimlərdə işləyə bilmirdilər.

Qəzadan sonra Avropanın yarısını məhv edəcək 3-5 meqaton həcmi olan ikinci partlayışın da qarşısını bu insanlar almışdı.

news-detail

"... Hər şeydən çox sevdiyim insan idi. Onu özüm dünyaya gətirsəm, bəlkə də bu qədər sevməzdim. Həmin insan gözlərimin qarşısında dəhşətli varlığa çevrilərək can verdi. Limfa vəzlərini götürdükləri üçün qan dövranı pozulmuşdu, burnu bir tərəfə əyilmişdi, 3 dəfə böyümüşdü. Gözləri hər iki tərəfə baxmağa başlamışdı, tamam başqa adam baxırdı sanki... Sonra bir gözü tamamilə bağlandı.

Qorxduğum tək şey onun özünü görməsi idi. Sonra məndən əl işarələriylə güzgü istədi. Özümü unutqanlığa vurub mətbəxə qaçırdım. İki gün yola verə bildim. Üçüncü gün dəftərə "Güzgünü gətir" yazıb sonuna üç nida işarəsi qoydu. Heç pıçıldaya da bilmirdi, ona görə dəftər-qələmlə danışırdıq. Axırda ən balaca güzgünü gətirdim. Özünə baxdı, baxan kimi də başını yastığa vurmağa başladı. Onu ovutmağa çalışdım...

Bu adi xərçəng deyildi, bu Çernobıl xərçəngi idi. Həkimlərin dediyinə görə, şiş bədənində metastaz versə, qısa müddətdə ölə bilərdi. Halbuki yavaş-yavaş yuxarıya, əsas da üzünə tərəf qalxmışdı. Getdikcə üzündə qara bir şey yarandı. Çənəsi itdi, dili çölə çıxdı. Damarları çölə çıxdı, qanamağa başladı. Boynundan, yanaqlarından, qulaqlarından, hər yerindən... Soyuq su gətirib onu yaş bezlərə bükürdüm. Amma heç bir faydası olmurdu..."

Valentina Timofeyevna Panaseviç

Çernobıl müdaxilə qrupunun inşaat işçilərindən birinin həyat yoldaşı.

Hadisədən sonra Çernobıl reaktorunun ətrafında yaşayanlar maraqlı hadisələrlə qarşılaşırdı. Toyuqların pipiyi qırmızı yox, qara idi. Süd isə turşumurdu, quruyub ağ toza çevrilirdi. Rəsmilər əvvəlcə evlərin, binaların damlarını yudular. Bütün tarlalar, bağlar, meşələr kollar və torpaq müəyyən dərinlikdə qazılıb xalı kimi bükülüb dərin vadilərə basdırılırdı. Bir həftə sonra gəlib işi yenidən görürdülər. Torpağı torpağa basdırırdılar.

İnsanlar nə baş verdiyini başa düşmürdü. "Nə olub, dünyanın sonudur?" deyirdilər. Heyvanları çölə çıxarıb vururdular. Bunu edənlərdən biri "Atlar, onları vurmaq üçün çölə çıxaranda ağlamağa başlayırdılar" deyirdi. İnsanlar bitkin idi... Şagirdlər dərsin ortasında partaların üstünə yıxılırdı, özlərindən gedirdilər. Hər kəs bədbəxt görünürdü... Analar gündəlik geyindikləri geyimləri niyə hər gün yumaq məcburiyyətində olduqlarını başa düşmürdü. Bağçalarında yetişən ləzzətli tərəvəzləri iki il ərzində niyə yeyə bilməyəcəklərini də başa düşmürdülər.

Anaların südü radioaktiv tərkibli idi. Uşaqlarına yemək yox, ölüm verdiklərinin fərqində belə deyildilər.

Çernobıl fəlakətindən 29 il keçsə də, uşaqlar bunun əzabını hələ də çəkirlər. Hazırki dövrdə də minlərlə uşaq şikəst və ya xəstə doğulur. Və ya sonradan üzərlərində yığılan radiasiyanın qurbanı olurlar. Xəstəxanalarda müalicə alan on minlərlə uşaq hər ötən gün daha bir dostunun radiasiyanın qurbanı olduqlarını öyrənirlər. Onlar üçün bir gün çox yaşamaq böyük xoşbəxtlikdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm