İki qoçun başı bir qazanda - qaynayar, ya yox?
Bizi izləyin

Bilgi.az

İki qoçun başı bir qazanda - qaynayar, ya yox?

Bu gün Azərbaycan dilində kökü mərasim və ayinlərə dayanan bir çox atalar sözləri və zərb-məsəllər var. Onların aşkar edilməsi üçün digər türk xalqlarının, xüsusilə də azsaylı türk soylarının folkloruna, adət-ənənələrinə, dini inanclarına müraciət etmək lazımdır. Məsələn, tıva türk­lərində ovaa kultu çox güclüdür. Ovaalar müxtəlif olur. Belə ovaalardan biri tayfanın, soyun adı ilə bağlıdır. Buna "ovaa daqıır" deyilir. Məsələn: Kuul­larnın ovaazı, Ondarlarnın ovaazı, Oorjaklarnın ovaazı. Bu ayin də xamın iştirakı, yemək, içmək, qurban və sairlə keçirilir.

news-detail

Ovaa

Burada diqqəti çəkən bir adət var: "ovaa dağıır"ın yiyəsinə qurban olaraq mütləq buynuzlu qoç kəsilir, başı ovaada qoyulur. Buynuzlar, inama görə, şər qüvvələri qorxutmaq üçündür. Ancaq heç vaxt bir ovaaya iki qoç başı qoymurlar. Çünki bu qoç başları bir-birilə vuruşar, ovaanın yiyəsini acıqlandıra bilərlər. Onda qurban kəsilən vaxt edilən niyyət də baş tutmaz. Bu səbəbdən də heç vaxt bir ovaaya iki qoçun başını bir yerdə qoymazlar.

Azərbaycan dilində işlədilən "İki qoçun başı bir qazanda qaynamaz" atalar sözü öz kökünü məhz şaman ayinindən alır. Məntiqlə yanaşdıqda bu atalar sözündə "yanlışlığın" olduğunu söyləmək olar, yəni çox asanlıqla iki və ya daha çox qoçun başını böyük bir qazanda yerləşdirərək qaynatmaq olar. Yuxarıda göstərilən şaman ayininə diqqət yetirilərsə, söylənilən fikrin doğ­ru­luğuna bir daha əmin ola bilərik. Bu günə qədər Azərbaycan dilində yaşayan həmin atalar sözü mənasını müəyyən qədər dəyişsə də, tamam itirməmişdir.

Onu da qeyd edim ki, mən Qazaxıstanın güneyində olarkən bir çox yer­lərdə, əsasən də qədim məzarlarda, türbələrdə arxar (vəhşi dağ qoçu) buynuz­larının qoyulduğunun şahidi oldum.

Arxar

Son zamanlar artıq arxarların kökü kəsilmək üzrə olduğundan, məzarlara ya sementdən düzəldilmiş arxar buynuzu qoyur, ya da məzar daş­larının üzərinə buynuz şəkli çəkirlər. Qazaxlar bunun həmin yerləri şər qüvvələrdən qorunması məqsədilə etdildiyini söyləyirlər. Azərbaycanın da bir çox rayonlarında, o cümlədən də Naxçıvan bölgəsində, xüsusilə də kəngə­rlilərin yaşadıqları Şərur rayonu ərazisində buynuzlu qoç başından şər qüvvələrdən qorunmaq məqsədilə istifadə olunur.

news-detail

Ən maraqlı buynuzlar isə Türkmənistanın Nohur kəndindəki məzarlıqdadır. Buradakı qəbirüstü daş və ağacların başında müxtəlif buynuzlu heyvan başları qoyulub.

news-detailnews-detail

Nohur kəndinin məzarlığı

Bu da ölənin ruhunun şər qüvvələr tərəfindən (istər qara qüvvələr, istərsə də cindərlər (qara şamanlar)) oğurlanmamasına xidmət edir. Məlumdur ki, ruhun oğurlanaraq şər işlərə xidmət etdirilmə məsələsi də geniş yayılmışdır. Afrikadakı zombi məsələsi buna sübutdur... İnama görə, buynuz qoyulan yerə şər qüvvələr yaxınlaşmırlar...

"BİR-BİRİLƏRİNİ YEYİRLƏR"

Doğrudanmı, bizdə də qədimdə adam yeyənlər olub?

Adətən, iki barışmaz, daim söz-söhbətə səbəb olan, mübarizə aparan, didişən tərəflər haqqında deyirlər: "onlar səhərdən axşama qədər bir-birilərini yeyirlər". Əlbəttə ki, insanın insan ətini yediyini inkar etmək olmaz, ancaq bu­rada prosesin uzun müddətli olması aydın görünür, yəni "bir-birilərini ye­dilər" və ya "kimsə kimisə yedi" yox, "yeyirlər", yəni tədricən, bir günə, bir həf­tə­yə, bir ilə. Burada didişmədən söhbət getdiyi aydındır. Azərbaycan dilində işlə­di­lən "bir-birini yeyirlər" ifadəsi də məhz ət yemək deyil, çəkişmə, didişmə an­la­­mındadır. Belə olduğu halda həmin ifadənin məhz bu mənada dildə yaşa­ma­sı­nın səbəbini izah etmək üçün şamanların həyat tərzi, bir-birinə münasibətləri və s. dərindən öyrənilməlidir.

news-detailnews-detail

Əsasən maldarlıq, xüsusilə də qoyunçuluqla məşğul olan, oturaq və köçmə maldarlıq formalarından geniş istifadə edən tıva türk­lərinin dağlıq, meşəlik ərazilərdə dağınıq, tayfa halında yaşadıqları vaxtlar bəzən hər tayfanın, bir çox hallarda isə bir neçə tayfanın bir xamı olurdu. Bu xam öz çörəyini müxtəlif ayinlər icra etməklə, xəstə sağaltmaqla, fala baxmaqla, müxtəlif möcüzələr, kəramətlər göstərməklə çıxarırdı. Bəzən xam yaşadığı bölgə ilə kifa­yətlənmir, gəzə-gəzə başqa yerlərə gedib çıxırdı (Azərbaycanın şimal-qərb rayon­larında bu cür kəndbəkənd, elbəel gəzənlərə "gəzəryilər" deyirdilər). Bu vaxt hə­min yerin xamı onu rəqib kimi qarşılayır, çıxıb getməsini tələb edir. Əgər "gə­zəryi" getmək istəmirsə, özünün daha güclü olduğunu iddia edirsə, onda yerli xam onu "duel"ə çağırır. XIX əsr aristokratları duelə çağırış kimi əlcək atardılar. Burada isə xam qarşı tərəfə meydan oxuyaraq deyir: "mən səni yeyəcəyəm". Əgər qar­şı tərəf razıla­şarsa, "mən də səni yeyəcəyəm" deyərək çağırışı qəbul edir. Bun­dan sonra adam­lar yığışıb bu iki xamın döyüşünə şahid olur, kimin daha güclü olduğunu müəy­yən­ləşdirir və kənardan onlara baxıb deyirlər: "onlar (xamlar) bir-biri­lərini yeyirlər".

news-detail

Əslində isə döyüşən xamlar heç də bir-birilərinin ətini ye­mir, bir-birindən müəyyən məsafədə duraraq psixoloji döyüşə başlayır, Göy­də, Yer­də, Yeraltı aləmdə müxtəlif heyvan və quşlar şəklində vuruşurlar. Bu "duel" vaxtı xamlardan biri və ya hər ikisi ölə bilərlər. Nəticə onla­rın gücündən asılıdır.

Göründüyü kimi, Azərbaycanda şamanizm olmayıb deyənlərin əksinə olaraq, zərdüştiliyin, xristianlığın, İslamın silib yox etmək səylərinə bax­ma­yaraq, şamanlığın izləri bu gün də yaşamaqdadır. (admiral.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm