Yapon döyüşçülərini xilas edən Azərbaycan məlhəmi - Milyardları necə itiririk?
Bizi izləyin

Qırmızı.az

Yapon döyüşçülərini xilas edən Azərbaycan məlhəmi - Milyardları necə itiririk?

“Kimdə bu məlhəm varsa, o heç bir yaradan qorxmasın”.

1904-1905-ci illərdə baş verən Rusiya-Yaponiya müharibəsi zamanı yapon döyüşçülərinin çantasında gəzdirdikləri neft saxlanılan qabın üzərində bu sözlər yazılıbmış. Tarixi mənbələrə görə, yapon əsgərlər yaralandıqları zaman həmin neft onların köməyinə çatır, ilkin tibbi yardım rolunu oynayarmış. Söhbət Azərbaycanın məşhur Naftalan neftindən gedir. Naftalan neftinin Yaponiyaya necə gedib çıxdığı dəqiq bilinməsə də, bu “sehrli məhləmin” dəvə karvanları ilə Uzaq Şərq ölkələrinə qədər aparıldığı məlumdur. Görünür, yaponiyalılar da Azərbaycandan gələn Naftalan nefti ilə o zaman tanış olub.

Azərbaycanda turizmin inkişaf etdirilməsinin vacibliyindən danışarkən, Naftalan neftinin tarixi yada düşməyə bilmir. Burada turizmin əsas növlərindən olan müalicəvi turizmin inkişafı üçün Azərbaycanın kifayət qədər potensialının olduğu da vurğulanmalıdır.


news-detail

Admiral.Az Azərbaycanın müalicəvi turizm potensialını və bu sahədəki çatışmazlıqları araşdırıb.

Müalicəvi turizm anlayışı müalicə məqsədilə səfərləri özündə ehtiva edir. Belə səfərlər həm ölkə daxilində, həm də xaricdə ola bilər. Turizmin bu növündə turistlər kurort-sanatoriya müəssisələrində, yaxud müəlicəvi əhəmiyyətə malik məkanlarda dincəlir və müalicə olunurlar.

Dünya təcrübəsində turizmin bu növü geniş yayılıb. Xüsusilə, ABŞ, Almaniya, Macarıstan, Fransa, Polşa, İsrail, Türkiyə, Hindistan, Sinqapur, Filippin, Tayland, Cənubi Koreya, Kuba, Kolumbiya, Cənubi Afrika kimi ölkələrdə müalicəvi turizm inkişaf edib. Hər bir ölkə də xüsusi sahə üzrə ixtisaslaşıb. Misal üçün, Sinqapur qaraciyərin müalicə olunmasında ad çıxarıbsa, Macarıstan və Polşa diş xəstəliklərinin sağalması üçün əlverişli məkanlar hesab olunur.

Müalicəvi turizmdən əldə olunan gəlirlər isə milyardlarla ölçülür. Misal üçün, ABŞ turizmin bu növündən ildə orta hesabla 5 milyard, Hindistan isə təxminən 2 milyardan artıq gəlir götürür. Qonşu Türkiyədə də müalicəvi turizm son illər sürətlə inkişaf edib. Türkiyə hökumətinin rəsmi məlumatlarına görə, hər il 300 mindən çox insan müalicə məqsədilə bu ölkəyə gəlir. Əldə olunan gəlir isə 1 milyard dollardır.

Qlobal tibbi turizm sənayesi gəlirlərinin ümumi həcmi yüz milyardlarla ölçülür. Türkiyə Tibbi Turizm Assosasiyasının sədri Emin Çakmakın bir müddət öncə müalicəvi turizmin gəlirləri ilə bağlı açıqlaması bu kontekstdə diqqət çəkir.


news-detail

O, 5 il öncə 200 milyard dollar olan qlobal tibbi turizm sənayesi gəlirlərinin qarşıdakı illərdə 500 milyard dolları keçəcəyini düşünür.

Bu statistika Azərbaycanın da müalicəvi turizmdə paya sahib olmasının vacibliyi məsələsini ön plana çıxarır. Hansı ki, ölkənin bu sahə üzrə potensialı az deyil və öz spesifikliyi ilə seçilir. Belə ki, hazırda dünya üzrə müalicəvi turizm dedikdə daha çox müasir üsullarla müalicə yada düşür. Halbuki, turistlərin ən çox sevdiyi müalicə növlərindən biri təbii üsullardır. Azərbaycanın təbii müalicəvi turizm imkanları göstərir ki, təkcə hansısa xəstəliyi olan yox, sağlam turistlər də ölkəmizə baş çəkərək, turizmin bu növündə yararlana bilərlər.

Bu baxımdan, Naftalan kurortu turistlərin cəlbedilməsində əsas amillərdən biri ola bilər. Əsrlər öncə dünyanın bir çox güşəsində tanınan bu məlhəmin qaraciyər xəstəliklərinin, oynaqların və oynaqdankənar yumşaq toxumaların müalicəsində müstəsna əhəmiyyəti olması da məlum idi.

Məlumatlara görə, hələ 1887-ci ildə Yeqer soyadlı alman mühəndis bu məlhəmlə tanış olandan sonra Almaniyada onu tanıdaraq, satışının təşkil edib. Həmçinin, müxtəlif Avropa ölkəsində də sataraq, kifayət qədər gəlir əldə edib. Avropalının Azərbaycan məlhəmindən pul qazanmasından uzun illər sonra, SSRİ dövründə - 1935-ci ildə Naftalan kurort zonası kimi fəaliyyətə başlayıb. 1990-cı illərdə Qarabağ müharibəsi zamanı kurortun fəaliyyəti iflasa uğrayıb. Hətta uzun müddət orada qaçqın və məcburi köçkünlər yerləşdirilib. Yalnız son illərdə Naftalan yenidən fəaliyyətini bərpa edib. Hazırda burada müalicə prosesi aparılır və müəyyən qədər xəstənin qəbulu təşkil olunur. Hətta ABŞ və dünyanın bir çox ölkəsindən bura müalicə olunmağa gələnlər var. Lakin dünya təcrübəsi fonunda bu “sehrli məhləm”dən yetərincə gəlir əldə etmədiyimiz də etiraf olunmalı faktdır.

news-detail

Azərbaycanın müalicəvi turizm potensialı bununla yekunlaşmır. Müalicə əhəmiyyətli məkanlardan biri də “İstisu Fatimeyi-Zəhra” sanatoriyasıdır.

Sanatoriya Masallı şəhərindən 13 kilometr aralıda, dəniz səviyyəsindən 1650 metr yüksəklikdə, Dəmbəlov dağının ətəyində, Viləş çayının sahilində yerləşir. Yerin çox dərin qatlarından 60 dərəcədən də yuxarı isti halda məhlul çıxır. Bu məhlul xəstəlikləri dava-dərmansız sağaldır. Aparılan müşahidələrdən belə nəticə əldə edilib ki, burdakı isti su ilə oynaq, mədə-bağırsaq, travmatik ağrıları və artroz kimi fəsadları aradan qaldırmaq mümkündür. Pisarioz, germatit, neyrodermit, göbələk, ekzema, böyrək və sidik yolları, habelə radikulit, prostatit, hipertoniya, qaraciyər və öd, qadın xəstəlikləri müalicə oluna bilər.

news-detail

Naxçıvan isə “Badamlı”, “Sirab” kimi mineralları ilə yanaşı, nadir duz mağarası ilə də məşhurdur.

Astma xəstəliyinin müalicəsi üçün illərdən bəri primitiv üsullarla istifadə edilən mağara hazırda sağlamlıq mərkəzinə çevrilib. Dağın altına doğru 300 metr uzanan və divarları duz qayaları ilə örtülü “Duzdağ Hotel” turistlərin marağına səbəb olacaq yerlərdəndir. Bura şəfa tapmaq üçün üz tutanlar bir həftə ərzində gecələri duz mağarasında keçirdikdən sonra yenidən sağlamlıqlarına qovuşa bilərlər. Tarixi mənbələrdən məlum olur ki, hətta rus çarları belə buraya müalicə üçün gəlirlərmiş.

news-detail

Təbii ki, Azərbaycanda turizmin bu növünün inkişafı üçün heç nə edilmədiyini demək olmaz. Amma nəticə qənaətbəxş hesab olunmur. Problemlər bir neçə istiqamət üzrə hələ də var.


İnfrastrukturun aşağı səviyyədə olması, sovet dövründən qalma kurort zonalarının bir çoxunun bərpa olunmaması, müasir standartlara uyğun xidmətin qurulmaması, gigiyenik normalara əməl edilməməsi kimi problemlər daha qabarıq görünür. Ən böyük problem isə müalicəvi turizm potensialının kifayət qədər təbliğ olunmaması, yaxud təbliğat işinin düzgün qurulmamasıdır. Məhz bu səbəbə görə, bu gün nəinki xarici turistləri cəlb edə bilmirik, hətta yerli turistlər də müalicə məqsədilə qonşu ölkələrə üz tutur. Bu isə artıq yarım trilyon dollar civarında dəyərləndirilən qlobal tibbi turizm sənayesində payımızın çox az olmasına və gözümüzün önündə olan “milyardları” itirməyimizə səbəb olur.

news-detail

Oxumağa davam et
Reklam
Reklam

Gündəm