Əli Əhmədov: “Prezidentin 7 ilə seçilməsi yeni modeldə ən yaxşı variantdır”
Bizi izləyin

Nida.az

Əli Əhmədov: “Prezidentin 7 ilə seçilməsi yeni modeldə ən yaxşı variantdır”

"Azərbaycanda prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə qədər artırılması ilə əlaqədar dəyişikliklərin seçicilər tərəfindən normal qarşılanacağını düşünürəm".

Publika.az xəbər verir ki, bu barədə Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov "Azərbaycan" qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, dünya təcrübəsində seçilmiş prezidentlərin səlahiyyət müddətləri müxtəlifdir: "Ən çox rast gəlinən müddət 5-7 il arasında dəyişir. Prezidentlik səlahiyyətlərinin müddəti bir sıra səbəblə əlaqədardır. Burada ölkənin siyasi sisteminin xüsusiyyətləri, siyasi qüvvələrinin strukturu, siyasi sabitliyin səviyyəsi və ona təsir göstərən amillərin məcmusu, geopolitik vəziyyət və s. cəhətlər nəzərə alınır".

Ə. Əhmədov əlavə edib ki, sözügedən dəyişiklik ölkədə həyata keçirilməkdə olan idarəçilik islahatları kontekstində dəyərləndirilməlidir:

"Nəzərdə tutulan idarəetmə islahatları kompleks xarakter daşıyır və onun daxili məntiqi tam dəyişikliklər dəstinin gerçəkləşdirilməsini şərtləndirir.
Qeyd etmək istədiyim ikinci məqam siyasi sistemin sabitliyi, bütövlükdə sabitlik amili ilə əlaqədardır. Ölkəmiz Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə cəlb edilib və son zamanlar erməni tərəfin təxribatları sabitliyə ciddi təhlükəyə çevrilib. Tez-tez dəyişikliklər, bu dəyişikliklər tam qanuni əsaslarda olsa belə, müəyyən şərtlər daxilində (müharibə şəraitində istənilən təxribat həmin şərtlər rolunu oynaya bilər) sabitliyə real təhlükəyə çevrilmək iqtidarındadır", - deyə o bildirib.

Baş nazirin müavini qeyd edib ki, eyni fikirləri xaricdən gözlənilən təhdidlərlə əlaqədar da söyləmək mümkündür: "Azərbaycana yaxın bölgələrdə qarşıdurmalar, müharibələr, fəlakətlər, terrorizm və bunların nəticəsi olan kütləvi köçlər davamlı xarakter alıb. Vəziyyətin yaxın zamanlarda sabitləşəcəyini söyləmək həddindən artıq optimizm nümunəsi olardı. Müşahidə olunan münaqişələrin və onun nəticələrinin coğrafiyasının genişlənməsidir. Belə vəziyyətdə ölkəni mümkün təhlükəli təhdidlərdən sığortalamaq, sabitliyi qoruyub saxlamaq həyati əhəmiyyət kəsb edir. Tez-tez keçirilən, cəmiyyətdə ehtirasları və siyasi ambisiyaların dərəcəsini həddən ziyadə artıran siyasi kampaniyalar, seçkilər təbii ki, belə siyasi kampaniyalardandır, sabitliyin pozulması təhlükəsini real olaraq artırır. Bununla əlaqədar elə bir optimal modelin seçilməsi ehtiyacı yaranmışdır ki, o, bir tərəfdən haqqında söhbət açdığımız sabitliyə təhlükə yaranmasına imkan verməsin, digər tərəfdən isə demokratik normalar zərər çəkməsin. Prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılması, düşünürəm ki, həmin modelin yaradılması nöqteyi-nəzərindən ən yaxşı variant sayıla bilər".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm