Millət vəkilindən yeni TƏKLİF: “Parlament seçkiləri də 7 ildən bir keçirilsin”
Bizi izləyin

Nida.az

Millət vəkilindən yeni TƏKLİF: “Parlament seçkiləri də 7 ildən bir keçirilsin”

Azərbaycan Sosial Demokrat Partiyasının sədri, millət vəkili Araz Əlizadə sentyabrda Azərbaycanda Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə keçiriləcək referenduma münasibət bildirib.

A.Əlizadə Publika.az-a açıqlamasında deyib ki, referendumun keçirilməsi məqsədəuyğundur: "Bilirsiniz, Konstitusiya donmuş sənəd deyil, mütəmadi olaraq yeniliklər əlavə olunmalı və nə isə dəyişilməlidir. Artıq vaxtı çatıb ki, Azərbaycan Konstitusiyasında müəyyən dəyişiklik edilsin. Bu, günün tələblərinə uyğundur. Ona görə də mən referendumun keçirilməsini müsbət qarşılayıram.

Burada mənim diqqətimi cəlb edən əsas məsələlərdən biri torpaqların zəbt edilərək, becərilməməsi kimi hallara qarşı dəyişikliklə bağlıdır. Bilirsiniz ki, özəlləşmə edilən zaman torpağın dəyəri nəzərə alınmır. Həmin torpaqlar da istifadə edilməmiş qalır. Əgər bu torpaqlar becərilərsə, bu Azərbaycanın iqtisadi müstəqilliyinə müsbət töhfə verər.

Digər məsələ isə prezidentlik müddətinin 5 ildən 7 ilə dəyişdirilməsi ilə bağlıdır. Hesab edirəm ki, Azərbaycanda prezidentlik müddətinin 7 il olması daha məqsədəuyğundur. Çünki indiyədək Azərbaycanda hər beş ildən bir seçkilər keçirilən zaman camaatın başı seçkilərə qarışır. Bu isə əlavə vaxt itkisi və xərclərə səbəb olur. Təsəvvür edin ki, indi Azərbaycanda 1-2 ildən bir seçkilər keçirilir. Yəni, Azərbaycanda bələdiyyə, parlament, prezident seçkiləri arda-arda təşkil edilir. Azərbaycan əhalisi ilboyu seçkilərlə məşğul olur".

Deputat Azərbaycanda Milli Məclisə seçkilərin də yeddi ildən bir keçirilməsini təklif edib: "Məndən olsaydı, Milli Məclisə seçkiləri də eyni vaxtda edərdik. Yəni, prezident və parlament seçkilərində eyni vaxtda keçirilərsə, bu zaman büdcəyə də qənaət etmiş olarıq və əlavə vaxt itkisi də olmaz. Bu, hərtərəfli ölkəyə sərf edər.

Milli Məclisə seçkilərin də 7 ildən bir keçirilməsi yaxşı olardı. Niyə də olmasın? Ümumiyyətlə, nə qədər az seçki olarsa, bir o qədər yaxşı olar. Fikir verin, görün ki, hər seçkilərdə nə qədər kağız sərf olunur".

Milli Şurada təmsil olunan şəxslərin Azərbaycanda keçiriləcək referenduma qarşı müxtəlif çağırışlar etməsi məsələsinə də toxunan A.Əlizadə qeyd edib ki, referendumda son sözü hər hansı müxalif təşkilat deyil, xalq deyəcək: "Mən "Milli Şura" deyilən təşkilatda təmsil olunan şəxsləri 20-30 ildir ki, tanıyıram. Onların həyatları ancaq çağırışdan ibarətdir. İndiyədək onlardan ayrı nə isə görməmişəm. Nə qədər çağırış edirlərsə, etsinlər. Hələ də başa düşmürlər ki, onların vaxtı keçib. Onlar üz üzərlərində qəti çalışmırlar.

Azərbaycanda referendum keçiriləcək və burada səs vermə xalqın olacaq. Əgər xalq ora çıxarılan məsələləri istəyəcəksə, buna Əli Kərimli, Cəmil Həsənli nə deyə bilər? Xalq "olacaq" deyəcəksə, olacaq, "olmayacaq" deyəcək, olmayacaq. Mən baş açmıram ki, bunlar burada təhlükəli nə görürlər".

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm