Medvedev baş gömrükçünü istefaya göndərdi
Bizi izləyin

Dünya

Medvedev baş gömrükçünü istefaya göndərdi

Rusiyanın baş naziri Dmitri Medvedev Federal Gömrük Xidmətinin başçısı Andrey Belyaninovun istefası haqqında sərəncam imzalayıb.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, sənəddə Belyaninovun öz xahişi ilə vəzifədən azad edildiyi deyilir.

Vladimir Bulavin Federal Gömrük Xidmətinin yeni rəhbəri təyin edilib. O, daha əvvəl şimal-qərb federal dairəsində prezidentin səlahiyyətli nümayəndəsi idi.

Xatırladaq ki, iyunun 26-da Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Daxili Təhlükəsizlik İdarəsinin əməkdaşları Federal Gömrük Xidmətinin mərkəzi aparatında axtarış keçirib. İstintaq hərəkətləri Sankt-Peterburqdan olan sahibkar Dmitri Mixalçenkoya qarşı alkoqollu içkilərin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsi ilə bağlı başlanan cinayət işi çərçivəsində aparılıb. Axtarışlar həmçinin Andrey Belyaninovun və onun müşaviri Sergey Lobanovun evlərində aparılıb.


Axtarış qeyd olunan şəxslərin xidməti otaqlarında və evlərində aparılıb. Mənbənin “Gazeta.ru”ya bildirdiyinə görə, istintaq bu şəxslərin qaçaqmalçılıqla əlaqəli qanunsuz fəaliyyəti barədə faktlara malikdir. Məlumata görə, Rusiya gömrük rəhbəri Andrey Belyaninovun iş otağında barəsində cinayət işi başlanmış “Forum” holdinqinin rəhbəri Dmitri Mixalçenkonun vizit kartları aşkarlanıb.

Qeyd edək ki, axtarış zamanı Andrey Belyaninovun evində ayaqqabı qutularında saxlanılan böyük məbləğdə pul vəsaitləri – 10 milyon rubl, 400 min dollar və 300 min avro aşkarlanıb. Bundan başqa, tədqiqatçılar onun Moskvadakı üç mənzilində axtarışlar aparıblar.

Hazırda qeyd olunan pul vəsaitlərinin, həmçinin, qiymətli qələm kolleksiyalarının və nadir sənət əsərlərinin hansı yolla əldə olunması araşdırılır. Belyaninov müstəntiqlərə izah etdi ki, onun evində tapılmış pul “ailə yığımları”dır.

Dünən “Slon.ru” saytı Belyaninovun həbsini istisna etməyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm